Manatın dollara məzənnəsi dəyişməyəcək - Ekspertdən şad xəbər

16 Sentyabr 2019 09:32 (UTC+04:00)

“Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsi layihəsininin xülasəsini ictimaiyyətə təqdim edib. Sənədə əsasən, dövlət büdcəsində neftin 1 barelinin qiyməti 55 dollar nəzərdə tutulub”.

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2019-cu il illə müqayisədə hər bareldə 5 dollar az olsa belə neft bazarındakı volatilliyi nəzərə alsaq, qiymətin daha aşağı götürülməsi məqsədə uyğun idi:

“İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) neftin büdcədəki qiymətini 50 dollar təklif edirdi. Hətta Səudiyyə Ərəbistandakı neft quyularına hucumdan sonra bu gün neftin qiymətində müşahidə edilən 20 faizlik artım da bazarda nikbinlik yaratmır. Aydındır ki, belə qiymət artımları texniki səbəblər ilə bağlıdır və bazardakı kəskin volatilliyi azaltmır.

Neftin qiymətinin aşağı götürülməsinə baxmayaraq gələn il dövlət büdəcinin gəlir və xərclərində bu il ilə müqayisədə artım proqnozlaşdırılır. Gələn il büdcə xərcləri 25.6 milyard manat olacaq. Bu isə 2019-ci il ilə müqayisədə 427 milyon manat çoxdur. Büdcə xərclərinin yüksəlməsinin əsas səbəbi sosial istiqamətə ayrılacaq vəsaitin artırılması ilə bağlıdır. Bununla belə, bu artımın maliyyələşmə mənbəyi yenə də əsasən neft sektoru olacaq”.

Vüqar Bayramov qeyd edib ki, gələn il büdcə gəlirləri 25 milyard 484 milyon manat proqnozlaşdırılır:

“Büdcə gəlirlərinin 57 faizi neft sektorunun payına düşəcək. Dövlət Neft Fondundan 11 milyard 767 milyon manat vəsait dövlət büdcəsinə transfer ediləcək. Neft Fondundan bu il büdcəyə11 milyard 364 milyon manat ödənilməlidir. Əslində, Maliyyə Nazirliyi fonddan transferləri artırılmasına deyil, azaldılmasına çalışmalı idi. Çünki büdcənin neftdən və xüsusən də neftin dünya bazarından asıllığının aradan qaldırılması əsas prioritet olaraq qalır. Doğrudur, gələn il qeyri-neft sektorunun budcə gəlirlərində payı 2019-cu ilə nisbətən 11.3 faiz artacaq. Bu müsbət tendensiya olsa belə, hökumət büdcə gəlirlərinin ən azı yarıdan çoxunun qeyri-neft sektoru hesabına formalaşmasına çalışmalıdır.

Bununla yanaşı, 2020-ci ilin dövlət büdcəsinin pozitiv tərəfi sosial istiqamətlərə ayrılan birbaşa vəsaitin həcminin ümumi büdcə xərclərində son illər ilk dəfə olaraq 40 faizdən çox olmasıdır. Bu illə müqayisədə gələn il sosial xərclərə 2 milyard 664 milyon manat daha çox vəsait ayırlacaq. 6 milyard 723 milyon manat əməyin ödənilməsi, 3 milyard 213 milyon manat isə pensiya və təqaüdlər üçün xərclənəcək. Dövlət borclarının qaytarılması üçün 2 milyard 458 milyon manat vəsait ayrılacaq ki, bunun da 775 milyon manatını yalnız faiz ödənişləri təşkil edəcək. Əslində, bu rəqəm xarici borclanmanın minimumlaşdırmağın vacibliyini bir daha təsdiq edir”.

Vüqar Bayramov bildirib ki, Maliyyə Nazirliyi gələn il manatın dollara məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırır: “Bununla belə, manatın kursunun 2020-ci ildə necə dəyişməsi daha çox neftin dünya bazar qiymətindən və qeyri-neft xarici ticarət tərəfdaşlarımızda və xüsusən də Rusiyada milli valyutaların məzənnəsindən birbaşa asılı olacaq”.

Bahar RÜSTƏMLİ

AzNews.az