Bakıda özbək aliminin yubileyi və hazırladığı lüğətin təqdimatı keçirildi

9 Oktyabr 2019 15:53 (UTC+04:00)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti, Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan arasında ədəbi əlaqələrin dərinləşməsi, tərcüməçilik fəaliyyəti, türk dünyası ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsində xidmətlər göstərmiş Babaxan Şərifin 70 illik yubileyi və “Özbək-Azərbaycan” lüğətinin təqdimat mərasimi keçirilib.

Azadinform xəbər verir ki, tədbirdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, millət vəkilləri, media nümayəndələri və özbək qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev toplantının məqsəd və məramı barədə məlumat verib: “Bu gün iki gözəl səbəb üçün yığışmışıq. Həm Azərbaycanla Özbəkistan arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlər göstərmiş Babaxan müəllimin yubileyi münasibətilə, həm də “Özbək-Azərbaycan” lüğəti təqdim ediləcək”.

Sonra çıxış edən “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, digər kitab təqdimatlarından fərqli olaraq bu gün Özbəkistan-Azərbaycan əlaqələrini yaradan canlı bir kitab – Babaxan Şərifin doğum gününü qeyd edirik: “Babaxan müəllim filologiyanı bitirməsinə baxmayaraq ömrünü-gününü daha çox kitaba, yazıya bağlayıb. Çünki o, 1967-1972-ci illərdə universitetin filologiyasını bitirdikdən sonra fəaliyyətinə elə jurnalistikadan başlayıb. Ondan sonra 3 mətbəə rəhbəri kimi fəaliyyət göstərib. Artıq kitaba, sözə bağlılıq millətin mədəniyyəti, ədəbiyyatı və tarixi ilə bağlı kitabların nəşri onun canına-qanına hopmuş kimi bir taleyinə də çevrilib. Bu da hər adamın işi deyil ki, sözə könül verə və taleyini sözə bağlaya, millətini, xalqını da tanıtsın. 1993-cü ildə türk özbək türkcəsi 3 dəfə nəşr olunub. Türk xalqları arasında bu kitab ünsiyyət üçün mühüm rol oynayıb. Bu gün burada görkəmli alimimiz Ramiz Əskər və Babaxan müəllimin yaşında burada iştirak edənlər var. Demək, şəxsi dostluq əlaqələri yaranıbsa, yeni nəsil yaşıdınız arasında ünsiyyətdə körpü rolunu oynayırsınız. Özbəkistana bir qardaş evinə üz tutacağımız insan var. Sizin tərcümələriniz həm özbək, həm də Azərbaycan ədəbiyyatına xidmətinizdir. Sizin fəaliyyətiniz çox dəyərlidir. Siz müəyyən mükafatlar qazanıbsınız. Bunlar hər adama verilməz. Bu mükafatlar o şəxslərə verilir ki, onlar Türk dünyasında öz imzaları, gördükləri işlərlə tanınıblar. Onun fəaliyyəti özbək xalqını sevindirdiyi kimi bizi də sevindirir. Özbəkistandan burada təhsil alanlar var. Biz istəyirik ki, gələcəkdə də fəaliyyətinizi genişləndirəsiniz. Tələbə mübadilələri olmalıdır. Bizim Özbəkistana səfərimiz var. Bu dostluğun yaranmasında Samir bəyin də mühüm rolu var. O da burada iştirak edir. Sizə təşəkkür edirik. Bu lüğətin ərsəyə gəlməsində sizin də böyük rolunuz var. Babaxan bəy, sizə cansağlığı arzulayıram”.

Daha sonra Sona Vəliyeva “Kaspi” qəzeti tərəfindən hazırlanmış hədiyyəni Babaxan Şərifə təqdim edib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu qeyd edib ki, “Kaspi” qəzetinin bu tədbirin təşkil edilməsində, eləcə də, dostluq əlaqələrinin möhkəmlənməsində böyük rolu var: “Özbəkistanda artıq belə ədəbi tədbirlərin keçirilməsi üçün indi böyük meydan, imkanlar yaranıb. Bu imkanlardan istifadə edib, daha böyük işlər görməli, geniş tədbirlər təşkil etməliyik”.

U.Rəhimoğlu yubilyarı Mətbuat Şurasının İdarə Heyətinin Fəxri diplomu ilə mükafatlandırıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək yaxın günlərdə Özbəkistana olan səfərindən danışıb: “Mən Özbəkistanda səfərdə olarkən öz vətənimdən öz vətənimə gəldiyimi dedim. İndi də dəyərli ustad Babaxan müəllim, siz öz vətəninizdən öz vətəninizə gəlibsiniz. İki qardaş ölkənin şəxsiyyətlərindən birinin yubileyini burada qeyd etməkdən məmnunuq. Yadımdadır, Özbəkistana səfərimizdə onun evinə yığışmışıq. Orada bir söz dedi ki, özümünkü bura gəlib. Sizin yubileyinizi burada qeyd etməkdən qürur duyuruq. Babaxan müəllim iki ölkə arasındakı əlaqələrdə mühüm rol oynayan şəxsiyyətdir. İnşallah, sizin yubileyinizi ali baş komandanın rəhbərliyi ilə Qarabağda qeyd edərik. Xasiyyət Rüstəmin də dostluq əlaqələrinin möhkəmlənməsində böyük rolu var. Ona da təşəkkür edirik. Çox türk respublikasında olmuşuq. Türkiyədəki sevgini ən çox Özbəkistanda görmüşük. Daha çox çalışmalıyıq ki, gənc nəsillərimiz bir-birini tanısın. Buna çox böyük ehtiyac var. Çox insanlarımız xaricə gedir. İnanın ki, Özbəkistan daha çox görülməli olan ölkədir. Çox gözəldir. Samir bəy iki ölkə arasında çox böyük layihələr həyata keçirib. Biz bu layihələri genişləndirilməyik. Daha çox çalışmalıyıq. Buna böyük imkanlarımız var. İnanıram ki, Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra daha da inkişaf edəcək. Belə əlaqələrin qurulmasında sizin rolunuz danılmazdır. Bunun üçün sizə təşəkkür edirik”.

Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbas tədbirə görə “Kaspi” qəzetinə təşəkkür edib: “Bu çox böyük hadisədir. Babaxan Şərifin yubileyini qeyd edirik, özü də onun öz vətənində. O elə bir şəxsiyyətdir ki, saatlarla danışmaq olar. Bu kitab tarixdə ilk layihədir. Babaxan müəllim bu kitabın Özbəkistan tərəfdən təşkil edənlərdən biridir. Dostluq əlaqələrinə töhfə verən bütün təşkilatlara, insanlara təşəkkür edirəm. Özbəkistan bizə çox yaxın ölkədir. Bu ölkə ilə əlaqələrimiz inkişaf edir. Bu ölkə tarixə böyük şəxsiyyətlər bəxş edib. Əməkdaşlığımız daha da inkişaf etməlidir”.

S.Abbas Mərkəzin diplomunu Babaxan Şərifə təqdim edib.

Sonda çıxış edən yubilyar Babaxan Şərif tədbir iştirakçılarına təşəkkür edib: “Özbəkistan yeni mərhələdədir. Ölkə başçımız böyük işlər görür. Biz qardaşıq. Qardaşlar arasında dava çıxa bilər, amma sevgi daim qalır. Anamızın-atamızın bir olduğunu anlamamız lazımdır. Özbəkistan-Azərbaycan arasında heç zaman problem yaşanmayıb. Azərbaycana gələn qardaşlarımız burada ölkəmizə olan sevgini görür. Hər birinizə minnətdaram. Sizin sevginizdən sonra 70 deyil, 18 yaş oldum. Qəlbimdəki duyğularımı sözlə ifadə etmək çətindir. Azərbaycan, Özbəkistan, bütün türk dünyası var olsun. Sizinlə görüşməyi mənə nəsib etdiyi üçün Allahıma şükürlər olsun”.

Çıxışının sonunda Babaxan Şərif Umud Rəhimoğluna Özbəkistanın milli geyimini təqdim edib. (Azadinform)