Hələ sabah oktyabrın 1-i olacaq, amma indidən aydındı ki, erməni baş nazirini böyük təntənə yox, əksinə böyük məyusluq gözləyir, belə ki, hələ ötən həftə Rusiya prezidentinin administrasiyasından xəbərlər yayıldı ki, V.Putinin Ermənistana səfəri çox qısa olacaq, o, hətta yüksək qonaqların şərəfinə veriləcək şam yeməyinə də qatılmayacaq və bu da azmış kimi, N.Paşinyanla ikitərəfli görüş də keçirməyəcəkdir...
Xatırladaq ki, oktyabrın 1-də İrəvanda Avrasiya İqtisadi Birliyinin növbəti tədbiri keçirləcəkdir. Yüksək qonaqlar arasında təkcə Rusiyanın prezidenti yox, həm də İranın prezidenti də olacaq və o, İrəvana bir gün sonra, ayın 2-də səfər edəcəkdir.
Məlum məsələdir ki, özü-özlüyündə Avrasiya Birliyinin tədbiri hələ heç nə demək deyil - nə iqtisadi, nə də ki, siyasi planda, çünki təşkilatı ekspertlər arasında “iqtisadi qəbirstanlıq” adlandırırlar. Amma alternativ olmadığından, Rusiya özü də, digər dövlətlər də xaotik səylər edirlər ki, bu ölü “doğulmuş uşağa” bəlkə bir nəfəs verə bildilər.
İran prezidentini də tədbirə bu məqsədlə dəvət ediblər. Belə ki, hələ S.Sarqsyanın dövründə ermənilərin İranı da Avrasiya Birliyinə qoşmaq barədə bir “ideya”ları vardı. İran siyasətçiləri və diplomatları bu xüsusda bir açıqlama verməsələr də, aydındır ki, İran hansısa keçmiş sovet ölkəsi deyil ki, onu ora-bura sürüsünlər. Güman ki, H.Ruhani burada da növbəti anti - Amerika bəyanatı ilə çıxış edəcək və bununla da hər şey bitəcək, “triumfal genişlənmə”yə əlamət və işarə ola biləcək heç nə baş verməyəcəkdir.
Belə də isə, aydın məsələdir ki, AB-nin tədbiri Paşinyan üçün Putinin Ermənistana səfərinə nail olmaq və onunla münasibətlərini yoluna qoymaq üçün bir fürsət idi, çünki üzv-dövlətlər arasında AB-nin perspektivinə ən çox inanmayan bir adam varsa, o da elə N.Paşinyanın özüdür, baxmayaraq ki, ölkəsi hazırda bu təşkilata sədrlik edir. Amma bir qədər əvvəldə qeyd etdiyimiz kimi, bunlar da xəyaldır, Putin İrəvana gələcək, amma aralıqdakı soyuqluq götürülməyəcək, çünki Rusiya prezidenti ən azı bir məsələdə - R.Koçaryanın məsələsində heç bir güzəşt etmək fikrində deyil.
Üstəlik, Kremldə çoxdan Paşinyandan və onun komandasından narazıdırlar. Erməni baş naziri özü bir neçə dəfə etriraf edib ki, onu və komandasını Moskvada ironiya ilə Sorosun və ya Amerikanın uşaqları adlandırırlar.
Amma Paşinyanın facisəsi ondadır ki, onun ABŞ-la da münasibətləri alınmır. Bu günlərdə ABŞ-a yenə də dəstək almaq ümidilə yollanmışdı, di gəl, Los-Ancelesdə triumfal mitinq alınmadı, üstəlik də ABŞ-da onu yalnız Kaliforniyanın qubernatorunun müavini qəbul etdi. Müqayisə üçün deyək ki, elə həmin günlərdə Ukraynanın prezidenti ABŞ-da daha ciddi və yüksək diqqətə layiq görüldü.
Bu, azmış kimi Moskva ilə də münasibətlər də gündən-günə korlanır, hətta Kremlin yeni Ermənistan müxalifətinin liderini də “gözaltı etdiyi” haqda fikirlər səslənir. Odur ki, erməni ekspertləri bu payızın öz ölkələri üçün “qaynar” keçəcəyini yazırlar.
Bakı-İrəvan müstəvisindəki problemlərə gəldikdə isə, xarici işlər nazirləri Nyu-Yorkda növbəti görüşün keçirilməsinin vacib olduğu barədə razılığa gəldilər, amma görüşün vaxtı və yeri yalnız həmsədrlərin regiona səfərindən sonra bəlli olacaq.
Güman edilirdi ki, bu görüşdə heç olmasa, bir məsələdə anlaşma olacaq: bəli, söhbət əsir və girovların mübadiləsindən gedir...
Amma Rusiya mənbələrindən belə məlum olur ki, çətin, ən azı yaxın perspektivdə tərəflər bu məsələdə razılığa gəlsin, çünki erməni tərəfini “hamının hamıya” formulu qane etmir, belə ki, öz əsir və girovlarını az qala, “ağ mələklər” kimi təqdim edən Ermənistan, azərbaycanlı girovların hamısını peşəkar kəşfiyyatçı və təxribatçı kimi qələmə verir.
Kiyevlə Moskva arasında baş verən proseslərin fonunda Ermənistanın bu hərəkəti əsl vəhşilik kimi görünür, çünki əsir və girovların mübadiləsi hədsiz dərəcədə gərgin münasibətləri bir az səngidə bilərdi.
Amma Zelenskidən fərqli olaraq, Paşinyan nəinki dialoqa və əməkdaşlığa can atmır, əksinə belə təəssürat yaranır ki, o, Dağlıq Qarabağ dəftərini birdəfəlik çevirmək istəyir ki, hamı bunu unutsun. Di gəl, bu mümkündürmü?
Düşünürük, bu haqda heç danışmağa da dəyməz, bizim başqalarının torpaqlarına iddiamız yoxdur, biz azərbaycanlılara öz torpağımız, öz Vətənimiz lazımdır. Gec-tez nəinki Paşinyan, eləcə də bütün Ermənistan buna əmin olacaq: Qarabağ qayıdana qədər heç bir sülh olmayacaq...
Hüseynbala Səlimov