Azərbaycanı heç bir ölkəyə dəyişmərəm - Amerikada yaşayan yazıçı

2 Oktyabr 2019 17:37 (UTC+04:00)

Amerikada yaşayan azərbaycanlı rejissor, Los Anceles Beynəlxalq Mədəniyyət Mərkəzinin rəhbəri, ssenarist, yazıçı Sevinc Səfərovanın AzNews.az-a müsahibəsi:

- Sevinc xanım, doğulub böyüdüyünüz Azərbaycanı Amerikanın Los Anceles şəhərinə dəyişmisiniz. Yaşamaq, işləmək üçün oranı seçmisiniz. Amerikaya gedişiniz necə oldu?

- Mən Azərbaycanda doğulmuşam. Uşaqlığım, yeniyetməliyim, gənclik illərim orada keçib. Doğulduğum torpağı dünyanın heç bir ölkəsinə dəyişmərəm. Amerikaya gəlməyimin, burda qalmağımın səbəbi övladlarımın təhsili, gələcəyi, eyni zamanda mənim yaradıcılıq planlarım oldu. Ayaq basdığım hər torpağa özümlə birgə bir parça vətən aparıram. Mənim üçün sərhəd ölkənin hüdudlarından başlamır. Mənim üçün sərhəd insanın ruhundan, qəlbindən başlayır. Misal üçün Los Ancelesdə yaşadığım evdə özüm üçün kiçik bir Azərbaycan guşəsi yaratmışam. Orada Azərbaycanın xəritəsi, bayrağı, butalı kəlağayılarımız, xalçalarımız, samovarımız hər şey əks olunub. Artıq çevrəmdəki insanlar burada bir azərbaycanlı xanım yaşadığını bilirlər. Çevrəmdəki əcnəbi dostlarım mənə Los Ancelesdə “Azəri qızı” deyirlər. Onun üçün sizin “Vətəni Amerikaya dəyişdiniz” sualınız mənə bir az qəribə gəldi. Torpaq müqəddəsdir, ona dəyişmək kəlməsi heç yaraşmır, hələ mənim kimi qəlbi vətən üçün döyünən bir azərbaycanlı üçün.

Amerikaya gəlişimin səbəbi övladlarım oldu. Övladlarımın arzuları, istəkləri hər şeydən, hətta mənim öz arzularımdan da önəmlidir. Heç zaman özümü passiv həyata kökləməmişəm. Dinamik həyata alışmışam. Bakıda biri-birinin ardınca maraqlı layihələrə imza atmışam. Hansı ki, bu layihələrlə cəmiyyətə istedadlı uşaqlar bəxş etmişəm. Bu gün o uşaqlar Azərbaycanı beynəlxalq arenada təmsil edirlərsə, bu mənim üçün böyük əhəmiyyətə malikdir. “Şərq ulduzları” layihəsi ilə nəinki paytaxtda bölgələrimizin ən istedadlı uşaqlarını ətrafıma cəm etdim, onları tanıtdım. Bu gün onların uğurları dünyanın dörd bir tərəfindən eşidilir. Təbii ki, bu məni çox xoşbəxt edir.

- Eşitdiyimizə görə Amerikada Beynəlxalq Mədəniyyət Mərkəzinin rəhbərisiniz. Bu Mədəniyyət Mərkəzini açmaq hansı zərurətdən yarandı?

- Los Ancelesə gəldiyim ilk günlərdə Azərbaycan mədəniyyəti, mətbəxi, tarixi haqqında burada yaşayan insanların məlumatsız olduğunu gördüm. Los Ancelesdə dünyanın müxtəlif xalqları yaşayır. Düşündüm ki, burada bir xalqın nümayəndəsinə nəyisə təqdim etsəm həmin şəxs öz ölkəsinə getdikdə çevrəsindəki insanlara onu təqdim edəcək və beləcə, mən istədiyimə burda daha rahat şəkildə nail olacağam. Bunu təqdim etməyin də bir yolu vardı- Beynəlxalq Mədəniyyət Mərkəzi açmaq. Belə olduğu halda mən sözümü daha böyük arenada deyə biləcəkdim. Qısa zaman kəsiyində öz imkanlarım hesabına Los Ancelesdə Beynəlxalq Mədəniyyət Mərkəzini açdım. Artıq sözümü çevrəmdəki insanlara deyil, daha geniş kütləyə deyə bilirəm. Biz mərkəzdə Azərbaycan bütün mədəniyyətləri təbliğ edirik. Məqsədimiz isə Amerikada yaşayan çoxmillətli xalqları bir amal uğrunda sülhə, əmin amanlığa səsləməkdir. Belə ki, burada hər gələn qonaq öz mədəniyyətini, tarixini təbliğ edir və mərkəzə toplaşan başqa millətlərin nümayəndələrini məlumatlandırırıq. Biz də öz tariximizi, mədəniyyətimizi olduğu şəkildə onlara təqdim edirik. Beləliklə bu mərkəzdə başqa xalqların mədəniyyəti, keçdiyi tarixi prosesləri tanımış oluruq. Hesab edirəm ki, mədəniyyətimizin təbliğatında başlıca faktor budur. Burada xalqımızın milli bayramlarını keçirir, Los Ancelesdə yaşayan azərbaycanlıları ətrafıma cəm edib təbliğatı işlərlə məşğul oluruq. Nəinki milli bayramlar, eyni zamanda, xalqımızın qan yaddaşına yazılan o matəm günlərimizi də qeyd edirik. Çünki bu bizim ağrımız, acımızdır. Yaradıcı insan hər yerdə yaradıcıdır. Onun torpağı, sərhədi olmur. Burda romanlarımı yazmağa davam edirəm. “Günah” romanım ingilis dilinə tərcümə olundu. Romanın böyük təqdimat mərasimi keçirildi. Övladlarımın solo konsertləri baş tutdu. Qısa zaman kəsiyində Amerika dövləti tərəfindən qeyri-adi yaradıcı insan kimi qəbul olundum. “Talented”, yəni istedad “Green card”ına layiq görüldüm. Qeyd edim ki, Amerikada yaşayan yaradıcı insanlara belə bu kart çox zaman nəsib olmur. Mən də o seçilmişlərdənəm. Halbuki, bu gün Amerikada yaşayan o qədər sənətkarlarımız var ki, istedad kartına sahib ola bilmirlər.

- İxtisasca rejissorsunuz, bir çox televiziya layihələrinin müəllifisiniz. Maraqlıdır, bu günə kimi hansı filmlərə imza atmısınız?

- Əslində ixtisasım çoxdur. Sadəcə seçdiyim ixtisaslardan biri rejissorluqdur. İndiyə qədər çəkdiyim iri və kiçik həcmli filmlərdən danışmaq istəmirəm. Keçmişlə deyil, gələcəyimlə yaşayan insanam. Sizə hazırda çəkdiyim “7 nömrəli mənzil” filmindən danışa bilərəm. Bu məhz festival üçün nəzərdə tutulmuş filmdir. Ümid edirəm ki, o öz müsbət nəticəsini göstərəcək.

- Bu yayı Bakıda olmusunuz və adını qeyd etdiyiniz “7 nömrəli mənzil” filmini çəkmisiniz. Maraqlıdır, bu layihə necə yarandı?

- Mən tək bu yay deyil, hər yay övladlarımla Bakıya gəlirəm. Bakıda rahatlıq tapıram, ruhum dincəlir. Təbii ki, bu dəfəki səfərimdə planımda film çəkmək istəyi də vardı. Bu istəyimi də gerçəkləşdirdim. Ümumiyyətlə nəyə niyyət edirəmsə, onu mütləq həyata keçirirəm. Buna görə də Allahımdan çox razıyam ki, mənə arzularımı gerçəkləşdirmək üçün imkan və şans yaradır.

- Filmin məqsəd və məramı nədən ibarətdir?

- Film dram janrındadır. Real hadisələr əsnasında qələmə aldığım, 70-ci illərdə bir ailənin başına gələn bir faciədən bəhs edir. Deməzdim ki, mövzu tək Azərbaycana aiddir. Alkoqolizmlə mübarizə, içkinin bir ailəni necə məhvə aparması, bu ailədə isə əsas zərbənin övladlara təsiri nümayiş olunub. Film təbliğat xarakterlidir, insanları pis niyyətdən, pis əməldən uzaqlaşdırır. Hər bir filmin ötürdüyü bir mesaj olmalıdır.

-Bu filmlə dünyaya hansı mesajı vermək istəyirsiniz?

- “7 Nömrəli mənzil” filminin ötürdüyü mesaj çox təsirli və cəmiyyət üçün önəmlidir. Belə ki, içkinin insan həyatındakı yerini və rolunu göstərməyə çalışdım. Bu təkcə Azərbaycanda deyil dünyada yaşanan bir bəladır, ümumbəşəri bir problemdir. Dünya statistikasına nəzər yetirsəniz içkiyə görə milyonlarla ailənin dağıldığını görürük. Bu milyonlarla dağılan ailədə doğulan milyonlarla uşağın sonrakı taleyi haqqında düşünəndə insan dəhşətə dəlir. Eyni zamanda filmdə verilən əsas mesajlardan biri dünyanın ən böyük nemətinin məhz övlad olmasıdır. Çünki övlad ailəni daha da möhkəmləndirir. Övladın dəyərini bilmək lazımdır. Onlarsız heç bir gələcək təsəvvür etmək mümkün deyil. Bu gün sevgisiz böyüyən uşaqlar sabah cəmiyyət üçün böyük problemə çevrilirlər.

- Amerika kimi bir ölkədə olduğunuz, orada yaşadığınız halda, niyə “7 nömrəli mənzil” Azərbaycanda çəkildi?

- Filmin ssenarisi azərbaycanlı rejissor, ssenaristə məxsusdursa, film elə Azərbaycanda çəkilməli idi. Çünki real hadisələr elə Azərbaycanda baş vermişdi. Filmi beynəlxalq festivallara göndərmək niyyətindəyəm. İstəyirəm ki, beynəlxalq arenada azərbaycanlı aktyorların adları səslənsin, tanınsın. Mən niyə öz ölkəmin sənətkarlarını qoyub, başqa bir ölkənin aktyorlarını reklam etməliyəm?

- Sevinc xanım, Amerikada Azərbaycana, azərbaycanlılara qarşı münasibət necədir?

- Azərbaycanın inkişafı, dünəni, bu günü göz qabağındadır. Ölkəmiz beynəlxalq yarışlara ev sahibliyi edir. İfaçılarımız, idmançılarımız beynəlxalq yarışlarda iştirak edir, böyük nailiyyətlər əldə edirlər. Ancaq bəzən bu belə təbliğatın genişləndirilməsi üçün kifayət etmir. Hesab edirəm ki, hər bir insan bir vətəndaş olaraq bu missiyanı öz üzərində daşımalıdır. Təbliğat dövlət tərəfindən edilməlidir deyib yaxamızı kənara çəkməməliyik. Özünü bu vətənin bir parçası hesab edən hər bir kəs təbliğat işində əlindən gələni, bacardığı işi görməyi özünə borc hesab etməlidir. Bugünə qədər “Vətən mənim üçün nə edib?” deyə özümə sual verməmişəm. Hər zaman "mən vətənim üçün nə etmişəm?" deyə düşünmüşəm və heç bir təmənna güdməmişəm.

Amerika böyük bir qitədir. Bir-iki nəfərin təbliğatı ilə məsələ həll olunmur. Bir vətəndaş olaraq ən azından sadəcə bacardığımız qədər təbliğatı aparmağa çalışıram. Los Ancelesdə başqa xalqların nümayəndələri daha çox üstünlük təşkil edir. Belə ki, burada fərqli mədəniyyətlər, dünyagörüş, danışıq, din, dil və sair toplanıb. Onlara Azərbaycan haqqında danışanda Xəzər dənizindən tutmuş qonşu ölkələrə qədər məlumat verməyə çalışırıq. Onlara azərbaycanlıyıq deyəndə bizdən Rusiya və Ermənistanla qonşu olduğumuzu soruşurlar. Biz özümüz deyirik ki, Türkiyə ilə həmsərhədik. Bakı haqqında kifayət qədər məlumat verməyə çalışırıq. Gələn qonaqlarımızı Azərbaycanıb bütün şəhərləri ilə tanış etmək üçün “Youtube”a müraciət etmək məcburiyyətində qalırıq. Mən çevrəmdəki insanlara yaşadığım ölkə haqqında kifayət qədər məlumat verirəm. Əvvəllər "Azərbaycandan gəlmişik" deyəndə hesab edirdilər ki, Türkiyədən gəlmişik. Ancaq indi elə deyil. Hiss edirəm ki, etdiyimiz təbliğat yavaş-yavaş işə yarayır.

Bahar RÜSTƏMLİ

AzNews.az