“5-6 nəfər əl-qolumuzdan tutaraq bizi buna məcbur etdilər”

16 May 2013 11:27 (UTC+04:00)

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər həbs müddətində çəkilən fotolarının internetdə yayımlanması ilə bağlı "Qafqazinfo"ya müsahibə verib.

- İlkin Rüstəmzadə həbsdən çıxandan sonra yayılan fotolarla bağlı münasibət blldirəciyinizi demişdiniz. Bu fotoların yayılmasında məqsəd nədir? Kimlər tərəfindən çəkilib?
- Yayılan fotoların nə formada çəkilməsi barədə məlumatımız yoxdur. Gizli kameralar tərəfindən çəkildiyini ehtimal edirik. Bu şəkillərin çəkilməsi və sonradan yayılmasının ciddi qanun pozuntusu hesab edirik. Məqsəd müxtəlif iyrənc metodlar vasitəsilə gəncləri mübarizədən çəkindirməkdir.

- Fotolardan əvvəl saçlarınızın kəsilməsi baş verdi. Bunu hansı qaydada həyata keçirtdilər?
- Saçlarımız məcburi qaydada qırxıldı. Bunun üçün Bakı Şəhər Baş Polis İdarəsindən təcridxanaya bir polkovnik-leytenant və bir mayor gəlmişdi. Biz saç məsələsinin hansı qanunla tənzimləndiyini soruşduqda, onlar bu barədə heç bir qanunun olmadığını və yuxarıdan göstəriş olduğuna görə belə etməyə məcbur olduqlarını söylədilər. Biz bununla razılaşmadıqda 5-6 nəfər əl-qolumuzdan tutaraq zorakılıqla bizi buna məcbur etdilər.

- Həbsxanada sizə necə davranırdılar?
- Həbsxanada bizə münasibət mənfi idi. Qıraqdan gələn yemək bizə buraxılmırdı, görüşlərə və telefon zənglərinə icazə verilmirdi, vəkillə əlaqə qurmağa imkan verilmirdi və s.

- Fotolarınızın yayılması ilə bağlı məsələ Milli Məclisin ötən iclasında da müzakirə olundu. Reaksiyalardan razı qaldınızmı?
- Milli Məclisdəki müzakirələri izləməmişəm.

- Bu hadisələrdən sonra hansı addımları atmağı düşünürsünüz? Məhkəməyə müraciət etməyi planlaşdırırsınızmı?
- Bundan sonrakı addımlar barədə hələ ki, konkret qərarımız yoxdur. Vəkillərimizlə məsləhətləşib bir qərar verdikdə bununla bağlı açıqlama veriləcək.

- İlkin Rüstəmzadəni bu gün prokurorluğa çağırılıb. Sizcə bu nə ilə bağlı ola bilər?
- Yəqin NİDA-çıların işi ilə bağlı ona əlavə suallar vermək istəyirlər.

AzNews.az