Vüsal Şilderin ölümünün gizli tərəfləri bəlli olur

16 May 2013 12:27 (UTC+04:00)


Mayın 2-də Bakıda Almaniya vətəndaşı, "Mercedess Benz" şirkətinin Azərbaycandakı təmsilçisinin oğlu Vüsal Şilderin qətlilə bağlı yeni sensasion məlumatlar yayılmaqdadır. Hər şeydən əvvəl bunu deyək ki, baş verən məlum qətl hadisəsi ciddi rezonanslara səbəb olub. Bu hadisə ilə bağlı "Qafqazinfo"ya maraqlı məlumatlar daxil olub. Məlumatlara görə, dünyanın ən nüfuzlu şirkətlərindən birinin Bakıdakı təmsilçisinin övladının öldürülməsi adi bir qətl hadisəsi kimi qəbul edilməyib. Baş verən hadisə haqqında ölkə rəhbərliyi dərhal məlumatlandırılıb. Bundan sonra hüquq-mühafizə orqanlarının rəhbərliyinə baş vermiş hadisənin ciddi şəkildə araşdırılması və lazımı ölçülər götürülməsi haqda göstərişlər verilib. Məlumatlara görə, peşəkar kriminalistlərin iştirakı ilə araşdırılan qətl elə həmin gün açılsa da, bu barədə ictimaiyyətə məlumatlar verilməyib. Belə ki, baş vermiş qətlin izi sifarişçinin vəzifəli şəxs olmasını ortaya çıxarıb. Lakin yuxarıda qeyd etdiyimiz kimi, baş verən qətl hadisəsinin yaratdığı rezonans, Azərbaycanının işgüzar nüfuzuna vurulan zərbə, xüsusi ilə də öldürülən şəxsin Almaniya vətəndaşı olması (bu yerdə qeyd edək ki, hazırda Almaniya-Azərbaycan münasibətlərinin ürəkaçan səviyyədə olmaması, insan hüquqlarının pozulmasına görə qarşlıqlı ittihamlar baş verən hadisənin fonunda rəsmi Bakının imicinə də böyük zərbə hesab oluna bilər) hadisəninin ciddi şəkildə araşdırılması, sifarişçinin kimliyindən asılı olmayaraq tapılıb ortaya çıxarılması ilə bağlı iradə ortaya qoyulub. Hətta belə bir məqamda Almaniya vətəndaşının Bakıda qətlə yetirilməsi təxribat kimi də qiymətləndirilə bilər.

Ancaq qətldə üzə çıxan məqamlar artıq müəəyən dərəcədə ictimaiyyətə sızıb. Belə ki, hadisənin məhz ailə məişət zəminində törədildiyi, lakin qətlin arxasında vəzifəli şəxsin durmasına dair iddialar ortaya atılıb. "Azadlıq" qəzeti hadisə ilə bağlı belə bir məlumat yayıb ki, açılan cinayət işi üzrə hüquq-mühafizə orqanının əməkdaşı olan Əliyev Xəyal Məzahir oğlu saxlanılıb: "Onun Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduğu iddia edilir. İstintaqa cəlb olunan Məmmədov İlham Zahid oğlu da mühafizə polisində çalışır. Hazırda onun barəsində axtarış elan edilib. Həmçinin Vüsal Şilderin qətlində vaxtilə hakimiyyətdə yüksək post tutmuş şəxslərdən birinin adı hallandırılır. Lakin həmin şəxsin adını açıqlamamışdıq".

Qəzet oxucuların diqqətinə çatdırır ki, bu şəxs Tariyel Ağayevdir: "Tariyel Ağayev həm Heydər Əliyevin, həm də İlham Əliyevin köməkçisi olub. İddia olunur ki, Vüsal Şilderin qətlinin izi məhz bu şəxsə çıxır. Qətlin ailə-məişət zəmnində törədildiyi barədə məlumatlar verilsə də, təfərrüatları bizə bəlli deyil" .

Məlumatlarda qeyd edilir ki, Xəyal Əliyev Tariyel Ağayevin qohumudur. Onun nə qismində istintaqa cəlb edildiyi də hələlik məlum deyil.

Xatırladaq ki, adı hallandırılan T. Ağayev indi də, Prezident Administrasiyasında çalışır.

Daha bir maraqlı məqam isə hadisə ilə bağlı artıq 5-dən nəfərdən çox şəxsin saxlanılması təmin edilib. Bu hadisənin baş vermə səbəbləri ilə bağlı müəyyən xəbərlər yayılsa da, hələlik onların dərcini lazım bilmirik.

Göründüyü kimi cinayətin açılması tam təmin olunsa da, bu barədə cəmiyyyətdə hələlik ətraflı məlumat verilməyib.

Eyni zamanda adı bu qətllə bağlı hallandırılan T. Ağayev tərəfindən də hələlik heç bir açıqlama verilməyib.

Xatırladaq ki, Vüsal Şilder mayın 2-də günorta saatlarında Nərimanov rayon ərazisində qətlə yetirilib.

Baş Prokurorluğun ilkin yaydığı məlumatına görə, istintaqla müəyyən edilib ki, qətli Elman İsgəndərov adlı şəxs törədib. Məlumatda bildirilir ki, o, qohumu Seymur Talıbov və qeyrilərindən ibarət bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onların sifarişi əsasında Vüsal Şilderi öldürüb.

Elman İsgəndərov mayın 4-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Ona iş üzrə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5 (sifarişlə adam öldürmə) maddələri ilə ittiham irəli sürülərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

AzNews.az