Ər-arvad nalbəndlər: “Bu iş çox məsuliyyətlidir” - FOTO/VİDEO

22 Sentyabr 2019 12:11 (UTC+04:00)

Atdan istifadə edənlər azalsa da, qaxlı sənətkar qədim nalbəndlik peşəsini yaşadır.

Qaxın Dəymədağlı kənd sakini Xanlar Salahov 37 ildir nalbəndliklə məşğuldur.

Nalbəndliyi 10 il usta yanına gedərək öyrənən X.Salahov peşəsini həyat yoldaşına da öyrədib. Ancaq o, bu sənətə əvvəlki kimi tələbatın olmadığını bildirir.

Ustanın həyat yoldaşı Rübabə Salahova deyir ki, bu peşəni həvəslə öyrənib. O, güc tələb edən sənətin öhdəsindən asanlıqla gəlir.

X.Salahovun sözlərinə görə, bu iş çox məsuliyyətlidir:

“Nalın mıxı bir balaca səhv gedərsə, atın ayağını zədələyə bilər. Yaxud, ayaq düz yonulmazsa, nal da düz oturmaz və yenə atı incidər, tez də xarab olar”.

Qeyd edək ki, nalbənd bir atın dörd nalını 15 manata hazırlayır. (oxu.az)

AzNews.az