"​Kaspi.az": “Demokratlar”ın sürü psixologiyası

27 Sentyabr 2019 14:09 (UTC+04:00)
AXCP-nin sabiq sədr müavini Fuad Qəhrəmanlı və həyat yoldaşı Zümrüd Yağmur, qızı Selcan Yağmur arasında baş verən qarşılıqlı ittihamlardan, yazışmalardan sonra üzdə demokrat olanların zahirən hansı yuvanın "quşu” olduqları növbəti dəfə gün işığına çıxdı. Bəlli oldu ki, insan haqlarından, qadın hüquqlarından, qadın-kişi bərabərliyindən, azad sözdən, fikirdən danışanlar öz ailələrində arvadına, qızına fiziki-mənəvi işgəncə verir, onlara söz haqqı tanımır. Onsuz da Əli Kərimlinin 20 ildən artıq müddətdə AXCP-ni şəxsi monopoliyasında saxlaması, partiya sədrliyinə iddialı olan cəbhəçiləri şərləməsi, müxtəlif bəhanələrlə təşkilatdan uzaqlaşdırması, onlara qarşı mənəvi terror yaşatması, bu adamın demokrat deyil, əsl diktator olduğunu nümayiş etdirirdi. F.Qəhrəmanlı ətrafında baş verənlər isə S.Yağmurun təbirincə desək, AXCP-nin "əxlaqsızlıq potensialı”nı, oradakı funksionerlərin tiranlığını ortaya qoydu. Baş verənlər fonunda diqqət çəkən başqa bir məqam "lider” Ə.Kərimlinin öz müavinini qorumaq üçün atdığı addımlar, F.Qəhrəmanlının özünü təmizə çıxarmaq istəyərkən işlətdiyi yalanlar, qeyri-səmimiliklər oldu. Bu situasiyada AXCP sədri şəxsi nəzarətində olan söyüş ordusundan –trollardan da gen-bol yararlandı.

Lakin öz ayıblarına kor olmağı bacarmayan, öz gözlərində tiri görməyib başqalarının gözündə tük axtaranların bütün cəhdləri bu dəfə də uğursuz oldu. İctimaiyyət daha aydın şəkildə gördü ki, AXCP sədri Ə.Kərimli və ətrafının uzun müddətdir manipulyasiya etdiyi, hakimiyyətə qarşı yönəltdiyi ittihamlar, əslində özlərinin belə xoşagəlməz əməllərindən diqqəti yayındırmaq məqsədi güdüb. Baş verənlər bir daha göstərdi ki, Ə.Kərimli sosial şəbəkələrdə trol şəbəkəsi vasitəsilə yalnız öz maraqlarına uyğun kampaniyalar təşkil edir, müxtəlif şəxsləri hədəfə götürür, aşağılayır, yalan və dezinformasiya yayır. Önəmli məqam budur ki, AXCP sədrinə qarşı belə ittihamlar, artıq onun öz silahdaşları tərəfindən də səsləndirilməkdədir. Misal üçün, AXCP sədri Ə.Kərimlinin şəxsən idarə etdiyi Milli Şuranın, həmçinin vaxtilə mövcud olmuş İctimai Palatanın üzvü, müxalifətçi vəkil Ənnağı Hacıbəylinin "Facebook”da yazdığı son statusu nümunə çəkə bilərik. O, 1998-ci ildən vətəndaş cəmiyyəti sektorunda fəaliyyət göstərdiyini, işinə, mövqeyinə və qardaşlarına görə çoxlarının onu cəbhəçi saydığını, ancaq AXCP üzvü olmadığını vurğulayaraq, müxalif düşərgədə müşahidə etdiyi ədalətsizlikləri qeyd edib.

Ə.Hacıbəyli fərqli fikir bildirdiyinə, haqlı tənqidi dilə gətirdiyinə görə, zaman-zaman müsavatçılar və cəbhəçilər tərəfindən təhqir olunduğunu, satqın, xəyanətkar adlandırıldığını dilə gətirib: "İctimai Palatada Koordinasiya Şurasının üzvü, 2013-cü ilin Prezident seçkilərində Milli Şuranın rəhbər orqanının fəal üzvü kimi hər şey gözlərim qarşısında baş verirdi. Prezident seçkilərində müşahidələrim məni xeyli məyus elədi. Seçkinin nəticələri ilə bağlı bir analitik yazı yazdım, səhvləri, nə etmək gərək olduğunu göstərdim. Müsavatçılardan bir neçə nəfər onların xoşuna gəlməyən adi tənqidi bir cümləyə görə məni təhqir elədilər. Amma heç kəs mənə satqın və yaltaq demədi. Fuad Qəhrəmanlı olayı ilə bağlı fikrimə görə, cəbhəçilər məni satqın və yaltaq adlandırdı. Yazdığı status ilə müzakirə açan Namizəd Səfərov nəinki susdu, hətta təhqiramiz rəylərin əksəriyyətini bəyəndi. ...Cəbhə rəhbərliyinin ruporu İlham Hüseyn mənə "qrant yeyib susan, ağzını "skoçlayan” ittihamı verdi. Zərdabdan Avropayadək uzanan ekspertlər mənə ad qoydular, məni, nəslimi, mövqeyimi dəqiq tanıyan və bilən Əli Kərimli onunla kifayətləndi ki, başqasını nahaqdan, xorla təhqir edən adamlara trol demək olmaz. Trol definisiyasına sığmayan adamların isə başqalarının təhqiramiz olmayan fikrinə təhqirlə cavab verməsinə normal baxmaq olar, eləmi? AXCP NTK-ya müraciət etməyi tövsiyə edən sədr bilmirmi ki, o rəyləri yazanlar içərisində həmin o NTK üzvləri də var?”.

Vəkil Ə.Hacıbəyli müxalifət partiyalarının, əqidə yaxınlığı olan adamların ona qarşı belə münasibətinin üzücü olduğunu xatırladaraq, bu münasibətlər barədə düşünməyə əsas yarandığını yazıb: "Hətta tənqidçilər arasında trol, fürsətcil, satqınlar olsa belə, hamıya "it sürüsü” demək cəbhəyə nə qazandıra bilər? Bu düşüncəyə şərik olmaq adama ağır gəlir. Ya səhvlərimizi etiraf etməliyik, ya da kiminlə müttəfiq olmağımız barədə düşünməliyik. Bu, bəzilərinin anladığı cəbhə dəyişmək deyil, sadəcə döyüşə getdiyin adamlara inam və etibar məsələsidir, qarşılıqlı hörmət və səmimiyyət məsələsidir”.

AXCP-nin yaradıcılarından biri, uzun illər bu siyasi təşkilatın yükünü çiyinlərində daşıyan, "Azadlıq” qəzetinin yazarı Xaliq Bahadır da Ə.Kərimli dəstəsinin "demokratlığını”, əks fikrə qarşı dözümsüzlüyünü "vəsf” edib. F.Qəhrəmanlı olayından sonra onun "istefasından” üzüldüyünü, süzüldüyünü, büzüldüyünü bildirənlərin üzüsulu ikən "Facebook” dostluğundan çıxmalarını tələb edib. Həmin şəxslərə xitabən yazıb ki, siz demokratiyanın, demokratik mədəniyyətin, hüququn, hüquq mədəniyyətinin nə olduğunu bilməyənlərsiz, bu üzdən də sizin müxalifətdə olmağınız gerçək ideya yolçuluğu - üstün düşüncə görsənişi deyil. Sizin kimi düşüncə yiyələri bu ölkəyə gərəkəni gətirə bilməzlər.

X.Bahadır müxalifət partiyasının başında duran ikinci fiqurun ailəsində baş verənlərdən sonra bir çoxlarının 18 yaşlı qızın - S.Yağmurun üzərinə top-tüfənglə, söyüş-təhqirlə getməsinə də münasibət bildirib: "Bunu görüncə, "vermaxt əsgərlərini” dayandırmaq üçün soyuq başla qərar verməyə çağıran kiçicik "Sınaq” yazısını yazdım. Partiyalı reaksiyalardan göründüyü kimi, mən "palaza bürün, elnən sürün” prinsipinə uyğun olaraq, bəlli çoxluğa qoşulub biranlamlı şəkildə Selcanın atasına arxa durmalıyammış. Özü də ata deyil, bala söyüş-təhqirə uğrayırkən. Bir sıra qızğın başları soyutmaq üçün sonra ikinci kiçicik yazını yazdım – "İşıqlığa çıxasız!” Yazılar ortadadır. O yazılara görə AXCP İmişli rayon yetkilisi məni hakimiyyətə işləməkdə suçlayır. ...Məni tanıya-tanıya biriləri də ona arxa dururlar. ...Bunlar özləri kimi düşünməyən, onların dediyini deməyən istənilən kimsəni ağına-bozuna baxmadan sürü psixologiyası ilə tapdayıb keçməyə marıq duran "demokratlar”dır”!

Bu statusların altına rəy yazan müxalifətçi vəkil Namizəd Səfərov həmkarı Ə.Hacıbəylini "çığallıq etməkdə”, yalançılıqda ittiham edib, "cılız insanın anadan cılız doğulduğunu” xatırladıb.

Rufik İSMAYILOV

Kaspi.az