Mir Şahin Milli Şura üzvünün ŞOK səs yazısını yaydı - VİDEO

6 Oktyabr 2019 23:12 (UTC+04:00)

Tanınmış telejurnalist Mir Şahin Real TV-dəki müəllif proqramı "Mir Şahinin vaxtı"nda Prezidentin Soçi səfərini, Valday klubunun tribunasından görünən yeni geosiyasi mənzərəni, Putin-Əliyev görüşünü şərh edib.

Həmin proqramı təqdim edirik:

"REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdır.

Bu axşam geniş bir əhatəmiz olacaq. Prezidentin Soçi səfərinin Rusiya-Azərbaycan münasibətlərini açan indikator mahiyyətini, Valday klubunun tribunasından görünən yeni geosiyasi mənzərəni, Putin-Əliyev görüşünün Azərbaycanın regional siyasi-iqtisadi-mənəvi xab kimi etirafının qabarıq elementi olmasını şərh edəcəyik. Dövlət-vətəndaş münasibətlərinin tam inzibatidən mütləq səmimiyyətə transformasiyası üçün görlən işlər, islahatların yeni dalğası ərəfəsində ölkənin Baş Düşüncə Qərargahında-Dövlət başçısının təhlil və strateji planlama müstəvisindəki ab-havadan bəhs edəcəyik. Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovla əhalini gözləyən yeni mühüm sosial-iqtisadi dəyişikliklər barədə müzakirəmiz olacaq. Məncə, bu söhbət Azərbaycanın sosial-iqtisadi düşərgəsini, ümumiyyətlə bu sferanı araşdıran təhlilçiləri, institutları ciddi maraqlandırmalıdır. Ona görə də qeyd dəftərçələrini hazırlamağı məsləhət görərdim. Təbii ki, həftənin başqa maraqlı və dramatik hadisələrini də nəzərdən keçirəcəyik. Məsələn, ötən il Gəncədə törədilən terror hadisələri və bu proseslə müxtəlif təmas dərəcələrində bağlı olan şəxslərin məhkəmə işi, bir neçə nəfərin elə zaldanca şərti azadlığa buraxılmasının əsil səbəblərinə toxunacağıq. Heş şübhəsiz ki, Azərbaycanın Dünyada Bir nömrəli brendi, 1993-cü ildən bəri dövlətin əsas iqtisadi-siyasi, hətta hərbi təhlükəsizliyinin, ümumilikdə dövlət müstəqilliyimizin vacib sütunu, inkişafımızın əsas lokomotivi olan SOCAR ətrafında vaxtaşırı başqaldıran hadisələr, onların təxribat, diversiya, vətəndaşı dövlətə qarşı qoymaq kimi təhlükəli əməllərdə istifadə olunması üzərində dayanacağıq.

Əlbəttə, Azərbaycanın ərazi bütövlüyü uğrunda yaralanmış vətəndaşlarımızın xüsusi münasibət tələb etməsi haqdır. Necə deyərlər, onlar 20 faiz əskik gələn dövlətimizə öz çatışmayan əlləri, ayaqları ilə daha çox oxşayırlar. Amma arxa qatda bəzi detallar da var və onların arasında gizlənən Şeytana lənət oxumaqla iş bitmir. Özünü Milli Şura adlandıran bir qrup siyasi fəalın Bakının mərkəzində keçirməyə hazırlaşdığı Piket ssenarisi də diqqət mərkəzimizdə olacaq.

Rafael Cəbrayılov adlı sabiq deputatın işi də məsələ qanun müstəvisində həll edilənədək gündəliyimizdə olacaq. İstefa mədəniyyəti göstərməyə məcbur edilmiş bu adamın digər mədəniyyətlərlə də tanış olmasına əşhəddü-ehtiyacı var və biz kütləvi informasiya vasitələri Millət vəkilinin bir hərf əskikliyinə, illət vəkilliyinə dönüşünün əsl səbəblərini ciddi araşdırmalıyıq.

Belə. Söhbətimizin gedişində, bir sıra sputnik mövzulara da toxunacağıq. 25 il əvvəl Heydər Əliyevin Azərbaycanda dövlət çevrilişinə cəhdin qarşısını ustalıqla almasının 25 ili də bu həftəyə təsdadüf etdi. Biz silahlı müxalifətin ləğvi ilə geniş vətəndaş-dövlət prospektinə çıxdıq.

Bu günkü buraxılşımızın bir əlamətdarlığı da var. 1989-cu il, oktyabr ayının 6-da, düz 30 il əvvəl Azərbaycanda ilk müstəqil mətbu orqanı işıq üzü gördü. “Azərbaycan” qəzeti fəaliyyətə başladı. Sabir Rüstəmxanlının Baş redaktorluğu ilə meydana çıxan bu ümumxalq tribunası elə bir hədd müəyyənləşdirdi ki, bu gün də milli mətbuatımız o səviyyəyə çata bilmir. Azərbaycan Sovet Sosialist Respublikasının müstəqil dövlətə çevrilməsinin əsasları həm də bu qəzetin səhifələrində qoyuldu. Beləliklə, biz bu gün bütün təhlil axşamını Azərbaycan adlı dövlətin, bizim dövlətin, müstəqil dövlətimizin ətrafında keçirəcəyik.

Həftə başdan ayağa qələbə ilə keçdi. Başdan qələbə dedikdə şahmatçımız Teymur Rəcəbovun Dünya kuboku, ayağadək qələbə dedikdə isə Qarabağ klubunun futbolçularının 4 top vurmuş ayaqlarını nəzərdə tuturam. Burada biz həm də Düdelanjın meydanında separatçı rejimin hansısa materiyasını bayraq adı altında qaldıran provakatorların qarşısının alınmasından danışmalıyıq. Bir sözlə, başlayırıq dövlətimizin, Azərbaycanımızın adıyla.

Prezidentin Soçi səfəri bir neçə məsələnin axırına çıxdı. İlk növbədə Azərbaycanın guya Rusiya ilə hansısa problemlər yaşadığını iddia edənlərin məntiqi darmadağın edildi. Əliyev-Putin görüşü ən müxtəlif dairələrdə təbəssüm qırışığından alın qırışınadək bütün detallarıyla müzakirə edilib. Buna baxmayaraq mən yenidən iki liderin Soçi əl sıxmasına qayıtmağı təklif edirəm. Və təkcə əl sıxmaqdan getmir burada söhbət. Bu fraqmentlərdə bədxahların ürəyinin sıxılması üçün də kifayət qədər əsas var.

İlham Əliyevin Soçi səfərinə REAL Təhlil və informasiya Mərkəzi layiqincə diqqət yetirdi. Bütün çıxış birbaşa yayımda nümayiş etdirildi. Bununla kifayətlənmədik. Bir sıra ekspertlərlə işlədik. Ayrı-ayrı məqamlar üzərində həm fundamental, həm fraqmentar dayandıq. Amma Millət vəkili, Azərbaycan-Rusiya Dostluq qrupunun rəhbəri Əli Hüseynovla söhbətin bəzi hissələrini yenidən təqdim etmək istəyirəm. Səbəbi, söhbətin gedişində yəqin ki, asanlıqla anlaşılacaq.

Bir az əvvəl dedim ki, bütün təhlil axşamını Azərbaycan adlı dövlətin, bizim dövlətin, müstəqil dövlətimizin ətrafında keçirəcəyik. Ümumi sözlərdən ibarət bu cümlənin qrammatik təhlilinə keçməyəcəm, baxmayaraq ki, Prezidentin "Qarabağ Azərbaycandır və nida işarəsi!" deyimindən sonra ölkə analitiklərində bu və ya digər məsələnin analizi durğu işarələri ətrafında cərəyan edir və olduqca vacib məsələlər analitiklərin emosional baxışlarının arxasında öz soyuqqanlı riyazi təmaslarını gözləyir. Bizim təhlil və araşdırmalar mərkəzində riyaziyyat önəmlidir. Ortada bir dövlət var. Harada olmaqdan və nəilə məşğul olmaqdan asılı olmayaraq o dövləti qorumaq kimi bir borcumuz var. Biz Valdayda Prezidentin çıxışı zamanı islahat Azərbaycanının əldə etdiyi nəticələrin statistikasını eşitdik. Bu, qısa müddətdə qazanılmış uğurlarla məmnuniyyətlə bölüşən Dövlət başçısının çıxışı idi ki, onun həm də Valday klubuna niyə dəvət olunduğunu abartan səbəblərdən biri kimi maraq doğururdu. Ümumiyyətlə, İlham Əliyevin islahatçı lider kimi mahiyyəti genişmiqyaslıdır. O tutaq ki, Azərbaycanda vətəndaş-dövlət təmasının yeni formatını tətbiq edir, inzibati yanaşmanın radiusunu səmimi yanaşmanın xeyrinə azaldır və bununla da xalq-iqtidar yaxınlaşmasını forma yox, xalis məzmun, mahiyyət labüdlüyünə çevirir. Təmas formatının səmimiyyətə dəyişməsi Prezidentin beynəlxalq müstəviyə təklif etdiyi yeni düsturdur.

İlham Əliyevin kursunu uzunmüddət izləyən biri kimi deyə bilərəm ki, təklif və təşəbbüs müəllifi olaraq o yaratdığı vəziyyətin sahibidir və ona görə də bütün hallarda çıxış yolunu da, növbəti gedişləri də o özü təklif edir və hər bir halda haqlı olur. Bu baxımdan Valday tribunasından çıxışı zamanı Azərbaycanda görülən işlərin statistikası və nəticələrin icmalı mənə bir təhlilçi olaraq imkan verir ki, gözlənilən yeni islahatlar paraqrafına da toxunum. Çünki, islahatlar paketinin növbəti hissəsinin həyata keçməsilə şəxsən mən Prezidentin Beynəlxalq Platformalara təklif edəcəyi çoxşaxəli yeni reformaları da məmnuniyyətlə gözləyirəm. Elə buna görə də Prezidentin islahatlar üzrə köməkçisi Natiq Əmirovla görüşdüm.

Bir saatdan artıq işləyirik, amma əminəm ki sizi yormuram. İndi həftənin başqa dramatik hadisələrini də nəzərdən keçirək…Gəncədə törədilən terror hadisələri və bu proseslə müxtəlif təmas dərəcələrində bağlı olan şəxslərin məhkəmə işi, SOCAR ətrafında baş verən hadisələr, özünü Milli Şura adlandıran bir qrup siyasi fəalın Bakının mərkəzində keçirməyə hazırlaşdığı Piket ssenarisi və başqa məsələlər barədə ətraflı danışacağıq.

Yenidən studiyadayıq və vaxtımız gedir.

Gəncədə qan tökənlərin bu günü

Ötən ilin yayında Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktı, ardınca da Elmar Vəliyevin ailəsinin Gəncədən qovulması tələbilə əslində Yunis Səfərova dəstək vermək məqsədilə keçirilən aksiyada iki polis zabitinin amansızlıqla qətlə yetirilməsi ətrafında məhkəmə araşdırmaları davam edir. O hadisələrə bağlılığı, iştirak dərəcələri araşdırılan məhbusların valideynləri, xüsusilə analarının etirazları kiçik fasilələrlə özünü göstərməkdədir. Araşdırmalar gedir. Kimə isə çox, kimə isə az iş verilir. Kiminin isə ailə vəziyyəti, istintaqla əməkdaşlığı nəzərə alınaraq şərti cəza ilə azad edilir. Yeri gəlmişkən məhbus Elmirin anası Sevinc xanım hansısa internet mikrofonuna demişdi ki, birdən sabah mənim oğlumu azad etsələr Mir Şahin onda nə deyəcək. Gərək ki mən belə demişdim. Mən Sevinc xanımı bu münasibətlə təbrik edəcəm. Buyurun, Sevinc xanımın övladı şərti azadlığa buraxılıb və mən onu övladının geri qayıtması münasibətilə təbrik edirəm və arzu edirəm ki, o ümumiyyətlə geri qayıtsın. Daha adı bir də belə hadisələrdə hallanmasın, Azərbacan dövlətinə, dünyəvi Azərbaycan dövlətinə şərəflə xidmət etsin! Yeri gəlmişkən, bir sıra kütləvi informasiya vasitələri məhkəmə zallarından sərbəst buraxılmaları belə təqdim edir: “Filankəs Filankəsov azad edildi! Və ya məhkəmə zalından azad edildi və s. Məlumatsız insanlarda isə belə təsəvvür yaranır ki, bu insanlar azad edilib və günahları yoxdur. Məncə, yazarkən diqqətli və ehtiyatlı olmaq lazımdır. Baş Prokuror Zakir Qaralovu dinləməyi təklif edirəm:

Burada vacib bir məqam var ki, onun üzərində xüsusi dayanmaq istərdim. Dövlət öz vətəndaşına, törətdiyi əməlin ağırlığına baxmayaraq alicənablıqla, mərhəmətlə, humanizmlə yanaşır. Yəni burada söhbət heç də terror hərəkətlərinə dəstək məqsədilə keçirilən aksiyalarda iştirak edən şəxslərin yaxınlarının, valideynlərinin təzyiqi oldu, ona görə də məhkəmələr geri çəkildi, urra Allahü Əkbər və sair kimi sevincək sloqanlar-dan getməməlidir.

Fədayə Laçının cəzasının azaldılması və bu günlərdə azadlığa cıxacağı da eyni yanaşmanın nəticəsidir. Fədayə Laçın bir nümunədir. Gəncə məhbuslarına da. Adlarını bilmədiyimiz nə qədər insan məhkəmələrin yeni baxışlarından sonra azadlığa buraxılıb. Şərti şərtsiz. Başqa cür dəyərləndirmə zərərli yanaşmadır. Həm də müxtəlif vaxtlarda ən müxtəlif məzmunlu cinayət əməllərinin müəllifi olmuş, anaları, ataları üçün həmişə məsum qalmış minlərlə məhkumun və məhbusun öz əməlini və şəraiti yanlış dəyərləndirməsinə səbəb ola bilər. Məhkəmə zallarından buraxılmalar günahsızlıq əlaməti deyil. Dövlət səhv etmiş, hətta ağır cinayətdə iştirak etmiş vətəndaşının normal həyata qayıtması üçün ona hələ də şans saxlayır. Qaragüruhun nəzarəti altında olan internet sahibsizlərinin dəstəyinə arxayın olaraq bu torda getdikcə daha çox azan, dolaşan insanlar təhlükəli xammala çevrilir. Aparılan islahatlar dövlət və vətəndaşın arasını açıb, özü də çox açıb. İndi az qala hər bir xırda məsələni həll etmək üçün vətəndaş Prezident aparatına gedir. Bu bir yandan yaxşıdır ki, vətəndaş öz Prezidentinə, iqtidarına daha yaxın olmaq, dərdini ona söyləmək istəyir. Amma qanunlar heç bir halda arxa plana keçməməlidir. Cinayət varsa cəza olmalıdır. Bağışlanmaq isə müəyyən vaxtdan sonra əfv ərizəsinə baxılmaqla mümkün ola bilər. Dövləti təhlükəli tendensiyalardan qorumaq məqsədilə. Belə olmadıqda, dövlətin humanist prinsiplərlə dayaqlanaraq azad etdiyi məhkum bayırda dərhal belə danışır:

Bilirsiz, mən hər belə hadisəyə Azərbaycanın, dövlətin pəncərəsindən baxıram. Hər belə ilk baxışda kiçik görünən hal, hətta diqqəti çəkməyən pıçıltı belə dövlətin vətəndaş tərbiyəsinə mənfi təsir göstərə bilir. Prezidentin, Birinci vitse-prezidentin dövləti yönləndirdiyi yeni mülki əhval ruhiyyə təbii ki mərhəmətə, canyandırmağa eyni zamanda ədalətə hesablanır. Amma xüsusilə qaragüruhun əlində cəmləşmiş resursların cəlb olunmasıyla mövcud vəziyyət təhrif edilərək çatdırılır.

SOCAR-a qarşı iyrənc plan

Məsələn, bu günlərdə Dövlət Neft şirkətinə məxsus ərazilərdə tikinti aparan bir qrup şəxslə yaşanan insidenti götürək. Detallara varmayacam, ona görə ki, artıq hər kəsin hər şeydən xəbəri var. Amma burada bir neçə ciddi məqam var ki, mütləq toxunulmalıdır. Qarabağ qazilərini döydülər! SOCAR-ın qoçuları qan tökdü! Onlar Qarabağda ayaqlarını qoydular, bir parça torpaq nədir ki? tipli ilk baxışda ürək dağlayan, adi insan emosiyasına hesablanmış nidalar, xitablar, ağlamsınmağa və ağlamsındırmağa yönəli çağırışlar. Qaragüruh və məlumatın peşəkarlıqdan min kilometrlərlə uzaq işıqlandırılma qabiliyyəti məlumatsız adamı qəzəbləndirir. Söyüş, təhqir, təhdid ön plana çıxır. Hədəf seçilən qurum-SOCAR lənətlənir. Unudulur ki, Dövlət Neft şirkəti Azərbaycanın dövlət olaraq mövcud olmasında müstəsna mahiyyətə malikdir və onun gözdən salınmasına edilən cəhdlər ilk və son növbədə Azərbaycanın dayaqlarına edilir. Bir neçə ildir ki, bu qurum ətrafında məqsədli şəkildə yayılan və yayıldırılan informasiyalar guya qurumun prezidentinə, əslində isə Azərbaycana, onun beynəlxalq miqyasda tanınan əsas brendinə yönəlib. Müxtəlif ölkələrin ərazisindən idarə olunan ideoloji diversiyanın əsas məqsədi vətəndaşda SOCAR-a nifrət aşılamaqdır. Bir tərəfdən Qubad İbadoğlu kimi birtərəfli statistika ilə manipulyasiya edənlər neft gəlirlərinin xalqa ucuz Sədərək bazarı məntiqilə çatdırılmasını təşviq edir. Hətta az qala adamları SOCAR-ın binasına da yollamaqa amadə kimi davranırlar ki gedin nöyüt pulunuzu Rövnəqdən alın. Digər tərəfdən isə guya Qarabağ qazilərinin döyülməsi adı altında Azərbaycan vətəndaşlarını bu quruma nifrət bəsləməyə təhrik edirlər. Əslində vəziyyət necədir. SOCAR-la torpaq davası aparan əlilləri idarə edənlər və ümumiyyətlə qalmaqala cəlb olunanların tərkibini araşdıraq.

Məsələn, Hacıyev Məhəmmədəli İsgəndər oğlu.

Özünü Qarabağ əlili kimi təqdim edən bu adamın doğrudan da əlilliyi var. və 2013-cü ildən. Amma şizofreniya ilə bağlı. 2017-ci il, iyun ayında əlilliyin səbəbini ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar edib. 2019-cu ildə araşdırma aparan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Hacıyev Məhəmmədəlinin sənədləri şübhəli görünüb, ona görə də aprel ayının 17-də nazirlik Müdafiə Nazirliyinə sorğu göndərib.

Müdafiə Nazirliyinin Tibb İdarəsi araşdırıb və may ayının 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub göndərib ki, Hacıyevin əlilliyinin hərbi xidmətlə heç bir əlaqəsi yoxdur. Ona görə də nazirlik tərəfindən onun Qarabağ müharibəsi əlilliyi elə o vaxtdan ləğv edilib. Əlilliyinin səbəbi ümumi xəstəliyə çevrilib. Diqqətinizi indi başqa bir video materiala yönəldirirəm.

Sərxan Musayev. O doğrudan Qarabağ müharibəsi əlilidir.

Amma müxtəlif çəkilişlərdə acam! Heç yerdə evim yoxdur! deyərək ittiham edən Sərxanın əslində imkansızlığı barədə dedikləri yumşaq desək şişirdilib. Qarabağ müharibəsi əlilləri özləri onun Tərtərdəki dükanının şəklini bizə göndəriblər. Bu rayonda onun evi də var. Kadrarxasında danışan da, kadra danışan da qazilərdir.

Məhərrəm İsmayılov. Azərbaycan Respublikası Bakı Müharibə Əlili və Veteranları İctimai Birliyinin üzvüdür.

Eyvaz Atayev də qazidir. Sualları Məhərrəm verir.

Əlbəttə, hər bir Azərbaycanlının, hər bir vətəndaşın haqqı və hüququ var. Qarabağ qazilərinin yeri isə dövlətin nəzərində bir başqadır.

Məsələn, Prezident İlham Əliyevin çıxışının bir hissəsinə baxaq.

Birinci Vitse prezident Mehriban Əliyevanın Qarabağ qaziləri ilə görüşünün bir məşhur parçasını da təqdim edirəm.

Mehriban Əliyeva mən Sizin kimi Qardaşlarımla fəxr edirəm demişdi.

Bu çıxışları niyə təqdim etdim. Ona görə ki, söhbət ən yüksək səviyyədə etimaddan, ən yüksək səviyyədə etibardan gedir və Prezidentin çıxışında ədalətli olmaq xüsusi vurğulanır. Bu baxımdan Qazi adının arxasında gizlənərək möhtəkirlik edən, dövlətin beynəlxalq brendi ətrafında qara piar hərəkatının fəal üzvünə çevrilən, bununla da qaragüruhun antidövlət çıxışlarına dəstək verən bu zümrəyə Prezidentin dediyi ədalət tətbiq edilməlidir. Qarabağ qazilərinin səhv təsir altına, səhv yola düşmüş hissələri unutmamalıdır ki. onlar Mehriban Əliyevanın qardaşlarıdır.

Ümumiyyətlə, sosial şəbəkələrin meydana çıxmasıyla mediya qeyri-peşəkarların cövlanı üçün əla meydançaya çevrilib. Xüsusilə belə hadisələr zamanı bulanıq su başına hərə öz tilovu ilə keçir.

Qaragüruh və rəsmi təbliğat arasında gizli bir məlumat, informasiya müharibəsi gedir. Ən maraqlısı da budur ki, qaragüruh öz başına gələn neqativ hadisələri müxtəlif, kombinə edilmiş quraşdırılmış məlumatlarla arxa plana keçirir. Diqqət yetirin. Qaragüruhun Fuad Qəhrəmanlının timsalında uğradığı fiasco, ardınca Əli Kərimlinin mitinq üçün ona təklif edilən ərazidən rüsvayçılıqla qaçışı və 50 min adam çıxaracağıq mitinqə dediyi halda sonda Bakı Şəhər İcra Hakimiyyətinə 50 adamlıq piket üçün icazə müraciəti-hər biri ayrılıqda uğursuzluqlardır. Amma güruh əlində olan internet resursları hesabına SOCAR-qazilər psevdo skandalını körükləyir və bununla da əsas məğlubiyyət aktlarından diqqəti kənara çəkir.

Əli Kərimliyə nifrət edən cəbhəçi qadının şok sözləri

Milli Şura adlandırılan qurum Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib ki, oktyabrın 8-də bir saatlıq və 50 adamlıq piketə icazə versin. Amma qaragüruhbaşı Əli Kərimli artıq cığallıq edir və bütün internet çıxışlarında arzu edənlərə açıq bildirir ki, giriş sərbəstdir. Özü də bunu məsuliyyətə belə münasibət bəsləyən birisi edir.

Yeri gəlmişkən, Əli Kərimlinin son qarışıq, çalpaşıq hərəkətləri qaragüruhun içindəki problemlərin ört-basdır edilməsilə bağlıdır. Məsələn, mən REAL-a cəbhəçilərin içindən daxil olmuş bir səs yazısını Sizə təqdim edirəm. Müraciətin müəllifi Milli Şuranın, güruhun ən fəal qadınlarından biri Dilarə Miriyevadır.

Yəni əslində Əli Kərimlinin ətrafındakı qopmalar təsadüfi xarakter daşımır. Sabiq müavini Fuad Qəhrəmanlının istefası, Dilarə Miriyevanın kiçik üsyanı göstərir ki, nəzarət təftiş komissiyasının Sədri Aydın Əliyevin müraciəti qanunauyğunluqdur.

Bütün bu qısa qapanmalar qaragüruhda bir qəza perspektivi vəd edir. Və buna görə də Kərimli və güruhu piket ssenarisi əsasında başqa bir tamaşa oynaya da bilər. Amma dövlətin, rəsmi qurumların verdiyi bu şans dürüst dəyərləndirilməzsə, hər hansı təxribat və ya pozuculuğa yönləndirilərsə, qaragüruh bütün sivil toplanışlara yolunu elə özü bağlamış olacaq. Unudulmamalıdır ki, piket üçün təklif edilən və icazə verilən ərazi şəhərin düz mərkəzindədir və bura yalnız skripka kurslarının keçirildiyi məktəbə yaxın deyil. Və hələ o da bəlli deyil ki, qaragüruh kimin skripkasında çalır və ya neçənci skripkadır xaric orkestrində, xaricləyən orkestrdə. Bu piketdə hər hansı provakativ addım Düdelanja qalib gəlmiş Qarabağın başının üstündə separatçı əski parçası uçurmağa cəhd göstərənlərin hərəkətinə bərabər olacaq. Azərbaycanın dipolmatik mövqeləri gücləndikcə, Qarabağ məsələsinin həlli üçün əlverişli şərait yarandıqca, ənənəvi qaragüruh əngəl mövqelərindən çıxış edir.

Məsələn, Qarabağ-Düdelanj oyunu zamanı meydanda pozuculuq aksiyasını təkcə ermənilər etmirdilər. Onlarla unison hərəkət edən və stadiona zorla soxulan Orduxan Temirxanın hərəkəti birmənalı olaraq Azərbaycanın istər idman, istərsə də milli maraqlarına zidd idi. Və heç şübhəsiz ki fəsadsız qalmayacaq. 4-1 hesabına kölgə salmasa da. Nəticəsiz ötüşməyəcək. Bir tərəfdən Teymur Rəcəbovun dünya kuboku, dərrakə ucalığımız, başqa tərəfdə Qarabağ futbolçularımızın hətta ayağına düşməyə belə ləyaqəti çatmayan murdar əski parçası. Digər tərəfdən bütün qaydaları pozaraq meydana soxulan və Azərbaycanı risk altında qoyan bir internet tapdığı. Dövlət hər birimizin ayağından və başından keçir. Başımızdan keçib qurban, ayağımızdan keçib qazi oluruq. Ayağın öz, başın öz haqqı var. Bayrağa provakator kimi bükülüb dövləti zərbə altına qoymaq olmaz. Ona görə ki, biz bayrağa şəhid olaraq bükülürük. Düz 25 il əvvəl bu günlər Azərbaycanda dövlət çevrilişinə cəhd yaşanırdı. Heydər Əliyev xalqı dövlətin müdafiəsinə dəvət etməklə qiyam qüvvələrinə qarşı mübarizədə Əliyev üslubu kimi tanınan bir dəst –xətt tətbiq etdi. O günlər qiyamçılar dövlətin ruhuna, qanununa əl qaldırmışdılar. Baş Prokuroru döyərək məcbur etmək istəmişdilər ki, o Heydər Əliyevə-prezidentin həbsinə sanksiya versin. Ona görə ki, onların belə bir təcrübəsi var idi. 1993-cü ilin iyun ayında Əli Kərimlinin dövlət katibi olduğu hakimiyyətdə əsir götürülmüş Baş prokuror İxtiyar Şirinov Prezident Elçibəyin həbsinə sanksiya vermişdi. Amma 94-cü ildə bunu edə bilmədilər. Bir Baş prokuroru, Əli Ömərovu sındıra bilməyənlər və onların davamçıları 26 ildir ki, Heydər Əliyevin yenidən qurduğu dövlətin başına zorla gəlməyə cəhdlər edirlər. Amma 94-cü ilin oktyabrı və 95-ci ilin martında yatırılan iki qiyamla hərbi müxalifətə və bununla da zorakılıqla hakimiyyətə gəlmək ənənəsinə son qoyulduğundan bütün belə cəhdlər uğursuzluqla yekunlaşır.

Azərbaycanı qorumaq lazımdır, qardaş və bacılar. Biz bircə Şuşanı, bircə Laçını, Bircə Kəlbəcəri, bircə daha neçə rayonumuzu, təkcə Qarabağı qaytara bilmirik. Allah göstərməsin Azərbaycanı necə qaytararıq. Bu barədə fikirləşirmi qara güruh. Yeri gəlmişkən, Qara bağ problemilə eyni boyda bizim Qara Güruh problemimiz də var. Diqqətlə hesablasanız, hər ikisi eyni ildə yaranıb! Bu təsadüfdürmü? Ətrafında düşünək. Dövlətimizin başına toplaşaraq düşünək".

AzNews.az