Rusiyanın Su-35 qırıcısı İstanbul səmasında uçdu - 15 dəqiqə həyəcanlı anlar

16 Sentyabr 2019 15:04 (UTC+04:00)

Rusiyanın Su-35 qırıcı və Be-200 təyyarələri Türkiyə səmasında uçublar.

Sabah nəşrinin saytına istinadla xəbər verilir ki, aviasiya texnologiyasının son nailiyyətləri olan təyyarələrin pilotları İstanbulun üzərində yüksək pilotaj nümayiş etdiriblər.

Rusiya təyyarələri və pilotları Türkiyədə keçirilən “Teknofest” festivalında iştirak edirlər. Burada rusların hərbi və mülki aviasiya nümunələri də təqdim olunub. Qəzetin məlumatında bildirilib ki, Su-35 qırıcı təyyarəsinin uçuşu 15 dəqiqə davam edib və bu müddət ərzində rus pilot mürəkkəb pilotaj fiqurlarını yerinə yetirib. Be-200 amfibiya təyyarəsi isə meşədə yanğının söndürülməsi manevrlərini nümayiş etdirib.

Qeyd olunub ki, hazırda Türkiyə hökuməti Su-35 və Su-57 qırıcı təyyarələrini satın almaq üçün Rusiya ilə danışıqlar aparır.

Be-200 amfibiya təyyarəsi üçün isə artıq İndoneziya, Çin, ABŞ və Çilidən sifarişlər daxil olub.

AzNews.az