İqtidarı monolit və güclü görmək istəməyənlərin canına vəlvələ düşür - Taleh Şahsuvarlı

16 Sentyabr 2019 16:35 (UTC+04:00)

Aslan İsmayılov kod adlı şəxs öz provakasiyalarını növbəti dəfə hakimiyyətə yönləndirmək, necə deyərlər, suyu bulandırmaq və bulanıq suda balıq tutmaq istəyir. Bu barədə rəyimi bölüşməzdən öncə bir məqama toxunum.

Bu sözləri özünün Facebook statusunda AzNews.az-ın Baş redaktoru Taleh Şahsuvarlı yazıb.

O, əsl adı Allahverdi olanı aylardır debata çağırdığını xatırladıb:

"Hər dəfə tutuquşu kimi eyni sözü təkrarlayaraq aradan çıxır. Bir-iki gün öncə tənqidçi jurnalistlərdən biri onu müsahibəyə dəvət etmiş, bu barədə status yazmışdı. Həmin statusdan sonra həmkarımızın səhifəsində Aslan İsmayılovu bütün etik qaydaları gözləməklə və gözləyəcəyimə də söz verməklə canlı polemikaya dəvət etdim. Yenə qaçdı! Adını işarələyərək bildirdim ki, qorxmağına, müxtəlif bəhanələrlə xəlvət dərəyə çəkilib şər, böhtan, təhqir yağdırmana gərək yoxdur, çıx qabağa, əgər sənin qarşına qoyacağım faktlardan birini təkzib edə bilsən, cəmiyyəyin gözü qarşısında üzr istəyəcəm. Amma adam nə öz bioqrafiysına arxayındır, nə də öz əməllərinə. Əgər, özünə, əməllərinə bələd olmasaydı, nə qədər çirkablı bir ömür yolu keçdiyini bizlərdən də yaxşı bilməsəydi, əmin edirəm sizi, bu sayaq qıvrılmaz, debata çıxar, millətin gözü önündə mənim arqumentlərimi darmadağın edib kükrəyərdi ki, baxın, hakimiyyəti cani dildən müdafiə edən jurnalistin səviyyəsi budur.

Ancaq bu julik necə təkzib edəcək ki, Azərbaycan torpaqlarının işğal edildiyi, ölkədə hakimiyyət böhranının yarandığı, Surət Hüseynovun, Əlikram Hümbətovun yenicə yaranmış dövlətimizə xəncər siyirdiyi bir dönəmdə parlament tribunasından mərhum Heydər Əliyevə, xalqa, millət vəkillərinə ağ yalan danışıb?!. Şərəfi varsa, əxlaqı varsa, mənliyi varsa, özünə bir balaca sayğısı varsa, çıxsın desin, yalan danışmamışam və öz bioqrafik məlumatlarına aydınlıq gətirsin. Bəli, bu adam uşaqlığında başına dəyən ögey ata qapazının qisasını bütün cəmiyyətdən, bütün xalqdan, bütün dövlətdən almaq istəyir, üstəlik, vaxtilə cəlb olunduğu sovet KQB-dən aldığı tapşırıqla, Azərbaycan hakimiyyətinə qarşı narazılıq toxumları səpmək, Ermənistan kəşfiyyatının trollarının yaydığı qəzəbi körükləmək istəyir.

İndi də yazıb ki, müxalifəti dəstəkləyir, bununla belə, müxalifəti Qarabağ münaqişəsi ilə bağlı hakimiyyətin ətrafında səfərbər olmağa ona görə çağırmır ki, bəs, iqtidarın daxilində şiddətli toqquşmalar var. Üstəlik, iddia edir ki, hakimiyyətin birinci vitse-prezident Mehriban xanım Əliyevaya ötürülməsi prosesi gedir və guya hakimiyyətin içində bu layihəyə qarşı çıxanlar var".

Baş redaktor bildirir ki, əvvəla, nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan müxalifəti o qədər ağılsız, aciz və təpərsiz insanlardan ibarət deyil ki, Qarabağ məsələsində milli həmrəyliyi formalaşdırmaq üçün Allahverdinin çağırışına ehtiyac duysunlar:

"Mənim hakimiyyətə münasibətin bəllidir, birmənalı olaraq prezident İlham Əliyevi dəstəkləyirəm bir vətəndaş olaraq. Odur ki, bu məsələyə müxalifətin rakursundan baxmağa çalışacam obyektiv şəkildə. Azərbaycan müxalifətinin bütün kəsimlərinin aparıcı simaları Qarabağ münaqişəsi başlayanda təhsillərini, karyeralarını, həyatlarını riskə atıb meydanlara çıxmışdılar. Gözünüzün önündə kimi istəyirsinizsə, canlandırın, görəcəksiniz ki, siyasətin üst qatlarına min bir təhlükə dəf edərək yüksəlib. Bəli, Azərbaycan müxalifətinin öndə olan isimləri şəxsi həyatları ilə bağlı heç bir gələcək qayğısı çəkmədən meydanlara çıxanda, Aslan İsmayılov Azərbaycana imperiya nökəri kimi qayıtmışdı, Sumqayıt hadisələrində imperiya prokuroru kimi soydaşlarımıza ölüm hökmü də daxil ən ağır cəzalar tələb edirdi. İndi belə bir şərəfsiz ittihamnaməyə qol qoymuş birinin Pənah Hüseynə, Etibar Məmmədova, İsa Qəmbərə, Arif Hacılıya, Əli Kərimliyə, İlqar Məmmədova, Qüdrət Həsənquliyevə, Mirmahmud Mirəlioğluna, Fazil Mustafaya, İqbal Ağazadəyə, Sərdar Cəlaloğluna, Fərəc Quliyevə vətənpərvərlik dərsi keçməsi, ağıl öyrətməsi, yol göstərməsi, moizə oxuması ayıb da deyil, rəzalətdir, onun psixikasındakı manikal pozuntuların göstəricisidir.

Digər tərəfdən, bu günlərdə iqtidar pariyası olan YAP-ın iştirakı ilə bir Dəyirmi Masa keçirildi və yekun sənəddə ölkədəki siyasi partiyaların əksəriyyəti Qarabağ məsələsində vahid mövqedən çıxış edəcəklərini bəyan etdilər. Kim mane oldu bu sənədin imzalanmasına? Kim Allahverdinin məsləhət və tövsiyyələri əsasında getmiş, yaxud getməmişdi o tədbirə? Xəstədir bu, xəstə! Bildiyiniz, şizofrenik!

Nəhayət, hakimiyyətin içi barədə.

Əvvəla, bir neçə il öncə Azərbaycanda referendum keçirildi, ümümxalq səsverməsui ilə ölkəmizdə vitse- prezident institutu təsis edildi. Daha sonra Mehriban xanım Əliyeva dövlət başçısı tərəfindən birinci vitse-prezident təyin olundu. Bu təyinata qədər Mehriban xanım ölkənin ictimai-siyasi həyatında bir çox önəmli təşəbbüslərlə çıxış etmiş, bir siyasi xadim olaraq özünü təsdiq etmiş, böyük uğurlara imza atmışdı. Prezidentin Mehriban xanımın timsalında xalq tərəfindən rəğbətlə qarşılanan müasir dünyagörüşə malik, vətənpərvər və milli maraqlarımızın müdaifəsində prinsipial mövqe sərgiləyən bir şəxsiyyəti birinci vitse- prezident postuna təyin etməsindən təbii nə ola bilərdi ki? Azərbaycanda birinci vitse-prezident institutu oturuşduqca, Azərbaycan hakimiyyətinin istisnasız olaraq bütün üzvləri bu institutun möhkəmlənməsi və effektiv fəaliyyət göstərməsi üçün çalışdıqca, ilk növbədə Mehriban xanım özü birinci vitse-prezident postunun prestijini öz şəxsiyyəti və hər kəs tərəfindən təqdir olunan fəaliyyəti ilə yüksəltdikcə, iqtidarı monolit və güclü görmək istəməyənlərin canına vəlvələ düşür. Arzuları reallıq kimi qələmə verməsin heç kəs, Azərbaycan hakimiyyətinin içində təzə, köhnə, mühafizəkar, islahatçı söhbəti, bölgüsü yoxdur. Prezident İlham Əliyevin etimad göstərdiyi insanlar var və həmin insanların hər biri dövlət başçısının yürütdüyü siyasətin icraçılarıdırlar. Heç kimin preziidentin müəyyən etdiyi xəttdən bircə qarış da olsa kənara çıxması mümkün deyil, buna cürət edənlərin də aqibətini xatırlatmağa ehtiyac yoxdur. Azərbaycan prezidenti komandasına da, ölkəsinə də, bölgəmizdəki siyasi proseslərə də tam nəzarət edir, vətəndaşlarımızın sosial-iqtisadi rifahını gücləndirmək, Qarabağ münaqişəsini çözmək, dövlətimizin geopolitik rolunu artırmaq üçün qətiyyətli addımlar atır".

AzNews.az-ın Baş redaktoru sonda qeyd edir: "Əmin ola bilərsiniz ki, İlham Əliyev haçansa daha dövlət başçısı olmaq istəməsə, hakim partiyanın yeni namizəd müəyyənləşdirməsini zəruri saysa, xalq arasında böyük nüfuza malik şəxs kimi həmin namizəd məhz Mehriban xanım Əliyeva olacaq və onu İlham Əliyev başda olmaqla hakimiyyətin bütün üzvləri və tərəfdarları yekdil şəkildə dəstəkləyəcək".