Lider TV hücuma hazırlaşır - EKSKLÜZİV

15 May 2013 13:22 (UTC+04:00)



Hakimiyyətin müxalifətə qarşı ən güclü "silah"larından olan Lider TV seçki qabağı yeni tənqidçi simalardan istifadə edəcək. Belə ki, kanal prezident seçkilərinə 6 ay qalmış efir siyasətində dəyişikliklər edərək, yeni verilişlər açıb və əməkdaşlığa cəlb etdiyi tənqidçilərə efir verməyə hazırlaşır.

Daha əvvəl də mətbuatda yayılan məlumatlara görə, Lider TV-nin yeni tənqidçi simalarından biri Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev olacaq. Partiya sədrinin bu kanalda yeni proqrama başlayacağı barədə məlumat hələ ötən aydan yayılmışdı.

AZNEWS.AZ-a daxil olan məlumatda isə E.Musayevin aparıcısı olacağı verilişin detalları barədə danışılır. Lider TV-dəki mənbəmizin verdiyi bilgiyə görə, E.Musayevin verilişi bu həftənin 5-cİ günündən yayımlanmağa başlayacaq.

Məlumata görə, hələlik həftədə bir dəfə nəzərdə tutulan veriliş hər həftənin 5-ci günü "Səda" proqramından sonra efirə çıxacaq. Proqramın müddəti 5-7 dəqiqə aralığında müəyyənləşdirilib. E.Musayevin verilişdə gündəmin siyasi məsələlərinə şərh verəcəyi nəzərdə tutulub.

Məlumata görə, veriliş bu ayın axırına kimi həftədə bir dəfə efirdə olacaq. Gələn aydan etibarən isə verilişin həftədə 2 dəfə yayımlanacağı bildirilir. Mənbə bildirir ki, seçkiyə bir ay qalmış, yəni təbliğat müddəti başladıqdan sonra isə E.Musayev hər gün efirdə olacaq. Təbliğat dövründə verilişin efir müddətinin də artırılacağı nəzərdə tutulub. Mənbənin sözlərinə görə, verilişin efir müddətinin artırılması E.Musayevin televiziyaçı kimi fəaliyyətindən asılıdır.

Qeyd edək ki, E.Musayev son parlament seçkilərində deputatlığa namizəd olmuşdu. Hazırda Milli Məclisin hüquq komissiyasında baş məsləhətçi işləyir. O, hakimiyyətyönlü gənclər arasında ən mahir söz qabiliyyəti olanlardan biridir. Dövri mətbuatda mütəmadi olaraq köşə yazıları ilə çıxış edir.

Anar
AzNews.az