KTMT-nın və Avrasiya İttifaqının üzvü olmadan da…

4 Oktyabr 2019 09:15 (UTC+04:00)

Baxmayaraq ki, KTMT-nın və Avrasiya İttifaqının üzvü deyil, Azərbaycanın siyasi çəkisi və nüfuzu heç də neçə illərdir bu təşkilatın üzvü olan dövlətlərdən az deyil.

Əlbəttə, bu, ilk növbədə prezident İ.Əliyevin apardığı siyasi kursun əyani göstəricisi və diplomatiyamızın şəksiz uğurudur. Bu günlərdə biz əyani olaraq bu mühüm məqamın şahidi olduq.

Əvvəldən aydın idi ki, Ermənistanın baş naziri N. Paşinyan üçün Avrasiya İttifaqının İrəvan sammiti ilk növbədə Rusiya prezidenti V.Putinlə əlaqələri sahmana salmaq üçün bir fürsətdir.

Sammitdə İran prezidenti H.Ruhaninin iştirakı isə Ermənistan üçün əlavə reklam rolunu oynamalı idi, halbuki hətta siyasətdən uzaq adama da tamam aydındır ki, İran heç bir halda “Avrasiya İttifaqı” adlanan Kreml tələsinə baş qoşmaz və İrəvanın Cənub-Şimal dəhlizi konteksindəki bütün vurnuxmaları mənasız bir işdir, çünki bunun üçün onun heç bir maliyyə - iqtisadi resursları yoxdur.

İranın özünə gəldikdə, bəlkə də başqa bir vaxt Tehranın belə bir niyyəti ola bilərdi, amma hal-hazırda bu ölkə ağır sanksiyalar altındadır və düşünmək ki, belə vəziyyətdə o, yetərincə bahalı geoiqtisadi layihələrə həvəs göstərəcək, əlbəttə, bu, gülünclük olardı.

Üstəlik, İran Cənub-Şimal dəhlizi konteksində öz seçimini edib və Azərbaycanla əməkdaşlığa qərar verib və bu seçim ciddi arqumentlərə əsaslanır: belə ki, Azərbaycanın əlverişli coğrafiyası, imkişaf etmiş infrastrukturu və əlbəttə ki, böyük maliyyə resursları bu seçimdə mühüm rol oynayıbdır.

Digər bir tərəfdən, sammitdən yayılan xəbərlərdən, Rusiya telekanalllarının süjetlərindən görmək olardı ki, Ermənistanın baş naziri, necə deyərlər, Rusiya prezidentinin xoşuna gəlmək üçün az qala, dəridən – qabıqdan çıxır.

Əlbəttə, sammit ərəfəsi kəskin bəyanatlara və tələblərə baxmayaraq Rusiyanın prezidenti İrəvana səfər etdi. Amma sammitdəki gərginlik göz önündə idi. Hətta Paşinyanla ikitərəfli görüş başqa bir yerdə yox, uçuş ərəfəsində aeroportda baş tutdu.

Burada dərhal qeyd edək ki, elə həmin gün V.Putin İrəvandakı Ermənistan səfirliyində eks-prezident R.Koçaryanın həyat yoldaşını qəbul etmişdi. Hətta bu detalın özü Rusiya-Ermənistan münasibətlərinin palitrasını çox gözəl əks etdirir.

Putinlə Paşinyanın danışıqlarının detalları haqqında KİV-lər hələ də susur və bu səbəbdən bizə də təfərrüatlar məlum deyil.

Aydın olanı isə budur ki, N.Paşinyan hələ xeyli müddət Rusiyanın “yaxın və starateji müttəfiqi” olan ölkənin baş naziri yükünü çəkəcək, hərçənd, özü də çox gözəl bilir ki, nə Avrasiya Birliyinin, nə də Rusiyanın digər layihələrinin heç bir faydası yoxdur və onun ölkəsinin ayaqlarını zorla darta – darta Moskvanın ardınca sürünməkdən və Rusiyanın bu dünyada öz yerini və missiyasını tapmaq üçün etdiyi əzablı cəhdləri - axtarışları bölüşməkdən savayı bir yolu yoxdur.

Öz növbəsində elə Kreml də erməni baş nazirinə böyük şübhə ilə yanaşmaqda və onu yad adam saymaqda davam edir və ona hələ yalnız bir səbəbdən dözür: Paşinyanın hələ müəyyən qədər elektoral dayaqları var və üstəlik, inqilabdan bir-iki ay sonra o, Moskvaya işarə etdi ki, Ermənistan siyasətində “Kreml amili”nin fərqindədir və təsadüfi deyil ki, Paşinyanın bütün avro-ehtirasları sözdən başqa bir şey deyil və həm də son vaxtlarda o, sözləri də xüsusi diqqət və həssaslıqla seçir ki, Kremlin qəzəbinə tuş gəlməsin...

İrəvan sammitinin ertəsi günü Rusiya prezidenti Soçidə özünün azərbaycanlı həmkarını qarşıladı. Azərbaycan prezidenti ilə görüş hansısa bir aeroportda yox, Rusiyanın yay paytaxtında – Soçidə baş tutdu. Düşünürük ki, növbəti dəfə İrəvan sammitilə Soçi görüşü arasında müqayisələr aparmağa dəyməz, hər şey göz önündədir.

Soşi görüşünün detallarına gəldikdə isə, Azərbaycan prezidentinin öz ölkəsinin həqiqətlərini dünyaya çatdırmaq üçün daha bir imkanı yarandı, çünki qısa vaxta baxmayaraq “Valday forumu” özünü ciddi beynəlxalq diskussiya platforması kimi təsdiq edə bilib.

Ən maraqlısı heç bilirsinizmi, nədir? Bir neçə həftə bundan əvvəl xəbərlər yayıldı ki, guya Azərbaycan KTMT-na qoşulmağa hazırlaşır və guya buna görə hətta təşkilatda “müşahidəçi dövlət” statusu da təsis edilir. Amma ki, rəsmi Bakı dərhal aydınlıq gətirdi ki, bu xəbərlərin heç bir əsası yoxdur. Niyə bunu bir daha yada saldıq? Yazının əvvəlinə qayıdaraq qeyd edək ki, KTMT-nın və ya Avrasiya İttifaqının üzvü olmaq vacib deyil, hətta bu təşkilatların üzvü olmadan da elə siyasət aparmaq olar ki, sənə hörmət etsinlər və səni saysınlar. Azərbaycanın prezidenti sübut etdi ki, bunu etmək mümkündür.

Beləliklə, ermənilərin növbəti “reklam çarxı” alınmadı. Biz isə onların yadına salaq ki, oktyabr ayında bloklara qoşulmayan dövlətlərin təşkilatında sədrlik Bakıya keçəcək, üstəlik, elə həmin ay da təşkilatın böyük bir tədbiri burada – Bakıda baş tutacaq. Odur ki, ermənilərin əsl siyasi nüfuzun və əsl dövlət siyasətinin necə olmasını görmək imkanları var – buyurub baxsınlar...

Hüseynbala Səlimov