Məktəblilər ictimai nəqliyyatda gediş haqqı ödəməsin - Fazil Mustafaya daha bir dəstək

21 Sentyabr 2019 19:07 (UTC+04:00)

Millət vəkili Fazil Mustafanın məktəbli formasında olan uşaqlardan ictimai nəqliyyatda gediş haqqı alınmamalıdır” fikrinə daha bir dəstək BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlıdan gəldi.

O, AzNews.az-a açıqlamasında dedi ki, hazırda Azərbaycanda əksər ailələrdə ən azından 2 və ya 3, hətta rayonlarımızda 5-6 uşaq böyüyür:

"Təsəvvür edin, bir ailədən 2-3 məktəbli dərsə gedirsə, bu, bir gün üçün 3 manata yaxın pul edir. Bu da xüsusilə aztəminatlı ailələrdə çətinlik yaradır. Düşünürük ki, uşaq pulunun bərpa olunmasınadək hökumət məktəblilərimizi ictimai nəqliyyatda gediş haqlarından azad etsə, yaxşı olar".

Partiya rəsmisi uşaq pulu məsələsinə də toxundu:

"İki il bundan qabaq BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə təkliflə çıxış edərək Azərbaycanda uşaq pulunun verilməsinin vacibliyini qaldırmışdı. İndi bu məsələ ölkəmizdə əsas müzakirə obyektlərindən birinə çevrilib. İnanıram ki, hökumət yaxın zamanlarda bununla bağlı düzgün qərar verəcək və aztəminatlı ailələri sevindirəcək".

AzNews.az