Bulvarda açıq karate seminarı təşkil olundu

15 Sentyabr 2019 15:32 (UTC+04:00)

14 sentyabrda Dənizkənarı Milli Parkda uşaq, yeniyetmə və gənclər üçün açıq karate seminarı təşkil olunub.

27-29 sentyabr tarixlərində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş, 6-13 yaşlı uşaqlar arasında "Olimpiya ümidləri" beynəlxalq turnirinin ilk hissəsi kimi yarış iştirakçıları üçün təşkil edilən seminara respublikanın müxtəlif bölgələrindən klubların tərkibində minədək idmançı qatılıb.

Seminarda federasiya rəsmiləri və milli komandanın məşqçilər heyəti, eləcə də kapitan Rafael Ağayev başda olmaqla, komanda üzvləri çıxış ediblər.

Tədbirə dəvət olunan dağ yəhudiləri dini icmasının rəhbəri Melix Yevdayev Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunan belə tədbirlərin təşkilinə görə minnətdarlığını ifadə edib.

O, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan tolerantlıq siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyada tolerantlıq məkanı kimi tanındığını ifadə edib: “Biz Azərbaycan xalqı ilə uzun əsrlərdən bəri bir yerdə yaşamışıq, daim onların şad günlərinə sevinmişik, dar günlərində bir yerdə olmuşuq”.

Tədbirin təşkilatçılarından olan Veteran Tankçılar Birliyinin sədri Hacı Əzimov A.Aqarunov ilə bağlı xatirələrini bölüşüb, turnirin və seminarın təşkilinə görə minnətdarlığını bildirib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov isə olimpiya karatesinin daha da populyarlaşması və təbliği istiqmətində tədbir planlarına aid edilən belə seminar və turnirlərin gənc karateçilərin yetişməsində əhəmiyyətini xüsusi vurğulayıb. Federasiya prezidenti sentyabrın 27-29-da keçiriləcək karate turnirinə yüksək səviyyədə hazırlaşdıqlarını söyləyib.

Veteran Tankçılar Birliyinin bir sıra üzvləri və digər qonaqlar, seminarı izləyib, xatirə şəkli çəkdiriblər. (Report)

AzNews.az