BDU tələbələrinə şad xəbər

15 May 2013 11:56 (UTC+04:00)
Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov IV kurs tələbələri ilə görüşüb.

APA-nın xəbərinə görə, tələbələrlə görüşdə universitet rektoru, prorektorlar, dekanlar və tələbələr iştirak edib.

İlk görüşdə universitetin təbiət elmləri üzrə 4 fakültənin - kimya, fizika, biologiya, tətbiqi riyaziyyat və kibernetika fakültələrinin 400-ə yaxın tələbəsinin işinə baxılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Görüşdə A.Məhərrəmov deyib ki, IV kurs proqramı çətin olduğundan, hər zaman tələbələrə kömək etməyə çalışılır: "IV kurs tələbələri üçün diplom işinin müdafiəsi, semestr imtahanları və buraxılış imtahanları olduğundan, bütün tələbələrə imtahan zamanı yüksək səviyyədə köməkliklər ediləcək. Qeyd edim ki, tələblərin istəkləri nəzərə alınaraq dövlət imtahanının qiymətləndirilməsi ilə bağlı bəzi dəyişikliklər edilib. Belə ki, əvvəllər dövlət imtahanı zamanı tələbələrə təqdim olunan 5 fənnin hər birindən ən azı 3 ballıq limit qoyulurdu. Artıq bu limit aradan qaldırılıb. Belə ki, tələbələrin ümumilikdə dövlət imtahanında ən azı 25 bal toplaması kifayət edir. İstənilən halda tələbələrə bu il dövlət tərəfindən lazımi dəstək veriləcək".

Rektor qeyd edib ki, bugünkü tələbələr ölkənin gələcəyidir. Onun fikrincə, tələbələr dünyagörmüş, mütəxəssis kimi universitetdən ayrılmalıdır ki, sabah cəmiyyətdə özlərinə layiqli yer tuta bilsinlər: "Universitetdə yekun attestasiya zamanı həm dövlət imtahanı, həm də buraxılış işinin yazılması Elmi Şurasının qərarıdır. Başqa yolumuz yoxdur. Dövlət imtahanı tələbələrin semestr boyu ixtisas fənləri üzrə ümumu nəticəsini qiymətləndirir. Son günlər bəzi mətbuatlarda yayılan tələbələrin dövlət imtahanları ilə bağlı narazılığı da bir-iki nəfərin işi idi. Onlar da öz səhvlərini başa düşərək üzrxahlıq ediblər. Diplom işi və buraxılış işi hər bir tələbə üçün xüsusi əhəmiyyətlidir. Hər zaman bilin ki, Bakı Dövlət Universitetinin diplomu, məzunları hər zaman bir çox parametrlərə görə digər universitetlərdən fərqlənir. Ona görə də universitetdə görülən hər bir iş tələbələrin xeyrinə və onların gələcəyi üçün hesablanıb".

Görüşün davamında tələbələrin narazılıqları, problemləri dinlənilib. Rektor Abel Məhərrəmovun bir çox tələbələrin işlərini nəzərə alması və onlara köməklik göstərməsi tələbələr tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, BDU rəhbərliyinin IV kurs tələbləri ilə görüşü 2 gün davam edəcək. Sabah isə humanitar sahənin IV kurs tələbləri ilə görüşlər keçiriləcək.

AzNews.az