Gələn ayın 12-də keçiriləcək Müsavat Partiyasının qurultayına çox az bir müddət qalır. Günlər keçdikcə partiya daxilində proseslər qızışır. Artıq Müsavatın Divan üzvlərindən Tofiq Yaqublu və Yadigar Sadıqlı başqanlığa namizədliklərini irəli sürərək, təbliğat kampaniyasına start veriblər.
Müsavatın hazırkı başqanı Arif Hacılı iddiasını hələ açıqlamasa da, onun namizəd olacağını söyləmək olar. Bəzi iddialara görə, A.Hacılı namizədliyini versə, böyük səs fərqi ilə başqan seçiləcək.
Xatırladaq ki, Müsavat Partiyası 2014-cü ildə qurultay keçirdikdən sonra daxili təlatümlər yaşadı. Xeyli tanınmış sima bu partiyadan uzaqlaşdı. Bəzi tanınan şəxsləri isə yeni rəhbərlik Müsavatdan xaric etdi.
Bəs Müsavata yeni başqa seçilsə, bu, partiyanı böhranlı vəziyyətdən çıxara biləcəkmi?
“Yeni Müsavat” qəzetinin baş redaktorunun 1-ci müavini, uzun illər Müsavat Partiyasının sıralarında olmuş Azər Ayxan keçmiş partiyasının gələcəyini qaranlıq görür: “Müsavat Partiyasında başqan seçimləri, qurultaya hazırlıqla bağlı prosesləri ara-sıra izləyirəm. Yeni iddiaçılar indidən deyirlər ki, başqan seçilsələr, Müsavatda ciddi dəyişikliklər olacaq. Uzun illər Müsavat Partiyasının üzvü olmuş jurnalist, ictimai-siyasi fəal adam kimi deyirəm ki, partiyanın başına yeni şəxsin gəlməsi heç bir keyfiyyət dəyişikliyinə səbəb olmayacaq. Bəlkə də daha pis aqibət gözləyir Müsavatı bundan sonra. Artıq o partiyanın əzəməti, hörməti, ictimai-siyasi proseslərə təsiri demək olar ki, aradan qalxıb. 2014-cü ildən sonra yaşananlar, baş verənlər Müsavat Partiyasını bir neçə yerə böldü. Bu partiyanın özəyini təşkil edən, onun qurulmasında, güclənməsində, fəaliyyətində müstəsna xidmətlər göstərmiş şəxslər, ölkənin ciddi fikir adamları Müsavatdan ya özləri uzaqlaşdı, ya da yeni rəhbərliyin təkidi, keçmiş başqanın israrı ilə qurumdan xaric olundular. Partiyadan uzaqlaşdırılanlardan biri də bugünlərdə dünyasını dəyişən mərhum Vurğun Əyyub oldu. O cümlədən, Qubad İbadoğlu kimi dəyərli elm adamı da Müsavat Divanı tərəfindən xaric edildi. Öz əlləri ilə bu partiyanı darmadağın etdilər. İndən sonra bərpa etmək çətin və hətta mümkünsüz görünür. Hazırda Müsavat başqanlığına namizəd olanlardan Tofiq Yaqublu və Yadigar Sadıqlının, yaxud Arif Hacılının rəhbər olub-olmayacaqları vəziyyəti dəyişməyəcək. Müsavat Partiyası əvvəlki gücünə qayıtmayacaq. O zaman qayıda bilər ki, partiyadan ayrılan tanınan siyasət adamları geri dönsünlər. Bu da real görünmür. Artıq hər kəs öz yoluna davam etməkdədir”.
A.Ayxan vəziyyətdən çıxış yollarının olub-olmadığına da toxundu: “Vəziyyətdən çıxış yolu nədir kimi suallar verilə bilər. Deyərdim ki, çıxış yolu əslində yoxdur. Bu partiya muzeyəmi verilsin, yaxud buraxılsınmı kimi suallar da var. Bunları da birmənalı cavablandırmaq çətindir. Amma hər halda, Azərbaycanın iki əsas müxalifət partiyasından biri olmuş Müsavatın əvvəlki gücünə qayıtması heç real görünmür. Ümumiyyətlə, Azərbaycan müxalifətinin əsasını təşkil etmiş Xalq Cəbhəsi və Müsavat partiyalarının bu vəziyyətə düşmələri təkcə onların hakimiyyət tərəfindən basqılara məruz qalmaları ilə bağlı deyil. Bunun səbəblərindən biri vaxtilə qəbul olunan yanlış siyasətlə bağlıdır. O yanlış siyasət də partiyaları bu vəziyyətə gətirib çıxardı. Ən bağışlanmaz səhvlərdən biri müxalifətdaxili barışmaz mühitin olmasıdı. İllərlə davam edən bu proses sonda bu düşərgəni yedi bitirdi. Müxalifət nə zaman birləşmək, güclənmək istəyib, daha böyük parçalanmalara, zəifləməyə məruz qalıb”.
A.Ayxanın fikrincə, müxalifəti zəiflədən digər amillərdən biri AXCP və Müsavatda hökm sürən mənəvi mühitdir: “Bu mühit çox dəhşətlidir. Uzun illər Müsavatın daxilindəki proseslərə yaxından bələd olan bir adam kimi deyirəm, o cür mənəvi mühit əvvəl-axır bu partiyaların, bu partiyalara rəhbərlik edən şəxslərin mənəvi-siyasi, həmçinin ruhsal çöküşünə, böhranına səbəb olacaqdı. Bəzən deyirlər ki, siyasətdə nə mənəvi mühit. Bu, yanlış fikirdir. Siyasəti yaradan, onu təşkil edən insanlardır, şəxsiyyətlərdir. İnsanların mənəvi göstəriciləri olmasa, onların bir-biri ilə münasibətlərində əxlaq əsas yer tutmasa, o partiyanın, o siyasətçilərin sonu uçurumdur. Tarixə nəzərə salaq. Mərhum Heydər Əliyevin hakimiyyətə gəlməsində ən epizodik rol oynamış adamlar belə sonradan mükafatlandırıldı. Ümumiyyətlə, 1987-93-cü illər aralığında Heydər Əliyevə yaxşılığı keçmiş, vəzifədən çıxandan sonra onu Naxçıvanda, Moskvada ziyarət etmiş hər bir adam bu və ya başqa şəkildə qarşılıq gördü”.
Azər Ayxan bildirdi ki, Azərbaycan müxalifətinin liderləri isə onlar üçün canlarından belə keçməyə hazır olan adamlara çox pis davrandılar: “Bu da insanlarda böyük bir xəyal qırıqlığı yaratdı. Tərəfdarlara qarşı bu cür sayğısız davranış müxalifəti gücdən salan amillər sırasında yer aldı. Fədakarlıq azaldı, partiyalardan qopmalar artdı. Bu üzdən də görə-görə gəldiyimiz üçün Müsavat Partiyasının timsalında müxalifətin güclənməsi, toparlanması, reanimasiya olunması çox ciddi şübhələr doğurur”.(musavat.com)
AzNews.az