Kor mübarizə

10 Oktyabr 2019 08:40 (UTC+04:00)

Amma bəlkə də Əli Kərimliyə kor rəhbər demək doğru deyil. Onu korları uçuruma aparan, özü isə arxada gedən və gözləri normal görən başçı, boss adlandırmaq daha düzgün olardı. Əgər qabaqdakılar uçurumu adlayarsa, tirdən-zaddan atarlar mən də keçərəm, adlaya bilməzlərsə də, bir şey olmaz, geri qayıdıb təzə dəstə yığaram. Nə çox kor…

ABŞ-ın 26-cı prezidenti Teodor Ruszvelt deyib: “İnsanlar soruşur: Lider ilə boss arasındakı fərq nədir? Lider açıq fəaliyyət göstərir, boss isə gizli. Lider aparır, boss göndərir."

Bəli, “Milli Şuran”ın bu gün keçirdiyi piket Əli Kərimlinin öz tərəfdarlarını ora aparan lider yox, məhz göndərən boss olduğunu bir daha əyani şəkildə göstərdi. “Milli Şura”nın digər bossları – Gültəkin Hacıbəyli və Cəmil Həsənli də orada deyildilər. Təkcə Müsavat başqanlığına iddia edən “əzabkeş” Tofiq Yaqublu oradaydı və gələcəkdə bosslar cərgəsinə keçə bilsə, yəqin ki, o da getməyəcək. Amma inanmıram. Getməyəcəyinə yox, bosslar cərgəsinə keçəcəyinə…

Piketdən fraqmentləri İnternetdən izlədim və bir daha əmin oldum ki, ora gələn insanların əksəriyyətinin etiraz aksiyaları haqqında elementar təsəvvürü belə yoxdur. Hərə öz dərdini götürüb gəlib ürəyini boşaltmağa. Biri deyir, hökümət Qarabağı niyə almır, o biri deyir niyə pensiya azdır, üçüncüsü deyir, neftin pulundan mənə də versinlər, dördüncüsü deyir işim yoxdur, beşincisi ağlayır ki, oğlumu öldürüblər, altıncısı uşaqpulu istəyir və s.

Amma piketin mövzusu, tələbi nəydi? Etiraz aksiyalarına, daha doğrusu “Milli Şura”nın mitinqlərinə şəhərin mərkəzində yer ayrılması. Mən orada bu tələbi əks etdirən bir normal, anlamlı, kreativ, yaddaqalan şüar eşitmədim, bir zövqlə hazırlanmış, cəlbedici plakat görmədim. Otuz illik mitinq, küçə yürüşü, piket təcrübəsi olan insanlar, siyasi təşkilatlar bütün sahələrdə olduğu kimi, kütləvi aksiya məsələsində də otuz millimetr qabağa gedə bilməyiblər.

Bir qrup adam yenə məsuliyyətsizcəsinə və mexaniki olaraq "istefa" qışqırırdı. Bunlara bir deyən yoxdur ki, kim istefa versin, niyə versin? Elə 50-60 adamın kimdənsə xoşu gəlmir deyə, o istefa verməlidir? Bir də ki, lap tutaq ki, verdi istefa. Məgər sizin o istefasını tələb etdiyiniz adamı, höküməti əvəz etməyə başınız, ağlınız, biliyiniz, təcrübəniz, səriştəniz var? Siz bir piketi düz-əməlli keçirə bilmirsiniz, dövləti necə idarə edəcək, problemləri necə yoluna qoyacaqsınız. Sizin piketə çıxmağa qorxan liderləriniz ortaya bircə dəfə inandırıcı bir proqram, platforma qoyubmu? Ancaq onu bilirlər ki, hakimiyyət belə elədi, elə elədi. Götürək elə Qarabağ problemini. Axı siz Qarabağı, itirilmiş torpaqları azad etmək üçün bu hökümətin etmədiyi nəyi edəcəksiniz? Bu haqda ağlabatan bir fikriniz varmı? Varsa, onu söyləyin. Amma yoxdur, ola da bilməz. Əgər bu hakimiyyət bu qədər səylərə, aparılan diplomatik danışıqlara, ordu quruculuğuna, hərbi sənayemizi gücləndirməsinə rəğmən, hələlik əhəmiyyətli irəliləyişə nail ola bilmirsə, siz ümumiyyətlə heç nə edə bilməzsiniz. Əksinə, öz ağılsız ritorikanız, bayağı bəyanatlarınızla əldə olunmuş müəyyən diplomatik uğurları da zay edərsiniz. Necə ki, sizə oxşayanın biri erməniləri bütün dünyada rüsvay edir hazırda.

Bir qrup da həmişəki kimi şüursuzcasına "azadlıq" qışqırırdı. Ay qardaşlar, ay bacılar, siz axı hansı azadlıqdan danışırsınız? Nədən azad olmaq istəyirsiniz? Əgər öz komplekslərinizdən, məhdud baxışlarınızdan, dar düşüncələrinizdən azad olmaq istəyirsinizsə, qışqırmaqla, haray-həşir salmaqla olmayacaq. Bir az intellektual qida qəbul edin, bəlkə xeyri oldu. Azadlıq insanın daxilindədir, əgər daxilən azadsansa, heç kəs onu sənin əlindən ala bilməz, yox azad deyilsənsə, heç kəs onu sənə verə də bilməz. Əgər azadlığı özbaşınalıqla qarışdırırsınızsa, ciddi şəkildə yanılırsınız. Azadlıq insanın özünü cəmiyyətin, dövlətin qaydalarını və qanunlarını pozmadan, başqalarının haqqına girmədən, ətrafdakıları narahat etmədən ifadə etməkdir. Çünki başqalarının azadlığına mane olsan, təcavüz etsən, özün də bunlara məruz qalarsan.

Bu adamlara, məncə, kütləvi aksiyaların təşkili, maraqlı, effektli olması, konkret hədəflərə hesablanması, aksiya keçirmək mədəniyyəti haqda seminarlar, treninqlər keçilməlidir. Çünki nəyi harada və necə səsləndirmək lazım olduğunu bilmir, aksiyalarını maraqlı tamaşaya və şouya çevirməyi bacarmırlar.

Bunlara izah etmək lazımdır ki, əgər problem kütləvi ictimai xarakterdə deyilsə, onunla bağlı kütləvi aksiya keçirməyə, şüar səsləndirməyə ehtiyac yoxdur. Müvafiq orqanlara, məhkəməyə, vəzifəli şəxslərə şikayət etmək, mediada işıqlandırmaq olar. Kiməsə qarşı haqsızlıq edilibsə və həmin adam savadsızlığı və avamlığı ucbatından ədaləti bərpa edə bilmirsə, onu mitinqə yönləndirmək yox, ona düzgün yol göstərmək, kömək etmək lazımdır. Problemlərin qanuni həllinə nail olmaq üçün müxalifət partiyalarına yox, dövlət orqanlarına, hüquq-müdafiə qurumlarına üz tutmaq, problem ətrafında təşkilatlanmaq lazımdır. Bir şeyi anlamaq gərəkdir ki, radikal müxalifətin sizin problemlərinizi həll etmək kimi bir məqsədi yoxdur, onlar ancaq sizdən istifadə edərək, öz problemlərini həll etmək haqda düşünürlər.

Bu insanlar bilməlidir ki, bütün problemlər siyasi deyil və siyasi hakimiyyətdən qaynaqlanmır. Hər hansı haqsızlıqla üzləşən kimi, buna dərhal siyası məna vermək, dərhal höküməti, hətta dövlətin başçısını suçlamaq son dərəcə yanlış bir yanaşmadır. Biz ən sonda edəcəyimiz şeyi, ən başda etməməliyik.

Yenə şəxsi təcrübəmdən deyə bilərəm ki, dəfələrlə müxtəlif məsələlər – su, işıq, qaz, yol polisi, notarius, təhsil və s. sahələrlə bağlı problemlərim olub və qətiyyən siyasiləşdirmədən, müvafiq orqanlara müraciətlər, şikayətlər edərək həll etmişəm. Doğrudur, asan və hamar olmayıb, amma bu dünyada asan nə var ki. Ən asanı elə meydana çıxıb ucuz şüarlar bağırmaqdır, amma unutmayaq ki, ucuz ətin şorbası olmaz. Asan yolla rifah, yaxşı yaşayış, haqq-hüquq əldə etmək mümkün deyil. Çalışmaq, zəhmət çəkmək lazımdır. Təkcə mitinq-piketlə işlər yoluna düşməz. Arada onlar da lazımdır, amma təbii ki, qayda-qanun çərçivəsində, az öncə qeyd etdiyim kimi, ağıllı, anlamlı, maraqlı formada.

Nadir Qocabəyli