Əbülfəs Qarayev: Güllələnmiş heykəllər gec-tez öz yerlərinə qayıdacaq - YENİLƏNİB

9 Oktyabr 2019 09:22 (UTC+04:00)

- Alo, salam. Əbülfəs müəllimdir?

- Salam. Buyurun, eşidirəm. Kimdir?

- Cənab nazir, sizi “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy narahat edir. Qəzetimizdə “Nazir qapısı” adlı yeni rubrikaya start vermişik və istəyirik sizinlə həmsöhbət olaq.

- Məndən qabaq bu rubrikada kimlər olub?

- Elə sizinlə başlamaq istəyirik, ümid edirik ki, təşəbbüsümüzə müsbət cavab verəcəksiniz...

- Bəs elə isə niyə birbaşa zəng etmişiniz? Bununla bağlı mətbuat xidməti var, onunla əlaqə saxlaya bilərdiniz.

- Əbülfəs müəllim, sizi ictimaiyyətə, həmçinin mətbuata açıq nazir kimi tanıdığımızdan belə, ərkyana zəng etdik, gərək üzrlü sayasınız...

Bu fikirlərimizin ardınca nazir daxili telefonla İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətova zəng edərək bizim istəyimizi çatdırır. Ardınca da “mövzunu, vaxtı dəqiqləşdirin” deyib istəyimizə müsbət reaksiya verir.

Budur, cəmi bir neçə günlük fasilədən sonra “Nazir qapısında”yıq - mədəniyyət naziri cənab Əbülfəs Qarayevin kabinetinin qarşısında. Yeri gəlmişkən, nazirin tapşırığını heç bir qüsur və problem olmadan icra edən həmkarımız İntiqam bəy əvvəlcə bizə giley-güzarını, bir az da iradını bildirir, təxminən “Bəs biz burda niyə oturmuşuq” şəklində... Qəbul edərək deyirik inşallah, gələn dəfə sizin vasitənizlə nazirlə görüşərik. Və nazirin işıqlı, milli ornamentlərlə bəzədilmiş, əsl mədəniyyət nazirinə xas olan kabinetindəyik. Beləcə, səmimi ortamda, çay masası qarşısında, elə İntiqam bəyin iştirakı ilə söhbətə başlayırıq:

- Hörmətli cənab nazir, əvvəlcə icazə verin Sizə müsahibəyə razılıq verdiyiniz və səmimiyyətiniz üçün “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun adından və şəxsən öz adımdan təşəkkür edim. Qrafikinizin olduqca sıx olduğunu bilirik. Ona görə də birbaşa suallara keçirəm. Əbülfəs müəllim, Sizi ən uzunömürlü nazir olaraq təqdim etmək olar, artıq əsrin dörddə biri tamam olub. Gənclər və idman naziri, gənclər, idman və turizm naziri, mədəniyyət və turizm naziri, yoxsa sadəcə,mədəniyyət naziri? Bu, 25 il ərzində hansı ad sizinçün daha doğma və daha xoş olub?

- Çox sağ olun. Birincisi, ən önəmlisi odur ki, mən apardığım işlərlə öz cəmiyyətimizə müəyyən bir xeyir verə bilirəmsə, uğurlu nəticələrim olursa, deməli, hisslərim orda oyanır. Açığı, 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən mənim bu vəzifəyə irəli çəkilməyim mənim özümçün də müəyyən qədər gözlənilməz oldu. Lakin o dövrdə Azərbaycanın çətin məqamında ölkəmizin çətinliklərdən çıxması üçün qətiyyətli addımların atılması sırasında gənclərlə iş çox əhəmiyyətli hesab olunurdu. Mən bu etimadı, bu tapşırığı çox böyük şərəflə qəbul etdim. Bu, böyük bir məsuliyyət idi. Açığı, mən gözləmirdim ki, bu qədər işləyəcəyəm. Deyirdim ki, bir-iki il işləyərəm, baxım, görüm nə yarada bilərəm, bu prosesə nə töhfə verə, necə xidmət edə bilərəm.

Ebulfes Qarayev.jpg (99 KB)

“Burada kiminsə səlahiyyətlərinin azalmasından, kiminsə çoxalmasından qətiyyən söhbət gedə bilməz”

Tale elə gətirdi ki, ondan sonra proses getdi, yeni layihələr ortalığa çıxdı, Azərbaycanın durumu getdikcə yaxşılaşdı, bəzi problemlər həll olundu, yeni çağırışlar ortalığa çıxdı. Ona görə də hər bir dövrün yeni üfüqləri var idi. Onlara doğru irəliləmək hər bir insan üçün maraqlı bir tale idi. Mən düz 17 il turizm naziri oldum, günbəgün. Yəni 18 aprel, 2001-ci ildə turizm Gənclər və İdman Nazirliyinə əlavə olundu, 2018-ci ilin 18 aprelində Mədəniyyət və Turizm Nazirliyi əsasında iki müstəqil qurum yarandı. Amma hesab edirəm ki, hər dövrün öz ehtiyacları, proqramları, məqsədləri və onlara gedən yolları olmalıdır. Ona görə bütün bu islahatların, yeniliklərin içində müvəqqəti də olsa, müəyyən bir dövrdə bu formatda nazirliklərin fəaliyyəti dövlətə lazım idi. Hesab edirəm mən çalışdım ki, bu məqsədlərə düzgün xidmət edim. Əgər mən bu günədəkişləyirəmsə, deməli, hər hansı böyük səhv buraxmamışam.

- Yorulmamısınız ki?

- Çətindir... Çətindir... Kiməsə elə gəlməsin ki, bu, rahat bir işdir.

- Heç olubmu cənab prezidentə müraciət edəsiniz ki, bəlkə mən bir az istirahət edim?

- Bilirsiniz, mən hərdən-bir istirahət edirəm (Gülür). Heç olmasa, ildə 10 günlük mənə tətil verirlər. İstirahətə vaxt tapıram, o da hələlik yetərlidir. İş öz-özlüyündə müəyyən edir: insanları da, kadrları da, nişanları da. Və əgər bu günə kimi mənim burda qalmağımı cənab prezident məqsədəmüvafiq görürsə, o halda mən “getmək istəyirəm” və s. desəm, bu, düzgün olmaz. Mən bu dövlətin əsgəriyəm!

- Turizm Agentliyi yaradılandan sonra belə fikirlər səsləndi ki, Əbülfəs Qarayevin səlahiyyətləri azaldıldı. Ümumi şəkildə bu qənaətə gəlmək olarmı?

- Mən bu fikirlərlə tamamilə razı deyiləm. Söhbət ƏbülfəsQarayevdən getmir, söhbət dövlət idarəetmə sistemindən gedir. İş orasındadır ki, bu illər boyu Azərbaycanda turizm sənayesi tamamilə yeni bir səviyyəyə qalxdı, Azərbaycan turizmi artıq bir sənayeyə çevrilməyə başladı. Mədəniyyət Nazirliyinin və turizmin biznes funksiyalarını bir arada saxlamaq kifayət qədər çətindir. Bu gün turizmin qarşısında duran məqsədlər ondan ibarətdir ki, o, Azərbaycan ümumi daxili məhsulunda, dövriyyə baxımından artım təşkil etsin və bu, artıq iqtisadi bir formata çevrilib. Mədəniyyət Nazirliyinin funksiyaları tamamilə fərqlidir. Hesab edirəm ki, bu gün mədəniyyətin də qarşısında belə vəzifələr durur. Mədəniyyət öz-özlüyündə artıq həmişə dövlətdən qidalanan bir sahə kimi qalmamalıdır. Biz indi hal-hazırda yeni layihələri işləməyə çalışırıq. Bunların arasında sənayenin formalaşdırılması önəmli məsələdir. Bu gün Azərbaycanda yaradıcılıq sahəsində çalışan minlərlə adamlar var, yeni işlərin aparılması, layihələrin gerçəkləşdirilməsi baxımından, kreativ, yaradıcı mühitin formalaşdırılması...

- Yəni özünümaliyyələşdirməyə doğru gedirsiniz?

- Yox, biz özünümaliyyələşdirməyə keçmirik. Mədəniyyət heç vaxt özünümaliyyələşdirmə sistemində yaşamayacaq. Onun müəyyən bir qismi özünü doğruldaraq yeni formalara yiyələnib onları tətbiq etməlidir. Biz onlar üçün şərait yaratmalıyıq, mühit formalaşdırmalıyıq ki, həmin insanlar daha böyük maraqla bu işə gəlsinlər. Ona görə də hələlik mədəniyyət ki, dövlət tərəfindən demək olar yüz faiz təmin olunur, bu məqamda turizmə cəlb olunan vəsaitin “bir qazanda” saxlanılmasından söhbət gedə bilməzdi. Ona görə də cənab prezident bu qərarı, düzgün verib. Burada kiminsə səlahiyyətlərinin azalmasından, kiminsə çoxalmasından qətiyyən söhbət gedə bilməz. Bu gün dövlətin qarşısında, mədəniyyət sahəsində gedən proseslər bu istiqamətdə getməlidir. Turizmin qarşısında duran vəzifələr tamamilə fərqlidir.

- Azərbaycanda turizm sektoru inkişaf səviyyəsində görə bir sıra hallarda tənqid olunur. Bəlkə elə bu inkişafı tormozlayan həm də mədəniyyət və turizmin uzun illər bir yerdə olması olub?

- Deməzdim. O məqamda qarşımızda Azərbaycan turizminin dünya turizm bazarına çıxarılması məqsədi dururdu. Bunu da yalnız və yalnız mədəniyyət vasitəsilə etmək olardı. Ona görə də o vaxt Azərbaycanın dünya turizm bazarına daxil olması, onun fəallığı, beynəlxalq proqramları çərçivəsində Azərbaycanda bir neçə böyük tədbirlərin keçirilməsi, Azərbaycanın Ümumdünya Turizm Təşkilatı çərçivəsində çox nüfuzlu yerləri tutması, hətta İcraiyyə Komitəsində sədrliyi icra etməsi kimi məsələlər Azərbaycanı beynəlxalq səviyyədə bir istiqamət kimi qəbul elədi. Amma bir daha təkrar edirəm, burada iqtisadi qanunlar getməlidir. Bu gün Azərbaycanda turizmin inkişafı haqqında danışarkən ilk növbədə ölkədə yataq yerlərinin kifayət qədər olmamasından söhbət getməlidir. Azərbaycanda vur-tut 80-100 min yataq yeri var, otelçilikdən söhbət gedir. Amma təkcə Antalyada 100 min yataq yeri var. Bizim məqsədimiz o deyildi ki, turizmi ucuz, keyfiyyəti aşağı olan xidmətlərlə dolduraq. Söhbət Azərbaycanın imicini formalaşdırmaqdan gedirdi. İndi də görürsünüz, yeni otellər tikilir, sərmayələr qoyulur, bunlar hamısı iqtisadi qanunlardır. Ona görə hesab edirəm indi o vaxtdır ki, Azərbaycan turizmi artıq müxtəlif səviyyəli turistlərin cəlb olunması üçün müxtəlif dərəcədə sərmayə qoyulmasını, iqtisadi mexanizmi işə salmalıdır ki, bunların imkanları genişlənsin və sayı artsın.

"Mən səyahətləri xoşlayıram"

- Yeri gəlmişkən, harada istirahət edirsiniz, ölkə daxilində, yoxsa xaricdə?

- Açığı, mən bəzən qızım və onun ailəsi ilə istirahətə gedirəm. Hərdən Türkiyəyə gedirik. Deyəsən, cəmi bir dəfə Yunanıstanda olmuşam. Amma bunlar hamısı müvəqqətidir. 5-6 günlük olur. Azərbaycanda isə Qubaya, Şamaxıya gedirəm. Mən səyahətləri xoşlayıram.

- Turizm sahəsində qiymətlər sizi razı salırmı?

- Bilirsiniz, mən vaxtilə turizm naziri olarkən duyurdum ki, qiymətlərin çeşidi kifayət qədər böyükdür. Amma mən qiymət məsələsinə tamam fərqli yanaşardım. Hər halda, xidmət qiymətin səviyyəsinə uyğun olmalıdır. Hər hansı bir xidmət aşağı olsa da, aşağı xidmətdə də o pulu verən adam həmin qiymətdə olan xidmətləri əldə etməlidir. Bu gün Azərbaycanda yüksək qiymətlər də var, aşağı qiymətlər də. Əgər bu, belə olmasaydı, tətil zamanı bizim bütün istirahət ocaqlarının dolu olmasını görməzdik. Bəzən istirahət ocaqlarında mən özüm də yer axtarıram, görürəm yoxdur. Deməli, bu, o deməkdir ki, Azərbaycan bazarında qiymətlər məqbuldur. Bazar qiymətləri tənzimləyir.

- Turizm Agentliyi ilə əlaqələriniz varmı?

- Əlbəttə ki. Biz dövlət qurumları olaraq birgə layihələr həyata keçiririk, tədbirlər də olur, bu, normal haldır. Biz bütün nazirliklərlə işləyirik. Bu gün bizim proqramlarımız daha çox Azərbaycanı tanıtmaq, maraqlı tədbirlərin təşkil olunması üçün Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil, Ekologiya nazirlikləri ilə işləyirik.

- Cənab nazir, tərcümeyi-halınızdan oxuyuruq ki, tələbəlik dövründə müxtəlif seçkili orqanlara seçilmisiniz, hətta Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı olmuşunuz. Sonradan sizi deputat kürsüsü özünə tərəf çəkmədi, yoxsa ürəyinizdə parlamentar olmaqla bağlı arzu yatır?

- Özünüz də qeyd etdiniz ki, mən artıq neçə vaxtdır dövlət qulluğunda çalışıram və bu gün çalışmaqda davam edirəm. Mən başqa hansısa işə keçmək haqqında düşünmürəm.

- Nazir olmasaydınız, yəqin sizi Milli Məclisdə görərdik, eləmi?

- Demək çətindir. Bəlkə də mən bizneslə məşğul olardım. Bəlkə də yaradıcılıqla məşğul olardım. Mənim elmi əsərlərim də var, oturub özümçün yazıram. Hesab edirəm ki, mən özümə iş tapardım (Gülürük).

- Yeri gəlmişkən, gələn il parlament seçkisidir. İştirak etmək...

- Açığı, düşünməmişəm.

- Cənab nazir, icazənizlə, tərcümeyi-halınızla bağlı söhbəti davam etdirək. 1980-1991-ci illərdə Sov. İKP üzvü olmusunuz. Kommunist Partiyası biletindən nə zaman imtina etdiniz? Bugünlərdə sabiq deputat Rafael Cəbrayılov dedi ki, partiya biletini hələ də saxlayır. Sizin necə, partbiletiniz qalır, yoxsa 20 Yanvar qırğınından sonra yandırdınız?

- Əgər sizə maraqlıdırsa, deyə bilərəm ki, Bakıda yanvar hadisələri baş verərkən mən Moskvada, İctimai Elmlər Akademiyasında təhsil alırdım və aspirant qismində öz elmi işimi davam etdirirdim. Hadisələrdən sonra sözsüz ki, Moskvadakı bütün etiraz aksiyalarında - yəqin bu gün müxtəlif siyasət adamlarının da yadına düşər - mən də o vaxt gənc olaraq həmkarlarımla birlikdə çox fəal iştirak etmişik. Hətta Heydər Əliyev səfirlikdə olduğu zaman mən o zalda idim. Həmin gündən etibarən orada oxuyan tələbələrin fikri belə oldu ki, biz Azərbaycana qayıdaq, lakin bizi qaytarmadılar. Çünki təhsil üçün vəsait ödənilmişdi. Bizi qayıtmağa qoymadılar, dedilər ki, əks təqdirdə, nə iş verəcəyik, nə də yer, heç olmasa bu kursu qurtarın! Vəziyyət elə alındı ki, Sov.İKP nəzdində olan həmin ali məktəb sonradan Rusiya İdarəetmə Akademiyasına çevrildi və mən oranı bitirmişəm. O vaxtdan etibarən kommunist biletinin nə olması mənim yadımda deyil.

- Əbülfəs müəllim, səhv etmirəmsə, 38 yaşınızda nazir postunda təmsil olunmusunuz...

- 37 yaşımda.

- Hətta 37! Kifayət qədər gənc yaşda. İnşallah, 63 yaşınız noyabrda tamam olacaq. Əvvəlcədən Sizi təbrik edirəm!

- Çox sağ olun! İnşallah!

- Heç qəlbinizdən keçirmi kaş sadə, heç kəsin tanımadığı vətəndaş olaydım, istədiyim zaman, istədiyim ünvanda, adamlar arasında sərbəst dolaşaydım, daha indiki kimi, baxışlar altında deyil? Belə hisslər keçirirsinizmi?

0e21e46a8c021548b39f89f6aa45a254a89e62de4bbcf0dc110e5840e02c31a7.jpg (117 KB)

- Kim tanıyır, salam verir, kimsə xahişlə yaxınlaşır. Amma mən özümü cəmiyyətdə çox sərbəst hiss edirəm. Mən maşın da sürürəm, uşaqlarla, dostlarımla, yoldaşımla küçəyə də çıxıram.

- Demək, avtomobili özünüz idarə edirsiniz?

- Bəli, şənbə-bazar günləri maşını özüm sürürəm.

- Heç radara düşdüyünüz olubmu?

- Olub. Radara da düşmüşəm, cərimə də ödəmişəm.

- Sirr deyilsə, nə qədər?

- Bir il çox verdim, növbəti illər az...

- Maraqlıdır, nazir səlahiyyətinizdən istifadə edib borcu sildirmək istəmədiniz?

“Şənbə-bazar günləri maşını özüm sürürəm”

- Yox. Mən hesab edirəm ki, hər kəs qanun qarşısında bərabər səviyyədə məsuliyyət daşımalıdır. İlin axırında mənim büdcəmə kifayət qədər zərbə vuran bir cərimə oldu. Bu, bir neçə il əvvəl olub. Ondan sonra mən özümü yığışdırmışam. Şükür Allaha ki, qəzalar olmayıb.

- Avtomobil qəzaları ölkəmizin əsas problemlərindəndir. 1988-ci ildən sonra baş verən avtoqəzalarda Qarabağ müharibəsindən çox itki vermişik. Sizcə, qəzaları necə minimuma endirmək olar?

- O da məni narahat edir. Mən, ümumiyyətlə, hamını qarşılıqlı şəkildə mədəniyyət nümayiş etdirməyə çağırıram! Söhbət hansısa qayda pozuntusundan getmir. Söhbət ondan gedir ki, sən hərəkətə mane olmayasan, digər maşınların hərəkəti üçün narahatlıq yaratmayasan. Hesab edirəm ki, hamımız buna riayət etməliyik.

10759af09a5b5b1056766b65f1e01dedbd3fbc7551a9bf5ae92c2263954d5cc6.jpg (114 KB)

- Burada da mədəniyyət, eləmi?

- Bəli. Mədəni davranış, mədəniyyət bu gün təkcə hansısa yaradıcılıqla əlaqələndirilməməlidir. Mənim anlamımda mədəniyyət daha geniş məfhumdur və mədəni davranış, mədəni münasibət, mədəni həyat tərzi, bunlar hamısı ayrılmaz hissələrdir.

- Əbülfəs müəllim, böyük bir nəslin nümayəndəsi olmaq sizinçün nə deməkdir? Bu amil nə zamansa köməyinizə çatıbmı? Tutaq ki, irəli çəkilməyinizdə, digər məsələlərdə...

- Mən fəxr edirəm ki, bu nəslin nümayəndəsiyəm. Düşünürəm ki, Azərbaycan xalqının qarşısında bu nəslin gördüyü işlər kifayət qədər təqdirəlayiqdir. Mənim irəli çəkilməyimdə bu faktorların rolu olsa da - yəqin ki, haradasa məlumatlar var idi - amma sonrakı fəaliyyətimdə nə mənim əmim - tanınmış bəstəkar, nə mənim babam - tanınmış həkim, nə mənim atam - hamısı rəhmətlikdir. Kimsə gəlib mənim xahişimi etməyib, yaxud kimsə gəlib mənim hansısa günahımın silinməsini kimdənsə istəməzdi. Bu, mənim həyatımdır. Mən 19 yaşımda atamı itirmişəm. Ona görə də bu, yalnız məsuliyyətdir. Hesab edirəm ki, mənim bu kökə aid olmağım həm mənim, həm də mənim ailə üzvlərimin üzərinə yalnız və yalnız məsuliyyət qoyur.

- Çoxsaylı mədəni tədbirlərdə iştirak edən Əbülfəs müəllimin özünün hobbisi nədir? Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?

- (Gülür) Asudə vaxtım olanda çalışıram ki, heç olmasa dostlarımla, yaxınlarımla keçirim. Mən səyahətləri xoşlayıram. Siz soruşdunuz ki, harada istirahət edirsiniz? Mənim səyahətimin əsas məqsədi hansısa ölkələrin tanımadığım yerlərinə getmək, onların tarixi, mədəniyyəti, yaşayış üslubu ilə tanış olmaq, qidalarını dadmaq olur, bu, normaldır. Amma əslində mənim hobbim... Bir az idmanla məşğulam, hərdən ova gedirəm. Kitabları mütaliə edirəm. Məsələn, mən kitaba daha çox üstünlük verirəm, nəinki televiziyada kinolara baxmağa. Televiziyaya daha az baxıram, nəinki kitab oxuyuram. Çünki mənim istirahətim, asudə vaxtım daha çox mütaliə ilə bağlı olur.

bb4c99f63a2b854b3b3357d1a9dd7744815bfd2a8aaf8ed437feff7c047e2ce4.jpg (111 KB)

“Hərdən nəsə lazım olanda dükana gedirəm, amma mənim balaca bir təsərrüfatım var”

- Daha çox nə ovlayırsınız?

- Quş ovuna. Bu nəsillikcə keçib, atam da ovçu idi, mən də onun tüfəngini evimdə saxlamışam, ona görə də hərdən ova gedirəm.

- Kitabdan söz düşmüşkən, bugünlərdə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Hansı qənaətə gəldiniz, bizim toplum kitab oxuyurmu?

- Olduqca sevindim və bunu etiraf etməliyəm. 3 gün müddətində mən sözün əsl mənasında Azərbaycan əhalisinin arasında kitaba qayıdışı gördüm. Nə qədər adam gəldi, gənclər, tələbələr. Hətta tədbirlər keçirilən zaman o ərazidən keçmək çətin idi. Mən düşündüm ki, bu, birinci gün belə olar. Sonrakı günlər özüm getməmişdim, amma mənə dedilər ki, ikinci, üçüncü günlərdə də adam əlindən tərpənmək mümkün deyildi. Bu, olduqca müsbət faktordur. Hesab edirəm ki, dünya prosesləri istər-istəməz Azərbaycanda da öz əksini tapmaqdadır. Ümumiyyətlə, indiki müşahidələr onu deyir ki, dünyada insanlar elektron daşıyıclarda kitab oxumaqdan daha az istifadə edirlər. Məsələn, böyük şirkətlər o cihazları istehsal edirdilər. Artıq bu istehsalı azaldıblar. Çünki insanın kitabla təması olmalıdır. Kağız vərəqin qoxusu, səsi, ona toxunma hissi... Bunlar hamısı başqa bir hissdir. Təbiidir, çünki kitab yeni bir aləmə qapıdır, sən ora daxil olursan, kitabla yaşayırsan. Sən onu hər yerə özünlə apara bilərsən. Bundan əlavə, informasiya məkanında kitabın daha davamlı, daha stabil bir axın hissləri verən anlayışı olmalıdır. Ona görə kitabı oxuyanda daha maraqlı anları yaşayırsan. Bu, bir dünya prosesidir. Ona görə də cənab prezidentin bizə verdiyi tapşırıqların sırasında mədəniyyət sahəsində islahatların aparılması var və bu, olduqca vacib məsələdir. Çünki kitabxananın özünün də yeni formatını düşünməliyik. Yəni orada həm müasir, texnoloji avadanlıq da olmalıdır, ora müasir informasiya mərkəzi kimi qəbul olunmalıdır, eyni zamanda kitabın nəbzi, ruhu, mühiti orada mütləq yeni bir formatda təqdim olunmalıdır, bu, kifayət qədər ağır məsələdir. Bəlkə də biz onun haqqında ciddi düşünmürük. Bizim islahatlar da çox rahat getmir. Nə qədər təkliflər, formatlar, düşüncələr var. Bu, prosesdir. Siz nazirliyin funksiyaları, yorulmaq məsələlərini soruşdunuz. Belə çağırışları görəndə istər-istəməz sən onlara doğru getməlisən, yeni fikirləri öyrənməlisən, özün öyrənməlisən. Yəqin ki, bu hisslər bizi gələcəyə aparır.

Ebulfes Qarayev.jpg (99 KB)

- Misir Mərdanov nazir vəzifəsində olarkən bizə müsahibəsində demişdi ki, evə bazarlıq edir, hətta “Yaşıl bazar”a gedir. Siz necə, dükan-bazara gedirsinizmi?

- Hərdən nəsə lazım olanda dükana gedirəm. Amma mənim balaca bir təsərrüfatım var. Kürəkənim kənd təsərrüfatı ilə məşğuldur. Ona görə də hərdən o gətirir.

- Ekoloji təmiz məhsullar.

- Hesab edirəm ki, bu məsələ də olduqca vacibdir.

- Yəqin həyət evində yaşayırsınız?

- Bəli. Mən şəhərdən kənarda yaşayıram.

- Bir sıra hallarda bəzi nazirlərin mülkiyyəti, sərvətləri, villalarından yazılır. Sizin adınıza rast gəlmirik nədənsə...

- Mənim evim var, şəraitimdən razıyam. Bütün ailə orada yaşayır. Vaxtilə rəhmətlik qardaşım da orada yaşayırdı. Bu, ailə həyətidir, şəraitim də yaxşıdır, narazı deyiləm.

- Qarabağ torpaqlarının işğalda qalması vətəndaş olaraq hər birimizi ciddi şəkildə narahat edir. Mədəniyyət naziri Əbülfəs Qarayev əraziləri işğaldan azad etməyin yolunu nədə görür? Fərqli düsturunuz varmı?

c7d636ef62aceb58743d609303ca1a6fe49877bdc0662906453121f52d2a2d74.jpg (114 KB)

- Mən bunu bir neçə dəfə demişəm. Sizin qəzet vasitəsilə buna daha çox diqqət ayırmaq istəyirəm. Bizim torpaqlarımız işğal altındadır. Əfsuslar olsun ki, orada atəşkəs pozulur, bizim zabit və əsgərlərimiz həlak olur. Allah onların hamısına rəhmət eləsin! Allah ordumuzda olan bütün hərbçilərimizi qorusun, onlara güc versin! Ordumuz həmişə güclü olmalıdır. Amma Ermənistan tərəfindən Azərbaycana qarşı gündəlik, hər saatlıq təcavüz dayanmadan mədəniyyətə qarşı təcavüzdür. Bəzən bizim ictimaiyyət bunu duymur, hər hansı sensasion xəbər çıxan kimi, onun ətrafında söz-söhbət və müzakirələr başlanır və daim burada günahkar axtarmaqla məşğuldurlar. Niyə filan qurum cavab vermədi, niyə filankəs bunu demədi? Məgər müharibədə biz deməliyik ki, bizim əvəzimizə kimsə nəsə deməlidir? Hər bir vətəndaş öz fəaliyyəti çərçivəsində müəyyən addımları ata bilər. İnternetdə belə məlumat olanda niyə sadə vətəndaş götürüb sosial şəbəkədə Azərbaycan mədəniyyətinə qarşı uydurulmuş böhtan və təhqiramiz məsələlərə öz cavabını vermir? Gözləyir ki, nazirlik, mətbuat cavab versin? Hər gün bizim işimizin 60 faizi belə təcavüzlərin qarşısını almaqdan ibarətdir və bunu heç kəsə bildirmirik. Mən bu gün də onun tam həcmini ortalığa qoya bilmərəm. Çünki bu, müəyyən bir daxili prosesləri əks etdirən məsələdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması ilə yanaşı, Azərbaycan mədəniyyətinə qarşı olan təcavüzlə mübarizədə bütün ictimaiyyəti birləşməyə çağırır! Burada kimisə günahlandırmaq yox ki, filankəs pisdir, ona görə cavab vermədim, ümumi, vahid bir yumruqla bunlara cavab vermək lazımdır.

- Cənab nazir, düşmən ölkə vaxtaşırı işğal zonasında Azərbaycana məxsus qeyr-maddi irsimizi mənimsəməyə cəhd göstərir. Bununla bağlı beynəlxalq səviyyədə mübarizə necə aparılır?

- Biz bu işi YUNESKO, Ümumdünya Turizm Təşkilatı, BMT-də mədəniyyətlə bağlı olan proseslərdə, Bakıda keçirilən “Bakı prosesi” və Mədəniyyətlərarası Dialoq Forumunda, müxtəlif formalarla dünyaya çatdırırıq. Lazım gələndə bəyanatları veririk, yaxud XİN-lə birgə fəaliyyəti həyata keçiririk. Lazım olduqda ekspertləri göndəririk və orada araşdırmalar aparırıq. Bu gün Azərbaycanda aparılan siyasət ondan xəbər verir ki, biz dayanıqlıyıq, möhkəmik. Müqayisə üçün baxın: Ermənistanın neçə faylı YUNESKO-nun qeyri-maddi mədəni irsindədir? Onlarla nə qədər mübarizə aparmışıq. “Köçəri”ni də bunlar köçürəndə YUNESKO səviyyəsində məcbur etdik ki, yalnız Ermənistan daxilində ənənə kimi qəbul olundu. Çünki bu rəqs bütün bu bölgədə yaşayanların rəqsidir. Növbəti il başqa ölkələrlə birləşdilər, amma biz ümumi faylla həm “Yallı”, həm “Köçəri”ni, həm də digər rəqsləri qəbul elədik. Cəmi 10 milyon əhalisi olan Azərbaycanın 13 faylla YUNESKO-nun qeyri-maddi mənəvi irsinə daxil olması bu mübarizənin nəticəsidir. Sanki biz müəyyən təpələri, strateji əhəmiyyətli yüksəklikləri tutmuşuq. Lavaşı da Ermənistanla məhdudlaşdırdıq. Amma bunu bəşəri ənənə olaraq Ermənistana yazdırmaq düzgün deyil. Ona görə də sonradan İran, Qazaxıstan, Türkiyə və biz hamımız birlikdə yeni fayl verdik, bu cür çörəklərin bişirilmə ənənəsini qoruduq və qəbul olundu ki, bu, beynəlmiləl türk xalqlarının məhsuludur.

0e21e46a8c021548b39f89f6aa45a254a89e62de4bbcf0dc110e5840e02c31a7.jpg (117 KB)

- Bülbülün, Xan qızı Natəvanın və Üzeyir bəyin güllələnmiş büstlərini Şəhidlər Xiyabanına, yaxud şəhərin mərkəzi parklarından birinə qoymaq olmazmı ki, ölkəmizə gələn əcnəbilər Ermənistanın gerçək mahiyyətinə bir baxışla bələd olsunlar? Onları İncəsənət Muzeyinin həyətində, darısqal yerdə saxlamaq nə dərəcədə doğru qərardır?

- Mən inanıram ki, bu güllələnmiş heykəllər gec-tez öz yerlərinə qayıdacaq. Bu məsələyə iki tərəfdən yanaşardım. Birinci yanaşmam budur ki, heykəlləri bu şəkildə şəhərin bir yerində qoymaq düzgün olmaz. İntəhası, muzeyə gələn adamlar mütləq onları görürlər. Artıq bu heykəllər Natəvanın, Üzeyir bəyin və Bülbülün heykəlləri deyil. Bunlar erməni faşist quldurluğunu və vəhşiliyini təcəssüm etdirən heykəllərdir. Mən o heykəlləri Bakıda qoya bilmərəm! Çünki bu, erməni ideologiyasına bir heykəldir. Düzdür, biz onlara etiraz kimi baxırıq. Amma bu heykəllər artıq güllələnib, ermənilər tərəfindən.

- Şəhidlərin məzarları arasında olsa, məncə, daha məntiqli olar. Onlar da şəhid heykəllərdir...

- Müxtəlif fikirlər var. Bir vaxtlar bunlar bilinməyən yerlərdə idi. Sonradan biz onları yenidən qurulmuş muzeyin həyətinə qoyduq. Hər 18 sentyabrda, musiqi günündə orada ictimaiyyətin iştirakı ilə tədbirlər keçiririk, diqqəti cəlb edirik. Yenə deyirəm, bu heykəllər erməni faşist ideologiyasının və vəhşiliyinin heykəlidir. Mən onu başqa yerdə görmürəm.

- Əbülfəs müəllim, dediniz ki, filmlərə baxmaqdansa, kitab oxumağa üstünlük verirsiniz. Bəs yerli telekanalları izləyirsinizmi? Səviyyə sizi qane edirmi?

10759af09a5b5b1056766b65f1e01dedbd3fbc7551a9bf5ae92c2263954d5cc6.jpg (114 KB)

- Bəzən izləyirəm. Bəzən xoşuma gəlir, bəzən gəlmir. Bu da təbiidir. Cənab prezident və hörmətli Mehriban xanımın ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşdə qeyd olundu ki, televiziyalarda gedən verilişlər mədəni baxımdan yüksək səviyyədə olmalıdır. Müəyyən nəticələr çıxarıldı və mən görürəm ki, müəyyən tərəqqi var. Biz tövsiyə elədik və o da icra olundu ki, bütün televiziyaların nəzdində bədii şura yaradıldı. Bədii şuraların tərkibində tanınmış ziyalılarımız da var. Yəqin ki, televiziyalar öz proqram, məqsəd və niyyətlərinə uyğun olaraq davamiyyəti formalaşdırır.

- Bəzən hesab olunur ki, müharibə vəziyyətində olan ölkənin efiri belə olmamalıdır. Xüsusilə də çal-çağır, şou proqramları tənqidlə qarşılaşır. Siz mədəniyyət sahəsinə rəhbərlik edən şəxs kimi nə təklif edirsiniz?

- Gəlin belə danışaq: özümüzü gərginliyə salmaq üçün belə düşünmək lazım deyil. Amma mən bazar günü, yaxud başqa günlərdə görürəm ki, bizim ordumuzla bağlı, vətənpərvərlik mövzusunda nə qədər verilişlər gedir. Onlar mütləq lazımdır. Vətənpərvərliyi və xalqın ruhunu tək bədbinliyə qapılmaqla qaldırmaq mümkün deyil. Əksinə, ruhu qaldırmaq, gücləndirmək lazımdır. Mahnıdır, rəqsdir, bunlar da öz sözünü deyir. Biz insanların ümumi şüurunu və ruhunu artıraraq onlara ruh veririk, güc veririk. O halda insanlar yeni qələbələrə doğru getməyə hazır olurlar.

bb4c99f63a2b854b3b3357d1a9dd7744815bfd2a8aaf8ed437feff7c047e2ce4.jpg (111 KB)

“Siz nəsə məni ya deputatlığa, ya da səfirliyə göndərmək istəyirsiniz”

- Mədəniyyət nazirinin kinomuz barədə fikirləri çox maraqlıdır. Sizcə, Azərbaycan niyə ortaya dünya miqyasına çıxa biləcək kino nümunəsi qoya bilmir? Buna səbəb ssenaristin, aktyorun, rejissorun, yoxsa maliyyənin çatışmazlığıdır? Deyək ki, futbol ənənəmiz yoxdur, bu, aydındır, axı bizim kino ənənələrimiz olub və indi də bəzi nümunələr efirimizi bəzəyir...

- Son 10 ildə istehsal edilən 60-dan çox ekran əsəri 59 ölkədə keçirilmiş 231 beynəlxalq film festivalında iştirak edərək 138 müxtəlif mükafat qazanıb. Təkcə 2019-cu ilin birinci yarısında 10 filmimiz 30 dəfə beynəlxalq kinofestivallarda iştirak edib. Bizim problemimiz tamamilə fərqlidir və mən problemi görürəm. Azərbaycanda kino çəkilir. Düzdür, böyük maliyyə cəlb edən filmlər çəkilmir, belə nümunələr çox azdır. Mənim dövrümdə çəkilən filmin maksimum büdcəsi 1 milyon 200 min olub. Bu pulla böyük epopeyaları çəkmək kifayət qədər çətindir. Lakin azərbaycançılıq ideologiyasına, uşaq tərbiyəsinə, vətənpərvərlik, vətənə bağlılıq, adət-ənənələrimizin qorunması ilə bağlı, insanlar arasındakı sevgi-məhəbbət, əyləncə, macəra xarakterli filmlərimiz var. Azərbaycanda, sadəcə, bu filmlərin nümayiş şəbəkəsi az olduğundan biz onu geniş şəkildə göstərə bilmirik. Bizim kinoteatrların nümayiş etdirdiyi filmlər daha çox xarici filmlərdir. Çünki bu, biznesdir. Bu yaxınlarda bir neçə Azərbaycan filmi kifayət qədər böyük məbləği əldə etdi. Amma bəzən özəl studiyalar tərəfindən çəkilən filmlər daha çox əyləncə xarakteri daşıyır və bəzən də yüksək tərbiyəvi mənanı daşımırlar. İnsanlar ora gedirlər. Bizim çəkdiyimiz filmlər isə... Bu, dövlətin puludur. Mən dövlətin vəsaitini boş-boşuna havaya sovura bilmərəm. Bizim müəyyən mövzular var, bu mövzuların arasından seçim gedir. Ən yaxşı ssenariləri seçib çəkirik. Cənab prezident sağ olsun, bu ilin ortasında 5 milyon vəsait ayırdı, kinostudiyada xüsusi bir Bədii Şura formalaşdı. Bədii Şurada oturanlar iki ay müddətində 250 ssenari ilə tanış oldular, 20-sini seçdilər. Bu 20 ssenarinin üzərində filmlər çəkilir.

- Narazılar isə başqa sözlər deyirlər...

- Desinlər də. Mən indi necə eləyim? Bu 250 ssenari mütəxəssislərin qarşısındadır. Orada oturan adamlar hamısı, şükür Allaha, tanınmış simalardır. Mən gəlib onlara deməyəcəyəm ki, bu, yaxşıdır, o, pisdir.

- Yəqin ki, Türkiyədə çəkilmiş “Diriliş Ertoğrul”, “Möhtəşəm Yüzyıl” kimi filmləri izləmisiniz. Niyə bizdə belə filmlər çəkilmir?

- Mən izləyirəm... Biz bir neçə tarixi film çəkdik, “Hökmdarın taleyi” kimi. Festivallarda da iştirak ediblər. Amma siz dediyiniz filmlərin çəkilişi üçün yanaşmalar müəyyən qədər fərqli olmalıdır. Orada vəsaitin, hazırlığın, təbliğatın, aktyor seçimlərinin əhəmiyyəti var. Azərbaycanda həm rejissor var, həm ssenari. Bu filmlərin bizdə çəkilməsi üçün xeyli vəsait tələb olunur.

Ebulfes Qarayev.jpg (99 KB)

- İcazənizlə, yenidən keçmişə qayıdaq. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil almısınız və hətta orta məktəbdə ingilis dilindən dərs demisiniz, eləmi?

- Bəli. Saatlıda, cəmi 4 ay. (Gülür). Ondan sonra əsgərliyə getdim.

- Bəs elə isə niyə, məsələn, xarici işlər naziri deyil, mədəniyyət naziri?..

- Mədəniyyət naziri də müəyyən dərəcədə Azərbaycan üçün diplomatik funksiya daşıyır.

- Bəzi sabiq nazirlər sonradan səfir olaraq çalışdılar, yaxud da çalışmaqdadırlar...

- Siz nəsə məni ya deputatlığa, ya da səfirliyə göndərmək istəyirsiniz. (Gülürük) Məgər mən artıq çox işlədim? Vaxt yetişib, sizin fikrinizsə?

- Yuxarıda dediniz ki, çətindir.

- İnsan gərək çətinliyə dözsün də...

- Bildiyimizə görə, yeganə övladınız Suad Qarayeva YARAT müasir incəsənət təşkilatının sərgilər və daimi kolleksiyalar üzrə kurator direktorudur. Nazir olaraq YARAT-ın, valideyn olaraq övladınızın fəaliyyətindən razısınızmı?

- Bəli. YARAT Aida Mahmudova tərəfindən təsis edilib. Çox güclü, maraqlı və gənclərin yaradıcılığına çox böyük imkanlar yaradan qurumdur. Suad orada çox böyük maraqla sərgilərin kuratorluğunu edir, bədii işlər görür. Onların tədbirlərinə qatılırıq, hətta biz birlikdə tədbirlər keçiririk. Hesab edirəm ki, gənclərin yaradıcılığının formalaşdırılması üçün Aida xanımın bu təşəbbüsü olduqca təqdirəlayiqdir. Mən dediyim yaradıcılıq sənayesinin formalaşdırılmasında belə meyllər olduqca vacibdir.

c7d636ef62aceb58743d609303ca1a6fe49877bdc0662906453121f52d2a2d74.jpg (114 KB)

- Kürəkəninizsə İran əsilli iş adamıdır, eləmi?

- O, İranda anadan olmayıb, amma kökü İrana gedir. Azərbaycan əsillidir.

- Yəqin nəvələr də var.

- İki qız nəvəm var, hələ 3 yaşa çatmayıblar.

- Allah saxlasın... Babaları onlara vaxt ayırırmı?

- Nəvələrimi bizdə qalanda görürəm. Ya da bazar günləri.

- Böyük bəstəkarın soyundan olan biri kimi, hansısa musiqi alətində ifa edirsinizmi?

- Yox. Məndə bu, yoxdur. Rəhmətlik qardaşım musiqiçi idi. Həyat yoldaşım da musiqiçidir. O, Azərbaycan musiqisi və şeirinin tədqiqatçısıdır. Elmlər Akademiyasında çalışır. Onun elmi əsərlərinin mövzusu Füzuli qəzəllərinin Azərbaycan musiqisində tarixi və təhlilidir.

- Əbülfəs müəllim, hakim komandada kimləri özünüzə daha yaxın bilirsiniz?

Davamı var

Musavat.com