Goranboyda “Ağ ölüm əsrin bəlasıdır!” mövzusunda tədbir keçirildi

9 Oktyabr 2019 17:39 (UTC+04:00)

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirir.

Belə tədbirlərdən biri Goranboy rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Borsunlu kənd orta məktəbində gerçəkləşib. “Ağ ölüm əsrin bəlasıdır!” mövzusunda keçirilən tədbirdə çıxış edən Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov şagirdlərin nəzərinə çatdırıb ki, narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. O qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs sonradan onun bəlasından qurtula bilmir, əksinə öz gələcəyini bilərək məhv edir. Narkotacirlər isə məhz, iradəsi zəif olan gənclər vasitəsi ilə öz şəbəkələrini genişləndirərək, xüsusən məktəbliləri bu işə cəlb etməyə, qazanc götürməyə çalışırlar.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyl göstərməsinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkil olunmasına diqqət yetirməli, uşaqların elmə, idmana və faydalı təlimlərə yönləndirməli, vətənpərvər ruhda böyümələri istiqamətində davamlı işlər aparmalıdırlar.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.