Piketə gələnlər təxribatla məşğul idilər - Niyaməddin Orduxanlı

8 Oktyabr 2019 23:29 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, bu gün ​Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası ətrafında piket keçirib. BŞİH ilə razılaşdırılmış piketin keçirildiyi ərazidə polis təhlükəsizlik tədbirləri görüb. Aksiyaların paytaxtın mərkəzi meydanlarında keçirilməsinə icazə verilməsi tələbi ilə keçirilən piketin sonunda qətnamə oxunub.

Mövzunu BAXCP sədrinin müavini, tanınmış politoloq Niyaməddin Orduxanlı ilə davam etdirdik.

O, AzNews.az-a açıqlamasında bildirdi ki, piketə gələnlər öncədən hazırlanmış təxribatla məşğul idilər:

"Onlar bilirdilər ki, qanunla 50 nəfərdən artıq şəxs piketdə iştirak edə bilməz, ancaq qəsdən bu saydan çox şəxsi Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına göndərmək, məqsədli şəkildə münaqişə yaratmaq niyyətini güdmüşdülər. Hətta bəzi hallarda 10 nəfərlik dəstələrə bölünərək onların təhlükəsizliyini qoruyan və ictimai asayişi təmin edən polislərə söz atır və qarşıdurmaya təhrik edirdilər".

Politoloq bütün baş verənləri canlı şəkildə sosial şəbəkədən izlədiyini vurğuladı:

"Piketə gələnlərin hamısı qabaqcadan öyrədilmiş şəxslər idilər və təlimat əsasında addım atırdılar".

Niyaməddin Orduxanlı qeyd etdi ki, AXCP-nin sədri Əli Kərimlinin özünün də piketə qatılmaması onu deməyə əsas verir ki, onun məqsədi dinc aksiya keçirmək yox, qarşıdurma görüntüsünü əldə etmək və BŞİH tərəfindən piketin keçirilməsinə razılıq verilməməsinə nail olmaq idi".

AzNews.az