Səudiyyə Ərəbistanı neft obyektlərinə yeni hücumla hədələndi

16 Sentyabr 2019 15:56 (UTC+04:00)

Səudiyyə Ərəbistanında neft obyektlərinə dronlarla hücumlara görə məsuliyyəti üzərinə götürən Yəmənin "Ənsarullah" hərəkatından olan üsyançı husilər yeni hücumlar edəcəklərini bildiriblər.

AzNews.az-ın məlumatına əsasən, qeyd edilən bəyanat “Al Masirah” telekanalının saytında yerləşdirilib.

“Biz məqsəd olan (hücumumuzun) obyektlərdəki şirkətləri və əcnəbiləri xəbərdar edirik (təhlükə ilə bağlı), çünki istənilən zaman onlara yeni zərbə endirə bilərik”, -deyə "Ənsarullah"ın nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Ər-Riyad Yəməndə hərbi əməliyyatları dayandırmalıdır.

Qeyd edək ki, sentyabrın 13-dən 14-nə keçən gecə pilotsuz uçan aparatların Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna hücumu nəticəsində güclü yanğın baş vermişdi. Yəmənin üsyançı husiləri bildiriblər ki, zavodlara onların döyüşçüləri tərəfindən 10 dronla hücum edilib. ABŞ-ın dövlət katibi Mayk Pompeo hücumlarda İranı təqsirləndirir.

AzNews.az