Avropa ölkələrinin bəyanatı təxribatçı xarakter daşıyır - İran XİN

24 Sentyabr 2019 18:12 (UTC+04:00)

İran Xarici İşlər Nazirliyi (XİN) Fransa, Almaniya və Böyük Britaniyanın Səudiyyə Ərəbistanında neft emalı obyektlərinə hücumla bağlı ittihamlarına cavab verib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, XİN-in bəyanatında bildirilib ki, bu addım öz-özlüyündə təxribatçı və destruktiv xarakter daşıyır.

“Çünki onların ittihamları hər hansısa təhqiqatdan əvvəl səsləndirilib və heç bir sübutlar irəli sürülməyib”, - deyə İran XİN-in bəyanatında deyilib.

Bəyanatda o da qeyd olunub ki, bu cür məsuliyyətsiz və sifarişli ittihamlar Yəməndə daha geniş miqyaslı müharibəyə gətirib çıxaracaq.

Qeyd edək ki, daha əvvəl Fransa, Almaniya və Böyük Britaniyanın liderləri birgə bəyanatla çıxış edərək Səudiyyə Ərəbistanının neft emalı obyektlərinə hücumun arxasında İranın dayandığını bildiriblər.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücum edilib. Hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib. ABŞ prezidenti Donald Tramp da bu hücumda İranı günahlandırıb.(apa.az)

AzNews.az