Tramp daha bir naziri işdən qovdu

12 Oktyabr 2019 13:53 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri Kevin Makalinanın istefa verdiyini bəyan edib.

O, yeni nazirin adını gələcək həftə açıqlayacağını söyləyib.

“Indi Kevin hökumətdə uzun illər işlədikdən sonra daha çox ailəsi ilə vaxt keçirməyi arzulayır və karyerasını özəl sektorda davam etdirəcək. Mən gələcək həftə yeni daxili təhlükəsizlik nazirinin adını sizə deyəcəm. Bir çox əla namizədimiz var”,-deyə prezident ənənəvi olaraq özünün tvitter səhifəsində yazıb.

Agentliyin qeyd etdiyi kimi, K.Makalinan Tramp dövründə bəhs olunan quruma rəhbərlik etdiyi vaxt işdən çıxarılan 4-cü nazirdir. Ondan öncə, Kirsten Nilsen də “öz xahişi ilə” tutduğu postu tərk etmişdi.

K.Makalinan Donald Trampın zamanında ən çox tənqid olunan məmurlardan sayılıb. Mətbuat onu Meksika ilə sərhəddə qeyri-leqal miqrantlarla mübarizə çərçivəsində 2800 azyaşlı uşağın valideynlərindən zorla ayrılaraq başqa məkanlarda tutulması tədbirlərinə görə qınayırdı.

Kevin Makalinan daxili təhlükəsizliyə rəhbərik etməzdən qabaq ABŞ-ın Sərhəd-poçt xidmətinin komissarı vəzifəsini tutub. (Report)