Neftimizin nəqli ilə bağlı açıqlama

15 May 2013 15:11 (UTC+04:00)



"APA-Economics"in xəbərinə görə, şirkətin rəsmi saytında yayılan açıqlamada bildirilir ki, Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə nəqli 18 yanvar 1996-cı ildə iki ölkənin hökumətləri arasında imzalanmış sazişə əsasən həyata keçirilib.

Sazişdə ildə 5 mln. tondan az olmamaqla Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə nəqli nəzərdə tutulub: "Lakin təcrübədə bu göstərici dəfələrlə aşağı olub: "2002-ci ildən indiyədək yalnız 2005 və 2006-cı illərdə tranzitin həcmi 4 mln. tondan çox olub, digər illik göstəricilər isə 2008-ci ildəki 1,39 mln. ton və 2004-cü ildəki 2,77 mln. ton arasında dəyişib".

"Transneft" şirkəti bildirib ki, 2012-ci ildə Rusiya ərazisi vasitəsilə 2 mln. ton Azərbaycan nefti nəql olunub: "2013-cü il üçün sifariş 1,8 mln. ton neft təşkil edir. Bu ilin ilk 4 ayında isə 570,5 ton Azərbaycan nefti nəql edilib ki, bu da ötən ilin müvafiq göstəricisindən 13% azdır".

Azərbaycan-Rusiya hökumətlərarası sazişində ildə ən azı 5 mln. ton neft nəql olunacağı nəzərə alınaraq 1 ton neftin tranzit haqqı 15,67 dollar müəyyənləşdirilib: "2012-ci ildə Azərbaycan neftinin nəqlindən alına bilməyən tarif haqqı 47 mln. dollar təşkil edib. Ona görə də Bakı-Novorossiysk marşrutu "Transneft" üçün sərfəli deyil. Şirkət Rusiyanın Energetika və Xarici İşlər nazirlikləri ilə əməkdaşlıq şəraitində yaranmış vəziyyətin danışıqlar yolu ilə nizamlanmasına dəfələrlə cəhd edib, lakin bu cəhdlər uğursuzluqla nəticələnib. ARDNŞ konstruktiv dialoqdan yayınıb".

Sonda "Transneft" şirkəti bəyan edib ki, sazişin qüvvədən düşməsi Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlinin dayandırılması üçün hüquqi əsas deyil: "Təsərrüfat subyektləri arasında müvafiq saziş qüvvədədir, nəql tarifləri isə Rusiyanın Federal Tarif Xidməti tərəfindən müəyyənləşdiriləcək".

Qeyd edək ki, Rusiya hökuməti Azərbaycan neftinin RF ərazisi ilə tranzitinə dair iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış sazişin qüvvədən düşməsinə dair qərar qəbul edib. Qərar Rusiyanın baş naziri Dmitri Medvedyev tərəfindən mayın 5-də imzalanıb və mayın 14-də KİV-də dərc olunub.

ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan neftinin Rusiya ərazisi ilə indiki şərtlərlə tranzit nəqli 2013-cü ilin sonunadək davam edəcək. Paralel olaraq ilin sonunadək neftin Rusiya ərazisi ilə nəqlinin kommersiya şərtləri ilə həyata keçirilməsi ilə bağlı danışıqlar aparılacaq. Tərəflər arasında bununla bağlı razılıq əldə olunarsa, artıq 2014-cü ildən etibarən Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli kommersiya şərtləri əsasında davam etdiriləcək.

AzNews.az