- Almaniyada işə düzəlmək üçün bir neçə mərhələ keçdim. Hər mərhələ 3-4 ay çəkir. Birincisi, "baxıram alınsa” mərhələsi idi. Yəni, sadəcə işlərə baxırdım, deyirdim ki, alınsa, gedəcəm, amma alınmadı. Növbəti 3 ayda ciddi axtarma mərhələsinə keçdim, müxtəlif şirkətlərlə 4-5 müsahibəm oldu. Adətən, ilkin prosesdə, İnsan Resursları mütəxəssisi ilə müsahibədən və ya ondan sonrakı ilk texniki mərhələdən keçə bilmirdim. O anda problemləri dərk etməyə başladım. 1-2 ay ara verib gördüyüm boşluqlar üzərində işlədim. Məsələn, hiss edirdim ki, ingilis dilim müsahibələri keçmək üçün yetərli deyil. Əslində, çox yaxşı bildiyim bir mövzudan sual verəndə izah edirdim, amma orta səviyyədə bildiyim bir sual olanda heç də uğurlu olmurdum. Çünki sualın cavabını tamlıqla bilməsəm də, yaradıcılığımı göstərərək, məntiq işlədərək vəziyyətdən çıxmağı bacarmalıydım. Amma dil biliyim tam da o səviyyədə deyildi. Ona görə ingilis dilini müəyyən səviyyəyə gətirmək lazım idi. 3-cü mərhələdə texniki olaraq hazır idim, dil biliyim də müəyyən qədər yerinə düşmüşdü. Bu mərhələdə 3 şirkətlə danışdım. Onlardan birinin İR mütəxəssisi müsahibə mərhələsində davam etməməyə qərar verdi. Səbəbi də məncə, istədiyim maaşın çox olması idi. İkisi ilə davam etdim, onların hər ikisindən təklif aldım. Biri "Volkswagen”, biri də təklifi qəbul etdiyim OLX GROUP idi.
- "Volkswagen”ə niyə yox dediniz?
- Qayda beləydi ki, bütün mərhələləri keçəndən sonra iş təklifi verməmişdən öncə səni işə çağırırlar, bir gün orda işləyirsən. Həmin günün nəticəsinə baxırlar, əgər xoşları gəlsə, təklif verirlər. Orda iş rejimini xoşlamamışdım, həm də OLX-in verdiyi benefitlər, maaş qat-qat yaxşı idi.
- UBER-də nə qədər vaxtdır işləyirsiz?
- Bu ilin iyul alında başlamışam.
- UBER-in hansı ofisindəsiniz?
- UBER-in baş ofisi Amerikada - San Fransiskodadır. İkinci böyük ofisi isə Amsterdamdadır. Bu, Avropada baş ofisi sayılır. Mən burda çalışıram. Şirkətin bir neçə yerdə böyük ofisi var.
- UBER deyəndə bizdə çox adam taksi şirkəti olduğunu düşünür. Ümumiyyətlə, necə bir şirkətdir?
- UBER-də sadəcə taksi fəaliyyəti deyil. Avropada və Amerikada "UBER eats” şirkəti var, yeməkdaşıma ilə məşğul olur. "UBER freight” var, bu, böyük yük maşınlarının daşınmasını həyata keçirir. Transportla bağlı hər şey bu şirkətdə var. Bu, görünən tərəfidir, amma görünməyən tərəfləri də var ki, buna çox böyük pullar xərclənir. "Autonomous car” onlardan biridir. Yəni sürücüsüz maşınlar. Bununla bağlı bir neçə böyük şirkət arasında soyuq müharibə var. UBER transport sahəsində indiki vəziyyətini gələcəkdə də saxlamaq istəyirsə, bu məsələdə də qalib çıxmalıdır. Bunun üçün də ortada milyardlarla pul dönür.
- İstədiyiniz şirkətlərdə çalışmaq imkanınız olub. Buna nəyin sayəsində nail ola bilmisiniz?
- Qısa cavabı çox çalışmaq, hədəflər qoymaqdır. Avropaya gələndə hədəfim var idi ki, "Google”, "Facebook”, "UBER” kimi şirkətlərdən birinə keçim. OLX-lə başladım, sonra elə Berlində "Careem” şirkətinə keçdim. Sonra isə hədəfim olan UBER-ə gəldim. Bura keçmək 2-3 həftə, yaxud bir neçə ay hazırlaşmağın nəticəsi deyildi. 10 il çalışdığım müddətdə yığdığım təcrübə idi. Azərbaycanda da çox oxuyurdum, Avropaya gələndən sonra oxuma prosesini 20 dəfə artırmışam. Gecə-gündüz bu sistemləri öyrənməyə çalışıram. OLX də böyük şirkət idi, amma ondan da böyük şirkətlər üçün lazım olan sistemləri öyrənirdim. UBER-də də bu şans yarananda gəldim. UBER-ə adi mühəndis kimi işə düzəlmək çox çətindir, aparıcı mühəndis kimi qəbul olmaq isə qat-qat ağırdır. Əvvəlki addımları saymasaq, sonuncu bir müsahibə var ki, onun üçün şirkətə gəlirsən və bu, 6 saat çəkir. Müxtəlif adamlarla görüşürsən, 3 fərqli mövzuda imtahan olur. Avropaya köçəndən sonra belə şirkətdə işləmək üçün 2 il durmadan çalışmışam. İnandığım bir şey var ki, fürsət düşəndə ona hazırlaşma, hazırlıqlı ol ki, fürsət düşəndə problemsiz ondan istifadə edə biləsən.
- Ənənəvi sualımız: uğurunuzun sirri nədir?
- İndiyə qədər əldə etdiklərimin nə dərəcədə uğur olduğunu deyə bilmərəm. Müəyyən dərəcədə uğur hesab etsək, təbii ki bu nəticə heç nədən yaranmayıb. Anam çox bədii kitab oxuyan idi, uşaq vaxtı mən də onun oxuduğu kitabları oxumağa başladım. O kitablar dünyagörüşümə təsir etdi, xəyal gücümü genişləndirdi. Digər tərəfdən, xarakter olaraq ambisiyalı insanam. Həmişə olduğumdan daha yaxşı olmağa cəhd etmişəm. Bəzi adamlar stabilliyi sevir, mən isə daha çətin problemləri görməyi, onları həll etməyi. Eyni şirkətdə qaldığımda belə, həmişə ətrafımdan, menecerlərimdən istəyim o olub ki, daha böyük məsuliyyəti, problemləri üzərimə götürüm. İnsanın limitlərinin olmadığını düşünürəm. İnsan özünü daha ağır yükün altına saldıqca o limitlər açılır, öz gücünün nəyə qadir olduğunu görür. Daha da uğurlu olmaq olarmı? Əlbəttə, bundan da çoxunu əldə edənlər təbii ki az deyil, amma mənim əldə etdiyim hələ ki bunlardır.