Kasıbların çimərlik dərdi

16 May 2013 15:32 (UTC+04:00)


Havalar qızdıqca, çimərlik həvəsi də artır. Baxmayaraq ki, hələlik rəsmi olaraq çimərlik mövsümü açılmayıb, indidən artıq çimərliyə gedənlər var. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov ANS PRESS-ə açıqlamasında bildirib ki, indi dənizdə çimmək olmaz. Çünki çimərliklər sanitar təmizliyə hazır deyil. "Bütün ərazilərdən nümunələr götürülüb və analiz olunacaq. Bundan sonra isə konkret nəsə demək mümkün olacaq", - deyə o bildirib.

Baxmayaraq ki, rəsmi olaraq çimərlik mövsümü açılmayıb, artıq indidən dənizə üz tutanlar var. Lakin bəziləri dənizə girişin pullu olmasından, bəziləri isə xidmətin çox baha olmasından şikayətlənir. Sakinlərin sözlərinə görə, bəzi çimərliklərdə dənizə giriş üçün 5 manat, bəzilərində isə 10 manat pul tələb edirlər. Elə çimərliklər də var ki, orada dincələrkən mütləq yaxınlıqdakı obyektin xidmətindən istifadə etməlisən.

Lakin Abşeron və Bakıda bütün çimərliklər pulsuzdur. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırovun sözlərinə görə, heç kəsin ixtiyarı yoxdur ki, çimərliyə girmək üçün pul istəsin: "Bakıda bütün çimərliklərdə giriş pulsuzudr. Bu barədə Bakı şəhər icra hakimiyyəti başçısının xüsusi sərəncamı var. Bizim əməkdaşlar buna nəzarət edir. Ötən illər belə qanun pozuntuları aşkarlanmışdı. Biz də bununla bağlı həmin obyekt sahiblərini ciddi cəzalandırdıq. Bu il də çimərliklərə ciddi nəzarət olunacaq".

Qeyd edək ki, dənizə girişin pullu olmasından başqa, burada əylənmək və dincəlmək istəyənlər digər xidmətlərə görə də pul ödəməlidir. Günəş şüasından qorunmaq üçün çətir 5 manata, 4 nəfərlik stol və stulu 10 manata icarəyə götürmək olar. Şıx çimərliyində 200 qramlıq dondurma 2 manata, şəhərdə 20 qəpiyə satılan su isə 50 qəpiyədir. Çimərlikdə çay dəstgahı 10 manata təklif edilir. Şıx çimərliyində bişmiş qarğıdalının bir dənəsi 1 manat 50 qəpiyə, şəhər mağazalarında 40 qəpiyə satılan günəbaxan tumlarını 1 manata, 80 qəpiklik siqaret 1 manat 30 qəpiyə almaq mümkündür. Dəniz motosikleti ilə səyahət isə müddətindən asılı olaraq 5 manatdan başlayır.

Çimərliyə 4 nəfərdən ibarət ailə üzvlərilə gedən zaman təxminən 100 manata yaxın pul ödəməlisən.

1.Stol və stullar 8-10 manat. Onlardan 3-4 saat istifadə etmək olar.
2.Çətir 3-5 manat.
3.Avtomobillə çimərliyə girməsi üçün bəzi yerlərdə 1, bəzi yerlərdə isə 2 manat pul tələb olunur.
4.Kafelərdə satılan kabablar 5 manatdan başlayır.
5.Dondurmalar 1, 2, 3, 5 manat və daha baha qiymətə satılır.
6.Adi sular 50 qəpikdən satılır.
7.Qarğıdalı 1 manat 50 qəpik.
8.Günəbaxan tumları 1 manatdan satılır.
9.At üstündə gəzmək 2 manat, xatirə şəkli çəkdirmək 1 manat.
10.Dəvə üstündə gəzmək 5 manat, xatirə şəkli çəkdirmək 2 manat.
11.Sadə çay 5, çay dəstgahı isə 10 manatdan başlayır.

Bunu nəzərə alaraq çimərliyə gedəndə əliniz cibinizdə olsun ki, ailə üzvləriniz yanında üzüqara qalmayasınız.

AzNews.az