Mehbalı Əliyev aeroportda saxlanıldı - EKSKLÜZİV

16 May 2013 14:52 (UTC+04:00)


Nizami rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mehbalı Əliyev bu gün saat 14 radələrində Heydər Əliyev adına beynəlxalq hava limanında saxlanılıb. AzNews.az-a daxil olan məlumata görə, Gömrük əməkdaşları tərəfindən saxlanılan keçmiş icra başçısının çantalarında axtarış aparılıb. Axtarış zamanı isə sabiq icra başçısının çantasından gömrük bəyannaməsində qeyd olunmayan bahalı saat tapılıb.

Vəziyyətin gərginləşdiyini görən M.Əliyev gömrük əməkdaşlarının axtarışını "qanunsuz" adlandıraraq aeroportda möhkəm səs-küy salıb, kənardakıların diqqətini çəkib. 10-15 dəqiqə davam edən mübahisə, səs-küy yalnız polisin və digər təhlükəsizlik qüvvələrinin işə müdaxiləsindən sonra dayanıb. Sonda M.Əliyev gömrükdən buraxılıb.

Qeyd edək ki. M.Əliyevin Qətərin paytaxtı Doha şəhərindən gəldiyi bildirilir.

Onu da bildirək ki, M.Əliyev 2009-cu ilin sentyabrın 23-də ölkə Prezidentinin sərəncamı ilə icra başçısı vəzifəsindən azad edilib. Bundan sonra M.Əliyevə məxsus obyektlərdə axtarış aparıldığı və hətta bağından külli miqdarda qızıl tapıldığı barədə məlumatlar yayılmışdı.

Azər
AzNews.az