Əli Kərimli və Rəşid Hacılı artıq Ermənistana köçə bilər…

8 Oktyabr 2019 11:35 (UTC+04:00)

Adamın ki, ağlı başdan getdi geri qayıtmaz. Hələ bu adam bir az yaşlanıbsa işi lap çətin olar. Gördüyünün nə olduğunu, eşitdiyinin nə anlama gəldiyini heç cür dərk edə bilməz belə adam. Onda məcbur deyərsən ki, allah köməyin olsun. Yəni baş qoşmazsan. Çünki halını anlar, fikir veməyib keçib gedərsən…

Prezident İlham Əliyevin Valday Klubunun toplantısındakı məlum çıxışı neçə gündür trendə çevrilib. O çıxış canlı olaraq yayımlandığı üçün bir anda bütün dünyanın maraqlı qüvvələri xəbər tutdu, dostlarımız bizimlə birlikdə sevindi, düşmənlərimizsə xar oldu, əzildi. Biz də vətəndaşı olduğumuz ölkənin ən ali rəhbərinin bu qədər açıq, bu qədər qətiyyətli çıxışına görə çox sevindik, qürur duyduq. Özəlliklə də onun Ermənistan baş naziri Nikol Paşinyanın bir müddət öncə bir qrup erməninin qarşısında dediyi “Qarabağ Ermənistandır. Nöqtə” fikrinə Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi!” qətiyyətilə verdiyi cavab hər bir Azərbaycanlını qürurlandırdı. Lakin hamını deyil. Aramızda elələri də oldu ki, onlar bu qətiyyət qarşısında ermənilərə qoşulub öz rəzilliklərini göstərdilər…

Özünün milli məsələdə düşmən cəbhəsində yer aldığını sərgiləyənlərin önündə Əli Kərimli gözə dəydi. Adam yatdı-durdu, yazdı ki, Paşinyana bu cavabı vermək üçün iki ay gözləmək lazım idimi? Belə baxanda, ondan müdrik bir yanaşma gözləmək də doğru olmazdı. Lakin siyasi iddialı birisi olaraq ən azından susa bilərdi. Lakin susmadı, susa bilmədi. Paşinyan və erməni sevdalıları dəstəsinin önündə yer aldığını qabarıq şəkildə bəyan etdi…

İndi biz məcburuq ki, bu Əli Kərimliyə bu cavabın niyə iki ay gecikmə ilə verildiyini izah edək. Əli Kərimli qısa müddət də olsa dövlət işində işləyib, lakin dövlətçiliyi mənimsəyə bilməyib. Bir müddət də deputat olub. Bu da onun dövlətçiliyi mənimsəməsinə yetməyib. Neynək, quyuya su tökməklə sulu olmur axı. Belə bir durumda biz də buna və bunun küyünə gedənlərə nəyin nə olduğunu anlatmağa məcburuq…

Prezident İlham Əliyev o cümləni işlətmək üçün niyə o məkanı, özü də belə bir aradan sonra seçdi? Bunu azacıq dövlətçilik təcrübəsi və dövlət ərkanı olanlar dərhal anladı. Amma Əli Kərimlidə bunlar olmadığı üçün anlamadı. Ona görə də izah edirik…

Nikol Paşinyan məlum ifadəni bir qrup erməninin qarşısında işlətmişdi. Boğazdan yuxarı, aşağı təfəkkürə hesablanmış ifadə idi. Bir müddət işə də yaradı. Lakin onun uzaqgörənliyi olmadığı üçün qarşıda başına nə gələcəyini hesablaya bilmədi. Adam qısa bir gediş edib ani həzz anları yaşamaqla öz eqosunu təmin etmək yolu tutdu, sonda da başına bu işlər gəldi. Elə o da Əli Kərimli kimi dövlət işində dayaz olduğundan belə etdi…

Prezident İlham Əliyevsə uzun illərin təcrübəsinə söykənən dövlət adamı kimi davrandı. Yüngülsaqqallıq eləmədi, Paşinyanın tində durub onu-bunu qızışdıran uşaq sayağı davranışına cavab belə vermədi. Məqamı gözlədi Prezident Əliyev. Və o məqam elə bir yerdə yetişdi ki, tək bir cümlə ilə Nikol Paşinyan da, ona rəğbətilə seçilən Azərbaycan radikalları da nokauta düşdü.

Prezident İlham Əliyev o çıxışı etməzdən öncə Rusiya Prezidentilə ayrıca görüş keçirmiş, bu görüşdən çox məmnun ayrılmışdı. Üstəlik, Prezident Vladimir Putin onu çox yüksək səviyyədə və səmimi qəbul etmişdi. Təbii ki, danışıqlar zamanı bir çox məsələlər, o cümlədən də Ermənistanın təcavüzünün aradan qaldırılması müzakirə edilmişdi.

Azərbaycan Prezidenti Ermənistanı və onun siyasi rəhbərliyini kədərləndirəcək bu görüşdən sonra Valday Klubunun toplantısında çıxış edərək “Qarabağ Azərbaycandır və nida işarəsi!” deməklə, əslində hər kəsə dövlətimizin bu məsələdəki qətiyyətli mövqeyini təkrar çatdırmış oldu. Rusiya Prezidenti də daxil olmaqla bir sıra dövlət rəhbərlərinin, fikir adamlarının önündə deyildi Prezident İlham Əliyevin sözü. Yəni o, Nikol Paşinyana lap elə Az.TV-də dərhal reaksiya verib təbliğat da qura bilərdi. Amma etmədi, məqamını və məkanını gözlədi. Rusiyanın bizim bölgəmizdə əsas söz sahibi olduğunu nəzərə alsaq bu sözün orda – V.Putinin hüzurunda deyilməsinin nə anlama gəldiyini dərk etmək çətin olmasın gərək…

Əli Kərimli bu incəlikləri anlamadı. Anlamaz da. Dedik axı, adamın dövlət və dövlətçilik anlayışı sıfırın altındadır. Əli Kərimli kimi anlamayanlardan biri də media hüququ üzrə ekspert Rəşid Hacılıdır. İddia edir ki, Prezident İlham Əliyevin məlum çıxışı “çoxlarında gülüş doğurub”. Açığı, gülüş üçün hansı səbəblərin olduğunu deməyib. Desə belə, bizim də ağlımız kəsir və orda gülüş üçün əsla səbəb görmürük. Əksinə, özəlliklə də Ermənistanı kədərləndirəcək ifadələrlə zəngindir Prezidentin çıxışı. İndi Qarabağ tarixi, Ermənistanın təcavüzü haqqında Azərbaycan Prezidentinin çıxışı Rəşid Hacılı kimi adamlarda gülüş doğurursa, bu, başqa məsələ. Anlaşılan, adamın ağlı başını tərk etmiş çoxdan…

Rəşid Hacılı bu çıxışa heyrət elədiyini deyir. Bizsə nə bu Rəşid Hacılıya, nə də Əli Kərimliyə, əslində, heyrət etmirik. Adamlar öz çirkin siyasi maraqları naminə şeytana belə sitayiş edirlər. Hətta o qədər aşağı eniblər ki, Ermənistan hakimiyyətinin təbliğat maşınında xırda bir vintcik olmağı qəbullanıblar…

Erməni təbliğat maşınına gəlincə. Bu ölkənin hakimiyyəti İlham Əliyevin nokautundan özünə gəlmək üçün yollar aramaqdaykən Əli Kərimli və Rəşid Hacılı onlara əl uzatdı. Bəli, məhz belə bir durumda. Çünki Nikol Paşinyan hökuməti Prezident İlham Əliyevə daha tutarlı bir cavab axtarmaq üçün baş sındırsa da bir şey tapa bilmir. Heç bu günə qədər də. Amma Əli Kərimli və Rəşid Hacılı tipində adamlar bu məsələdə də ermənidən çox ermənilik edirlər…

Yeri gəlmişkən, bugünlərdə Ermənistanda bu məsələylə bağlı Əli Kərimli və Rəşid Hacılını üzəcək bir olay da yaşandı. Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın bacısı Anjela Tovmasyanın başçılıq etdiyi saytda “Əliyevin Paşinyana gecikmiş, lakin güclü zərbəsi” başlığı altında yazı dərc edilib. Elə bu ad Paşinyanı özündən çıxarıb və onun tərəfdarları redaksiyaya hücum çəkiblər. Yəni Ermənistanın ən üstündəkilər belə İlham Əliyevin güclü gedişini etiraf edir, buna görə çılğına dönüblər. Di gəl ki, “bizimkilər” – Əli Kərimli və Rəşid Hacılı “əksini” düşünürlər…

Hə, bir də onu əlavə edək ki, redaksiyaya hücum edən ermənilər tələb edib ki, Ermənistan Konstitusiya Məhkəməsinin sədri və onun bacısı şələ-küləsini yığışdırıb Azərbaycana köçsünlər. Deyirəm, əgər sığınacaq istəsələr vermək olar. Buna qarşılıq olaraq, məncə, Əli Kərimli ilə Rəşid Hacılı da artıq Ermənistana köçüb orda rahat ömür sürə bilərlər. Zatən bunlar milli məsələlərimizdə erməniləri belə kölgədə qoyur. Niyə də qəlbən yaxın bildikləri bir ölkədə – bir toplumun içində daha “xoşbəxt” olmasınlar ki?..

Azər Həsrət