"Bu sevinci mənə yaşadan Prezident İlham Əliyevə minnətdaram"

18 Sentyabr 2019 12:43 (UTC+04:00)

“Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, bəstəkar Sərdar Fərəcov Prezident İlham Əliyevin Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında imzaladığı sərəncamdan danışarkən deyib.

Sərdar Fərəcov qeyd edib ki, sevincinin həddi-hüdudu yoxdur:

“Mənim üçün çox böyük fərəhdir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü və “Musiqi günü” bayramı ərəfəsində cənab İlham Əliyev məni və bir neçə həmkarımı fəxri adla təltif edib. Prezident məni Xalq artisti fəxri adına layiq gördü. Bu, mənim üçün çox böyük sevincdir. Cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Mehriban xanım Əliyeva Azərbaycan musiqisinə böyük diqqət ayırır. Çox sevincliyəm. Bu sevinci mənə yaşadan cənab Prezidentə bir daha minnətdaram”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Onların arasında Üzeyir Hacıbəyli adına Ev Muzeyinin direktoru Sərdar Fərəcov da var. Prezidentin sərəncamı ilə Sərdar Fərəcov “Xalq artisti” fəxri adına layiq görülüb.

Bahar RÜSTƏMLİ

AzNews.az