II Yelizaveta Boris Consonu dəstəklədi – “Brexit”in vaxtı açıqlandı

14 Oktyabr 2019 16:51 (UTC+04:00)

Böyük Britaniyanın kraliçası II Yelizaveta ölkə hökumətinin krallığın Avropa İttifaqının (Aİ) tərkibindən çıxmağını (“Brexit) oktyabrın 31-də təşkil edəcəyini, eləcə də Aİ ilə əməkdaşlığın yeni sxemini seçəcəyini bildirib.

Bu barədə AzNews.az RİA “Novosti”yə istinadən xəbər verir.

Monarxın sözlərinə görə, yeni sazişin əsasında azad ticarət və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri olacaq.

“Mənim nazirlərim Aİ-dən çıxdıqdan sonra bizim üçün açılan bütün imkanlardan istifadə edərək, balıqçılıq sənayesi, kənd təsərrüfatı və ticarət üçün yeni rejimlər (tənzimləmələr) təqdim edəcəklər”, - deyə II Yelizaveta bildirib.

Kraliça həmçinin Britaniya hökumətinin elm sahələrinin inkişafına dəstək verəcəyini, kosmosun mənimsənilməsində iştirak edəcəyini, həmçinin ölkənin ordusunun döyüş qabiliyyətini dəstəkləyəcəyini bildirib.

Xatırladaq ki, krallığın Baş naziri Boris Conson bir müddət öncə bildirmişdi ki, oktyabrın 19-dək “Brexit”lə bağlı Avropa İttifaqı (Aİ) ilə razılığa gəlinmədiyi təqdirdə, Böyük Britaniya oktyabrın 31-dək təşkilatdan ayrılacaq.

AzNews.az