Prezident İlham Əliyevin Soçi bəyanatı ekspertlərin şərhində

5 Oktyabr 2019 12:51 (UTC+04:00)

Oktyabrın 3-də Azərbaycan prezidenti İham Əliyev Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxış edib. Dağlıq Qarabağ münaqişəsindən danışan prezident Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb.

İham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Ermənistan baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və ”Dağlıq Qarabağın xalqı" üçün məqbul olmalıdır. Deməliyəm ki, “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

Soçidə İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Prezidentlər ikitərəfli ticarət-iqtisadi əlaqələrdə müsbət dinamikanın müşahidə olunduğunu qeyd ediblər.

Rusiya prezidenti əlavə edib ki, ölkələrin bu istiqamətdə indən belə də yaxşı perspektivləri var. Habelə Putin digər istiqamətlərdə işlərin necə getdiyi barədə informasiya mübadiləsini zəruri sayıb.

Cavabında İlham Əliyev Rusiya dövlət başçısına görüşmək imkanına görə təşəkkür edib və Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.

“Siz qeyd etdiyiniz kimi, hansısa vaxtdır ki, görüşmürük, daha dəqiqi, dörd aydır. Bu, bizim ötən illərdəki təmaslarımızın intensivliyini nəzərə alanda kifayət qədər böyük müddətdir”,-İlham Əliyev ötən il Rusiya lideri ilə dörd dəfə görüşdüklərini xatırladaraq deyib.

Azərbaycan prezidenti iqtisadi sferada müsbət dinamikanı da qeyd edib: “Mal dövriyyəsi ötən il də artıb, bu il də artır. Avqusta qədər olan dövrdə artım 20 faizdən çox olub”.

Hikmət Hacıyev ile ilgili görsel sonucu

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, Rusiya bizim üçün mühüm tərəfdaşdır, dostdur, xeyirxah qonşudur. Biz bu münasibətləri yüksək dəyərləndiririk. Sessiyadakı diskussiya və keçirilən görüşlər əlaqələrimizin bundan sonra da möhkəmlənməsi üçün yaxşı töhfə olacaq: “Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafında dövlətlərimizin başçıları arasındakı təmasların müstəsna rolu var. Keçən il iki ölkənin dövlət başçılarının dörd qarşılıqlı səfəri və bu çərçivədə görüşləri olub. Bunlar da əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Bu ilin aprel ayında isə Pekində ikinci ”Bir kəmər, bir yol" Forumu çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub. Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşündə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafı qeyd olunmaqla yanaşı, bir sıra praktik sahələrdə əlaqələrimizin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən yol xəritəsi sənədləri diqqətə çatdırılıb...".

Şöbə müdiri vurğulayıb ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli prosesində yaxından iştirak edir.

Hikmət Hacıyev qeyd edib ki, görüşdən sonra da dövlət başçılarının təkbətək görüşü oldu. Azərbaycan və Rusiya prezidentləri gündəlikdəki məsələlərə dair müzakirələrini davam etdirdilər: “Hesab edirəm ki, bu görüş iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir və əlaqələrimizin gələcək inkişafına əsaslı töhfə verəcək.

“Valday” Beynəlxalq Diskussiya Klubu platforması beynəlxalq münasibətlərin aktual məsələlərinin müzakirəsi baxımından olduqca önəmlidir. Bu tədbirdə dövlət və hökumət başçıları, ekspertlər, biznes və akademik dairələrin nümayəndələri iştirak edirlər.

Bu platforma dövlətimizin başçısı tərəfindən Azərbaycan Respublikasının beynəlxalq əlaqələrin gündəliyindəki vacib məsələlərə münasibətdə mövqeyinin ifadə olunması üçün olduqca mühüm imkan yaradır".

Siyasi analitiklər bildirir ki, prezident İlham Əliyev bu bəyanatla Qarabağ məsələsinə nöqtəni də, nidanı da Azərbaycan dövlətinin qoyacağını nümayiş etdirmiş oldu. Bu bəyanatın effekti onun həqiqət olmasında deyil, bu bəyanatın ən ciddi önəmi verildiyi məkan və auditoriyadır. Azərbaycanın dövlət başçısının erməni “nöqtə”sinə nida ilə cavabı bu məsələdə son sözün kimə aid olduğuna da açıq işarədir. Bu, prezidentin həm də vasitəçilərə-Azərbaycanın dostlarına da, bədxahlarına da verdiyi mesaja nida qoymasında bir xəbərdarlıq da olmamış deyil.

“Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiya prezidenti Ermənistanla Azərbaycan arasında balansı qorumağa çalışır. Vladimir Putin oktyabrın 2-də İrəvanda Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak etdi, İrəvanda baş nazir Nikol Paşinyanla görüşdü. Bir gün sonra Vladimir Putin İlham Əliyevlə Soçidə görüşdü. Rusiya prezidenti daha əvvəl azərbaycanlı həmkarını “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət etmişdi.

İlham Əliyevin

İlham Əliyevin “Valday” klubunun müzakirələrinə dəvət olunması Kremlin Azərbaycanla münasibətlərə əhəmiyyət verməsindən irəli gəlir: “Vladimir Putin İlham Əliyevlə ayrıca görüşdü. Bu görüş iki səbəbdən əhəmiyyətli idi. Birincisi, Rusiya və Azərbaycan prezidentləri arasında sonuncu görüş 4 ay əvvəl keçirilmişdi. İkincisi, Azərbaycan və Rusiya prezidentləri hələ avqust ayının əvvəllərində Moskvada görüşməli idilər. Moskvada üçtərəfli Rusiya-Azərbaycan-İran zirvə toplantısı keçirilməli idi. Ancaq görüşə bir neçə gün qalmış Kreml görüşü texniki səbəblərə görə qeyri-müəyyən müddətə təxirə saldı. Bu iki səbəbdən Rusiya və Azərbaycan prezidentlərinin görüşməsi zəruri idi. Təsadüfi deyil ki, İlham Əliyev Vladimir Putinlə görüşdə belə bir fikir işlətdi ki, iki ölkə arasında əlaqələrin intensivliyi baxımından yetərincə böyük müddətdir. Halbuki keçən il iki ölkənin lideri dörd dəfə görüşüblər. Hər iki lider bu görüşlərin iki ölkə arasındakı münasibətlərdə çox müsbət rol oynadığını, strateji tərəfdaşlığın inkişafına yaxşı təkan verdiyini dedi. Putinin iki ölkə arasındakı ticarət möhkəmləndiyini və əmtəə dövriyyəsinin həcminin 2.5 milyard olmasını xüsusi vurğuladı. Müqayisə üçün deyək ki, Rusiyanın Ermənistanla əmtəə dövriyyəsinin həcmi Rusiya ilə Azərbaycan arasındakı əmtəə dövriyyəsinin həcmindən azdır.

Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası tikməyi təklif edir. Bu da iki prezident arasında görüşdən çıxan bir başqa nəticədir. Bəli, Azərbaycanın enerjiyə tələbatı artıb. Artan iqtisadiyyata daha çox elektrik enerjisi lazımdır. Ancaq biz özümüz hələ gərək bu suala cavab tapaq ki, bizə atom elektrik stansiyası lazımdırmı? Aydındır ki, bu suala müsbət cavab verəcəyimiz halda atom elektrik stansiyasının tikintisi ilə bağlı müraciət edəcəyimiz ölkələrdən biri Rusiya olacaq. Vladimir Putinlə görüş və “Valday” klubunun diskussiyalarında iştirak Azərbaycan prezidentinə imkan verir ki, Dağlıq Qarabağla bağlı mövqeyimizi də bir daha dünya liderlərinin və aparıcı ekspertlərinin diqqətinə çatdırsın.

Ermənistanın baş naziri Xankəndidə “Qarabağ Ermənistandır” deyirsə, Azərbaycan prezidenti ona Soçidə dövlət başçılarının iştirak etdiyi konfransdan “Qarabağ Azərbaycandır” deməklə cavab verir. Döyüş davam edir. Həftəyə damğasını vuran “Qarabağ Azərbaycandır” şüarı hər yerdə milli və bizi millət kimi birləşdirən şüara çevrilməlidir".

Politoloq Eldar Namazov ile ilgili görsel sonucu

Politoloq Eldar Namazov İlham Əliyevin sözügedən bəyanatının mühüm əhəmiyyətə malik olduğunu vurğuladı: “Prezident İlham Əliyev məlum bəyanatı ilə Paşinyana layiqli cavab verdi, onu yerinə oturtdu. Azərbaycan prezidentinin bu bəyanatı yalnız bir cümlədən ibarət deyil. Ölkə başçısı Qarabağ probleminin tarixi aspektlərinə də toxundu. Dağlıq Qarabağın guya 20-ci illərdə Azərbaycana verilməsi ilə bağlı erməni uydurmalarını da ifşa etdi. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməməsinə diqqət çəkdi. Sonda isə Paşinyanın sərsəm bəyanatına da obyektiv cavab verdi. Bu görüşdə diqqət çəkən vacib məqamlardan biri də bəyanatın harada verilməsi ilə bağlıdır. ”Valday" klubunun iclasında Putin özünə yaxın bildiyi prezidentləri dəvət etmişdi. Soçidə Azərbaycanın nümayəndə heyətinə baxsaq görərik ki, görüşdə prezident, xarici işlər naziri, baş nazirin I müavini, Rusiya ilə hərbi-texniki əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri iştirak edirdi. Bu baxımdan bu səfəri həm Qarabağ məsələsi, həm də digər məsələlərlə bağlı uğurlu səfər adlandırmaq olar".

Politoloq Nəzakət Məmmədova ile ilgili görsel sonucu

Politoloq Nəzakət Məmmədova isə bildirdi ki, prezident İlham Əliyevin dünyanın məşhur beyin mərkəzlərindən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunması, habelə keçirilən yüksək səviyyəli görüşlər dövlət başçımıza dünyada olan böyük etimadın təzahürüdür: “Valday forumu Rusiyanın dünyaya önəmli mesajlar verdiyi böyük tədbirdir və Azərbaycan prezidenti İlham Əliyevin oraya dəvət olunması təqdirəlayiqdir. ”Valday" forumu nisbətən gənc olsa da, qısa zamanda nüfuzlu platformaya çevrilib. Prezident İlham Əliyevin iştirakı həm onun şəxsi nüfuzu, həm də ölkəmizin dünyada artan rolu ilə bilavasitə əlaqədardır.

Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına Azərbaycan prezidenti möhtəşəm cavab verdi. Nikol Paşinyan o sözləri Xankəndidə demişdi. Azərbaycan prezidenti isə Rusiya prezidenti Vladimir Putinin, xarici işlər naziri Sergey Lavrovun və dünyanın onlarla tanınmış beyin mərkəzlərinin analitiklərinin qarşısında çıxışı zamanı onun cavabını verdi. Ermənistanın baş nazirinin sözlərinin doğrudan da sayıqlama olduğunu, həddini aşdığını dəqiqliklə əsaslandırdı. Bu, məncə həm də Rusiyaya ünvanlanan bəyanat idi, birbaşa Putinin ev sahibliyi etdiyi tədbirdə açıq şəkildə, nida işarəsi ilə bəyan edildi. Bu baxımdan da böyük əhəmiyyət daşıyır". (Musavat.com)