Jurnalistə “Qarabağ“da vəzifə verildi

15 May 2013 16:23 (UTC+04:00)
"Xəzər" telekanalında idman buraxılışıarının aparıcısı Emin Abbasov iş yerini dəyişib. Modern.az saytının məlumatına görə, telejurnalist bundan sonra "Qarabağ" Futbol Klubunda çalışacaq. Belə ki, Emin Abbasov "Qarabağ"ın aşağı yaş qruplarının baş koordinatoru vəzifəsinə təyinat alıb. Bu barədə xəbəri "Qarabağ" FK-dan veriblər.

E.Abbasov isə yeni vəzifəsi barədə bunları deyib:

"Harada olmağımdan asılı olmayaraq həmişə Azərbaycan futboluna xidmət etməyə çalışmışam. "Qarabağ" klubundan iş təklifi aldım və məmnuniyyətlə bu dəvəti qəbul etdim. Klubun direktoru Əmrah Çəlikəllə danışdıq, mənə hər cür dəstək verəcəyini söylədi. Belədə bütün bacarığımı nümayiş etdirmək üçün əla imkanlara malik olduğum bir məkana gəldiyimi anladım. Sözsüz ki, son 3-4 ildə "Qarabağ" Azərbaycan futboluna yeni nəfəs gətirib. Yerli futbolçulara verilən dəyər "`Qarabağ" məfhumunu insanlara daha da doğmalaşdırıb. "Qarabağ" rəhbərliyi ilə söhbətlərdən əmin oldum ki, həqiqətən də klub üçün böyük ideyalar var. Hazırda klubun strukturu qurulur. Baza yaxında zamanda hazır olacaq. Bundan sonra "`Qarabağ"`ın bütün yaş qrupları üzrə komandalarına cavabdehlik daşıyacam. Əlimdən gələn hər şeyi edəcəyəm ki, "Qarabağ"ın Futbol Akademiyası günü-gündən inkişaf etsin. Bu gün kollektivə təqdim olundum və daha sonra bütün yaş qrupları üzrə çalışan məşqçilərlə görüşümüz oldu. Komandalarımızın qazandığı nəticələr barədə məlumat verildi, mövcud vəziyyətlə bağlı müzakirələr aparıldı. Təbii ki, məsələnin texniki tərəfinə qarışmaq peşəkarlığa sığmır. Mənim işim futbolun idarəçilik, məşqçilər də isə meydanda olan hissəsidir. Əl-ələ verib klubumuzun gələcəyini qurmağa çalışacağıq. Futbolun inkişafını istəyiriksə, mütləq uşaq futboluna lazımi diqqət ayırmalıyıq. Başqa cür irəliləyiş əldə etmək mümkün olmayacaq. İşimiz çətin olsa da olduqca məsuliyyətlidir. Hədəfimiz "Qarabağ"ın simasında bütün Azərbaycan futboluna xidmət etməkdir. Hamı bilir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov yerli gənclərlə işləməyə ütsünlük verən mütəxəssisdir. Bu məqam bizim məsuliyyətimizi birə-beş artırır. Çünki yalnız rəhbərlik deyil, həm də baş məşqçi hər zaman aşağı yaş qrupları üzrə komandaların durumunu nəzarət altında saxlayır. İnanıram ki, "Qarabağ` camiəsi üçün xeyirli olacam".

AzNews.az