Paşınyana tutarlı cavabı İlham Əliyev verdi

4 Oktyabr 2019 11:11 (UTC+04:00)

Cənab Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında böyük tribunadan “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” söyləməsi bir daha dövlətimizin sərt mövqeyini ortaya qoydu.

Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Xanlar Fətiyev söylədi.

Onun sözlərinə görə, 25 ildən artıq müddətdir ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonunun erməni işğalı altında olduğunu vurğulayan ölkə başçısı bir daha bəyan etdi ki, biz sona qədər mübarizə aparacağıq və tarixi torpaqlarımızın bir qarışının da düşmənlərdə qalması ilə barışmayacağıq:

"Soçidə çıxışında cənab Prezidentin Qarabağla bağlı qəti mövqeyi həm Ermənistanın baş nazirinə, həm də daxildə ermənipərəst çıxışlarla gündəmə gəlmək istəyən bəzi müxalifət üzvlərinə layiqli cavab idi”.

Deputat bildirdi ki, ölkə başçısının Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında tarixi faktlara söykənən bu çıxışı cox maraqla qarşılanıb.

“Dövlət başçısı bir daha bəyan etdi ki, Ermənistan rəsmilərinin tez-tez gündəmə gətirməyə çalişdıqları Dağlıq Qarabağın “xalqı” anlayışı ümumiyyətlə mövcud deyil və bu məsələ Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Cənab Prezident açıq-aydın vurğuladı ki, bu münaqişə bütün dünya tərəfindən qəbul edilən Azərbaycanın ərazi bütövlüyünün bərpasından, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından sonra həll oluna bilər.

Xanlar Fətiyev dedi ki, cənab İlham Əliyevin bu sərt çıxışı Ermənistan ictimaiyyətində də birmənalı qarşılanmayacaq və Paşınyana tutarlı cavab olacaq.

AzNews.az