Ölən bir xanımın nişanlım olması... - Hacı Nuran mediaya səsləndi

26 Sentyabr 2019 10:17 (UTC+04:00)

Tanınmış aparıcı Hacı Nuran Hüseynov mediaya əsəbiləşib.

AzNews.az xəbər verir ki, aparıcının əsəbiləşməsinə səbəb mətbuatda dünyasını dəyişən bir xanımın onun nişanlısı kimi təqdim olunmasıdır:

“Hamı kimi mənim də öz şəxsi həyatım və özəl dünyam var. Və bu dünyamda mənə yaxın olan insanlar, dostlar, tanışlar yetərincədir. Yaxşı dostlarım həmişə üzümü güldürüb, istər dar, istərsə də şad günümdə yanımda olub. Fərqi yoxdur, qadın ya kişi ... Mənim mərd dostlarım kifayət qədərdir və mən onlarla nəinki şəkillərimi, həyatımı, sirrimi, dərdimi belə paylaşmışam. Mən illərdir bir aparıcı kimi fəaliyyət göstərirəm və mənim əhatəmdə minlərlə, milyonlarla insan olur. Və o insanlarla saysız-hesabsız şəkillərim var. Tədbirlərdə, sərgilərdə, toyda, nişanda, ad günündə... Tələbəlik illərimdən tutmuş ta indiyə qədər bu şəkillər mənim arxivimi zənginləşdirir və mən bu gün də olduğum, getdiyim bütün yerlərdə insanlarla şəkil çəkdirməyi xoşlayıram. Amma bu, mənim yanımda olan insanın - ələlxüsus da dünyasını dəyişmiş bir xanımın nişanlım olması qənaətinə gəlməyə əsas vermir. Xəbəri özümlə dəqiqləşdirib də yaza bilərdiniz. Axı mənim qapım da, mesencerim də, telefonum da hamının üzünə açıqdır. Xüsusən də qələm dostlarımın ... Lütfən, hörmətsizlik etməyək ... İnsanların şəxsi həyatını reytinq, İP xətrinə gündəm etməyək. Dünyasını dəyişmiş bir insanın ruhunu incitmək günahdır ... Gəlin, nə ölüləri şərləyək, nə də dirilərin xətrinə dəyək ... Bunun bədəlini ödəmək var”.

Bahar RÜSTƏMLİ

AzNews.az