Əziz dostlar, nəhayət, bu günün şair qonağı Xasiyyət xanımdır. Mənə deyirlər ki, o, özbəkdən çox, azərbaycanlıya oxşayır. Deyirəm, bu yalnız onun zahiri oxşarlığı deyil, qəlb yaxınlığı, könül doğmalığıdır. Onun ürəyində Azərbaycan varsa, Azərbaycanın ağrısı-acısı, uğuru varsa, demək, bizimdir. Xasiyyət xanım Azərbaycandan ədəbiyyat adına göndərilən bütün layiqli mətnlərə “Kitab dünyası”nda ürəklə yer ayırır.
Xasiyyət xanım bizim üçün şair kimi də, redaktor kimi də, tərcüməçi kimi də çox dəyərlidir. Silsilə tədbirlərin finalının onunla bağlı olması, bu tədbirdə Qarabağ ünvanlı klipin təqdimatı çox məntiqlidir. Çünki Xasiyyət xanım özünü həm də Qarabağlı sayır.”
Xanım Paşayeva çıxışının sonunda silsilə tədbirlərdə əməyi keçən Arzu Bağırova, Əkbər Qoşalı və İntiqam Yaşara, tədbirlərə operativ media dəstəyi verən “Yeni Müsavat” Media qrupunun rəhbəri, Əməkdar journalist Rauf Arifoğluna təşəkkür etdi. - “Qardaşlıq əlaqələri üçün kim nə iş görübsə, hamısına görə minnətdarıq.
Hər kəsə səslənirəm ki, mütləq imkan tapın Özbəkistana gedin. Görüncə bu qardaş ölkəyə daha dərindən vurulacaq və əbədi sevəcəksiniz.
Əminəm ki, münasıbətlərimiz uğurla davam edəcək. Tanrı birliyimizi qorusun, türk dünyasının birliyi güclü olsun!”
Tədbirdə çıxış edən Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı vurğulayıb ki, “yaddaqalan günlər yaşayırıq – ən yeni dönəm qardaşlıq tarixini həm yaradırıq, həm də yazırıq. Məsələn, bayaqki klipə baxanda bəlli oldu ki, özbək sənətçiləri bizim qəlbimizdəki kədəri və gələcəyə sarsılmaz inamımızı görə və bunu sənət dili ilə verə biliblər. Biz Qarabağa mütləq qayıdacağıq və o gün özbəklərin də, bütün türk dünyasının da bayramı olacaq!”
Ə.Qoşalı onu da deyib ki, “Babaxan müəllim Pedoqoji Universitetində çox böyük addım atdı. Ustadımız, salondakı gənclərin hər birini bağrına basıb, öpmək istədiyini, lakin bunun mümkün olmadığı üçün hamının əvəzində bayrağımızı öpdü. Bəli, iki min kilometr uzaqlardan gəlmiş bir böyük elm, ədəbiyyat xadimi bizim bayrağımızı öpdü və mən də, səhnəyə çıxıb onun əlini öpdüm!”
Sonra Xasiyyət Rüstəmin yaradıcılıq məziyyətlərindən söz açan Ə.Qoşalı deyib:
“Xasiyət xanım türk dünyasında tanınan bir imzadır. Onunla 10 il öncə İstanbulda, hava limanında qarşılaşmış, tanış olmuşuq. Böyük insan axınının içində, sanki illərin tanışı, doğması kimi, qeyri-ixtiyari bir-birimizə doğru addımladığımızı xatırlayıram. Mən onun yaradıcılığı ilə tanış olduqca gördüm ki, bu doğmalıq onun ruhundan gəlir – insana, sənətə və necə deyərlər, doğmalığın özünə doğmalıqdır bu…
Bu doğmalığı biz Xasiyyət xanımın baş redaktor olduğu qəzetdə Azərbaycan ədəbiyyatına ayrılan genişürəkli yerdə görürük. Çox şadam ki, Azərbaycanda da özbək ədəbiyyatı yaxından öyrənilir, sevilir. Bu öyrənilmə həm xəlqi, həm də akademik səviyyədədir.
Xasiyət xanım və onun baş redaktoru olduğu qəzet çağdaş özbək ədəbiyyatında önəmli hadisədir.
Xasiyət Rüstəmin şeirlərini oxuyanlar ilk baxışda sanki pessimist olduğunu düşünə bilər – baxırsan tənhalıqdan, ayrılıqdan, kədərdən, qaranlıqdan, qorxudan yazır… Əslində isə o, qaranlıqda işıq görən insandır; daha dəqiqi qaranlığın olmadığını, işıq düşməyən yerlərin mövcudluğunu bilən şairdir. Xasiyət Rüstəm rəhmətlik Vaqif Səmədoğlu kimi “Millət, dövlət zirvəsindən insan enmək vaxtıdır” deyə düşünən şairdir. O, yalnızlıqda da, toplum içində də, insanın özünü, insanca yaşantıları təcalla etdirməyə çalışan xanıməfəndidir.”
Sonra söz səbəbkarıa verilib. Xasiyyət Rüstəm öz yaradıcılıq kredosundan, qəlbindəki və qəzetindəki Azərbaycandan danışdı, “Qəzetimizin hər səhifəsində Azərbaycana yer ayırmaq borcumuzdur. Azərbaycan ürəyimizdir!” dedi, şeirlərini oxuyub.
Aradşırmaçı-yazar Şöhrət Barlas şairin həyəcanlı çıxışına işarə edərək, “Özbək dediyiniz Xasiyət Rüstəmdir. O, kövrək, gözəl, istedadlı bir şairdir” deyib.
Sonra gənc qiraətçilər Ülkər Piri və Anar Adil Xasiyyət Rüstəmin şeirlərini səsləndirib.
Ədəbiyyatşünas alim Məti Osmanoğlu da söz alaraq, özbək xalqına, özbək ədəbiyyatına məhəbbətini ifadə edib, 90-cı illərə dair, təsirli Özbəkistan xatirələrini bölüşüb.
AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, Xasiyyət Rüstəmin yaradıcılıq məziyyətləri barədə bir neçə məqalə yazmış prof.dr. Almaz Ülvi, Xasiyyət Rüstəmin şeirlər kitabını Azərbaycancaya uyğunlaşdırmış şair dos.dr.Rəsmiyyə Sabir və b. öz ürək sözlərini bölüşüb, gənc aşıq Cavanşir Ənvəroğlu isə öz ifası ilə gecəyə başqa bir rəng qatıb...
Tədbirin sonunda Samir Abbasov Xasiyyət Rüstəmə və üç gün ərzində keçirilən silsilə tədbirlərdə xüsusi əməyi olan millət vəkili Qənirə Paşayevaya Azərbaycanın Özbəkistandakı səfirliyinin və rəhbəri olduğu Mədəniyyət Mərkəzinin “Fəxri diplom”unu təqdim edib.
Tədbir Azərbaycan-Özbəkistan əlaqələrində rolu olan ziyalılara özəl hədiyyələr təqdim olunması ilə başa çatıb.
AzNews.az