Tiflisdə Azərbaycana qarşı təxribat ifşa olundu

9 Oktyabr 2019 14:36 (UTC+04:00)

ATƏT-in tribunasının Azərbaycan haqqında dezinformasiya yayılması məqsədilə istifadə edilməsi təəssüf doğurur.

Bu barədə Tiflisdə keçirilən “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda XVI Cənubi Qafqaz media konfransın panel sessiyasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov bildirib.

Toplantıda "Sərhədsiz reportyorlar" təşkilatının nümayəndəsi Yoxann Bir çıxış edərək hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimliyə təzyiq göstərildiyini deyib.

K.Həsənov səsləndirilən ittihamların əsassız olduğunu bildirib:

“Nemət Kərimliyə qarşı hər hansı bir təzyiqin edilməsi barədə yayılan məlumatlar həqiqətəuyğun deyil. Azərbaycanın Ədliyyə Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Siz həmin açıqlama ilə tanış ola bilərdiniz. Amma təəssüflər olsun ki, siz yoxlanılmamış məlumatlara istinad edərək emosional bəyanatlar verirsiniz. Həqiqəti üzə çıxarmaq məqsədinizdirsə, niyə yalnız bir tərəfə istinad edirsiniz və Ədliyyə Nazirliyinin açıqlamasını tam inkar edirsiniz?”.

Administrasiya rəsmisi paneldə çıxış edən Mehman Hüseynovun anasının vəfatında Azərbaycan hakimiyyətini günahlandırmasına da münasibət bildirib.

K.Həsənov Azərbaycan hakimiyyətinə qarşı bu cür mövzuda əsassız və təxribat xarakterli ittihamların səsləndirilməsinin çox təəssüf doğurduğunu qeyd edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva paneldə Azərbaycan hakimiyyətinin ünvanına səsləndirilən ittihamları əsassız adlandırıb. O, "Sərhədsiz reportyorlar" təşkilatının belə uydurma məlumatları haradan əldə etməsinin böyük maraq doğurduğunu vurğulayıb.

Qeyd edək ki, Tiflisdə keçirilən “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda XVI Cənubi Qafqaz media konfransı ATƏT-in Media Azadlığı Ofisi təşkil edib. (Report)