Deputata pul verən müəllimin əlavə gəliri, başqa qazancı olub - Təhsil eksperti

30 Sentyabr 2019 14:25 (UTC+04:00)

“Baş verən hadisələr təhsil sistemində müəyyən nöqsanların olduğunu göstərir”.

Bunu AzNews.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov BDU-in Hüquq fakültəsinin müəllimi Xatirə Nəcəfovanın Milli Məclisin deputatı Rəfael Cəbrayolova 200 min dollar borc pul verməsini şərh edərkən deyib. Onun fikrincə, müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur:

“Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Əgər o, vəzifə funksiyalarını keyfiyyətlə yerinə yetirməsə, intizam məsuliyyəti daşımalıdır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir. Amma baş verən hadisələr bu sahədə məyən nöqsanların olduğunu göstərir. Ola bilər ki, həmin müəllimin başqa sahədə biznesi və gəliri var. Düşünmürəm ki, o, bu qədər böyük məbləği universititet tələbələrindən alıb. Çünki onunla bağlı hansısa bir şikayət olmayıb. Mən özüm də bir müddət BDU-nun Hüquq fakültəsində Azərbaycan Tarixi fənnini tədris etmişəm. O mif var ki, hüquq fakültəsində pul var, tələbələr böyük məbləğdə pul verib qiymət yazdırır. Həmən vəziyyət yoxdur. Çünki indi imtahan yolu ilə kasıb ailələlərin övladları qəbul olur. Mən düşünürəm ki, həmin müəllimin əlavə gəliri, başqa qazancı olub. Yoxsa tələbələr arasında onunla bağlı fikirlər olardı. Hesab edirəm ki, kiminsə əlavə işini, gəlirini universitetə aid etmək yaxşı deyil. Buna baxmayaraq təhsil sistemində çalışanlar bu adın qorunmasına çalışmalıdır”.

Qeyd edək ki, Milli Məclisin deputatı R.Cəbrayılov əvvəlcə Xatirə Nəcəfovadan 200 min dollar borc alması müqabilində deputat vəsiqəsini girov qoyub. O, notarial qaydada təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci ildə aldığı pulu ödəyə bilməyib.

Xatırladaq ki, Rəfael Cəbrailovun 200 min dollar borc aldığı Xatirə Nəcəfovanın BDU-nin Hüquq fakltəsinin müəllimi olduğu deyilir.

Bahar

AzNews.az