Xərçəngə qalib gələn xanım üzgüçü tarixə düşdü - FOTO

17 Sentyabr 2019 20:22 (UTC+04:00)

Amerikalı üzgüçü, 37 yaşlı Sara Tomas La-Manş boğazını dörd dəfə fasiləsiz olaraq üzüb keçən ilk insan kimi tarixə düşüb.

BBC xəbər verir ki, sentyabrın 15-də səhər saatlarında Fransadan üzməyə başlayan idmançı dayanmadan 54 saat üzərək İngiltərənin Dover limanına çatıb. O, sol ayağında qıcolma hiss etsə də məsafəni uğurla başa çatdırıb.

Sahilə çıxan üzgüçü BBC-yə açıqlamasında deyib: “Çox yoruldum. Bunu bacardığıma inana bilmirəm”.

Sara Tomas bu qələbəsini xərçəng xəstəliyindən əziyyət çəkən və ona qalib gələn insanlara həsr etdiyini deyib.

Amerikalı marafon üzgüçüsünə 2017-ci ildə xərçəng diaqnozu qoyulub. O, bir il davam edən müalicədən sonra bu xəstəliyə qalib gəlib. Sara Tomas bundan əvvəl 2007-ci, 2012-ci və 2016-cı illərdə La-Manş boğazını üzərək keçib.

Fransa ilə Böyük Britaniyanı ayıran La-Manş boğazı Şimal dənizini Atlantik okeanı ilə birləşdirir. Uzunluğu 558 kilometr olan boğazın eni 33,3 kilometrdən 240 kilometrədək dəyişir.(AZƏRTAC)

AzNews.az