Alma seksi simvolizə edir

16 May 2013 09:29 (UTC+04:00)


Özünütəsdiq insanın ən əsas instinktlərindən biridir və sənətçilər, xüsusilə romançılar bu mövzunu ayrı-ayrı əsrlərdə çox incələyib. Yadıma ən tipik nümunə kimi Uilyam Folknerin "Avqust işığı" romanının başlanğıcından bir parça düşür. Folkner romanın əvvəlindəcə bizə bir qızı - Linanı tanıdır və yazır :

"Atası ilə anası vəfat etməmişdən əvvəl Lina heç Dounun taxta-şalban zavodunda da olmamışdı, hərçənd ildə yeddi-səkkiz dəfə, özü də ancaq şənbə günləri arabada qəsəbəyə gedərdi ; əynində poçtla gətirilmiş don olardı, yalın ayaqlarını arabanın içində gizlədər, ayaqqabılarını isə kağıza büküb oturacaqda yanında qoyardı. O, ayaqqabılarını bir də qəsəbənin lap girəcəyində geyinərdi. Bir az böyüyəndən sonra isə qəsəbəyə çathaçatda atasından xahiş edib arabanı saxlatdırar, yerə düşər və piyada gedərdi. Nə üçün arabada yox, piyada getmək istədiyinin səbəbini atasına deməzdi. Atası da elə bilərdi ki, hamar küçələrdə, səkilərdə piyada getmək qızının xoşuna gəlir. Lakin belə deyildi ; Lina o vaxt elə bilirdi ki, piyada getsə, yolda görənlər və yanından ötüb-keçənlər onun da şəhərdə yaşadığını güman edəcəklər" .

Sizin üçün yazılmış abzas:

Sonra romanda oxuyuruq ki, sevgilisi Linanı hamilə qoyub aradan çıxır və Lina sadəlövhcəsinə onu axtarmağa gedir. Amma mənə maraqlıdır, niyə Folkner sevgilisi ilə Linanın sevişmə səhnəsi bütün xırdalıqlarına qədər yazmır, axı bizim hamımızın haqqıdır ki, bilək ki, onlar necə sevişiblər. Məsələn, olmazdımı ki, Folkner kimi ustad yazıçı yazaydı ki, Linanın əynindən donu sürüşüb düşdü və onun ağappaq çılpaq bədəni gecənin qaranlığında bərq vurmağa başladı. Lukas onun hamar dərisi, biçimli əndamı qarşısında həyəcanlandı, amma çoz keçmədi ki, özündənəmin addımlarla Linaya yaxınlaşdı və ehtirasla onu öpməyə başladı; əvvəlcə dodaqlarını, sonra boynunu, sonra iri giləli məmələrini...

Bu abzası yazdım ki, yazıya başlıq çıxsın, yoxsa oxuyan deyilsiz.

***

Postmodernizm həqiqətin parçalanıb min tikə olması və bu parçalanmış dünyada heç kim orjinallığa iddia etməməli olduğunu daim ustufca pıçıldamağı sevir. Postmodernist müəllif əsərində oxucuyla birbaşa dialoqa girmək, onunla bəzən zarafatlaşmaqla, yaxud intertekstual müstəvi yaratmaqla demək istəyir ki, bədii sənət nümunəsinə ancaq həyat materialı kimi baxmaq lazım deyil, sənətkar onu həm də uydurur, qurur, yəni bir növ alternativ reallıq təklif edir.

Bu cür effektə nail olmaq üçün istifadə edilən ən məşhur fəndlərdən biri də "Mise an abyme" adlanır. Bu fənddən qədim mətnlərin də çoxunda istifadə edilib, tutalım, Vergilinin "Eneida" poemasında Eney Karfagendə qəhrəmanlıq abidələri ilə rastlaşır və onların üzərinə həkk olunmuş adların sırasında öz adını da görür. Başqa bir misal kimi Şekspir "Hamlet" əsərindəki Hamletin atasının ölümünü teatrallaşdırdığı məşhur səhnəni xatırlaya bilərik.

Sizin üçün yazılmış abzas : Adəm-Həvva əhvalatından bəri alma seksi simvolizə edir. Xatırlayaq : nağıllarda padşahın övladı olmur və bir dərviş gəlib padşaha bir alma verir və 9 ay 9 gün 9 saatdan sonra zati-alilərinin övrəti dünyaya övlad gətirir. Yaxud Troya əhvalarını xatırlayın, nifaq ilahəsi ortalığa bir alma atır və üç məşhur ilahə arasında qovğa başlayır. Məsələni çözmək üçün gənc çoban Parisin yanına gedirlər və onların hər biri Parisə ayrı-ayrılıqda nəsə vəd edir, gənc Paris təbii instinktlə ona Yunanıstanın ən gözəl qızını vəd etmiş Afroditanı seçir. Nazim Hikmət demiş : sən almanı sevirsən deyə almanın da səni sevməsi şərtmi ?

***

Məktəb vaxtı imtahan haqqında məşhur bir lətifə vardı. İmtahana yaxşı hazırlaşmayan bir tələbə olur, o yalnız bir sualın cavabını əzbərləyir. Balıqlar haqqında. Balıqlar haqqında danışandan sonra müəllim ondan pişiklər barəsində soruşur, tələbə tövrünü pozmadan danışmağa başlayır : Müəllim, pişiklər dörd ayaqlı, tüklü heyvanlardı, bir neçə yerə bölünürlər, ev pişiyi, çöl pişiyi, balıqlardan fərqli olaraq onlar pulcuqları yoxdur, amma olsa idi yəqin onlar da dənizdə yaşaya bilərdilər. Balıqlar pulcuqları vasitəsilə suyun səthinə...

Bilmirəm nədəndir, amma son günlər müəllim nəyi soruşsa da, yalnız öz bildiyini danışan o tələbə haqqında lətifə yaman dilimə düşüb. (kulis.az)

AzNews.az