“Washington Examiner”: “Əsrin müqaviləsi” böyük əhəmiyyətə malikdir

20 Sentyabr 2019 17:03 (UTC+04:00)

“Əsrin müqaviləsi” təkcə iqtisadi nailiyyət olmayıb, o həm də böyük bir regionda siyasi mənzərəni dəyişib.

Bu,“Washington Examiner”də siyasi icmalçı Covanni Visente Romero tərəfindən qələmə alınan məqalədə qeyd edilib.

Müəllif Azərbaycanla 7 ölkənin 11 iri neft şirkəti ilə imzalanaraq Cənubi Qafqaz regionundakı vəziyyəti əhəmiyyətli dərəcədə dəyişən zəngin ehtiyatlara malik bu mühüm beynəlxalq sazişin 20 sentyabr tarixində 25 illiyinin tamam olduğunu xatırladıb.

“Zəngin təbii sərvətləri ilə Xəzər dənizi regionu hələ XX əsrin əvvəllərində də Vaşinqtonun marağını cəlb edirdi”, – deyə qeyd edən müəllif Azərbaycanı içində Xəzər dənizi və Mərkəzi Asiyanın sərvətləri olan butulkanın qapağı deyə səciyyələndirən ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Zbiqnev Bjezinskinin ifadəsini misal çəkir.

“Rusiya ilə İran arasında yerləşən Azərbaycan Sovet neft hasilatının mərkəzi olub. İkinci Dünya müharibəsinin döyüş meydanlarında məhz Azərbaycan nefti Sovet tanklarını hərəkətə gətirərək nasistlərin SSRİ ərazisində daha da irəliləmələrinin qarşısını alıb. O vaxtlar Sovet neftinin 75 faizədək hissəsi Azərbaycanın payına düşdüyündən nasistlərin Bakını ələ keçirməsi Sovet dövlətinin mövcudluğuna təhlükə yaradırdı”, – deyə qeyd edən müəllif müharibədən sonra Azərbaycanda bir çox neft-qaz yataqları kəşf edilsə də, “Azərbaycanın neft sərvətlərinin cəvahiri 1980-cı illərinin ortalarında kəşf edilmiş, sonradan “Əsrin müqaviləsi” üçün bünövrə olan “Azəri–Çıraq–Günəşli”dır” , – deyə vurğulayır.

Sovet İttifaqının süqutundan sonra istehsalat avadanlıqları köhnələn, texnologiyalar sarıdan korluq çəkən Azərbaycan yataqlarını istismar etmək üçün xarici sərmayələrə, nou-haulara, müasir texnologiyalara möhtac idi. SOCAR ilə BP-nin başçılığı ilə aralarında dörd ABŞ şirkəti də olan beynəlxalq şirkətlər arasında üç il davam edən danışıqlar Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə uğurla başa çatdırıldı. Layihənin əvvəlki mərhələsində Birləşmiş Ştatların Bill Klinton administrasiyası tərəfindən Azərbaycana mühüm dəstək verildiyini xatırladan müəllif daha sonra 1999-ci ildən Azərbaycan neftinin Bakı–Supsa kəməri ilə nəqlini, 2006-cı ildə isə Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəmərinin istismara verildiyini qeyd edir. Həmçinin İsrailin neft idxalatının 40 faizinin Azərbaycanın payına düşdüyü də göstərilir.

“Əsrin müqaviləsi” böyük əhəmiyyətə malikdir. Bu layihə Azərbaycana və tərəfdaşlarına milyardlarla dollar mənfəət və minlərlə iş yeri qazandırıb”, – deyə yazıda qeyd olunur.

“Əsrin müqaviləsi”ndən əldə edilən mənfəət sayəsində Azərbaycan infrastrukturuna sərmayə yatırmaq, sosial sahəsini inkişaf etdirmək, təhlükəsizliyini gücləndirmək, bir sıra enerji və nəqliyyat layihələri başlamaq imkanı qazanaraq bununla da regionun siyasi və iqtisadi müstəqilliyinə töhfələr verib. Azərbaycan qazını Avropa bazarına ötürəcək Cənub Qaz Dəhlizi layihəsinin də Şərqi Avropa ölkələrinin başqa istehsalçılardan asılı olmasını azaltmaqla geosiyasi gerçəklərinin dəyişdirilməsinə gətirib çıxaracağı qeyd edilir.

“Uzun illərdir ABŞ-da bir-birini əvəzləyən istər respublikaçı, istərsə də demokrat administrasiyalar Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımdan Cənubi Qaz Dəhlisinin əhəmiyyətini vurğulayıblar. Xəzər regionunda “Əsrin müqaviləsi” timsalında enerji layihələrinin prezident Donald Tramp tərəfindən dəstəklənməsi onu avropalı tərəfdaşların milli və beynəlxalq mənafelərini uzlaşdıran amerikan layihə olaraq təqdim edir. Qərbin yeni müstəqil dövlətlərlə dayanıqlı iqtisadi və siyasi əməkdaşlığına təməl qoymaq ABŞ-ın xarici siyasətindəki başlıca məramlara uyğundur. “Əsrin müqaviləsi” bu bağlantını uzun illər boyu təmin edəcək”, – deyə yazının müəllifi fikrini tamamlayır. (Report)