Biz onu bir an belə unutmadıq - Nüsrət Kəsəmənlinin oğlu

15 Oktyabr 2019 11:14 (UTC+04:00)

Bu gün mərhum şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nüsrət Kəsəmənlinin anım günüdür. O, 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat edib.

Şairin oğlu Rəşad Kəsəmənli AzNews.az-a açıqlamasında bu illər ərzində hər gün ata nəvazişinə, ata qayğısına ehtiyac duyduğunu deyib:

“Biz onu bir an belə unutmadıq, hər gün onu axtarırıq. Bu gün onun anım günüdür. Onun haqqında yeni film çəkilib. Həmin film İctimai TV-də nümayiş olunacaq. Atam sağ olsaydı, indi mən layiq olduğum yerdə idim, çünki ədalət haqqımı daha düzgün, rahat tələb edə bilərdim. İndi layiq olduğum yerdə deyiləm. Onun köməyi məni layiq olmadığım yerə qalxmaq üçün deyil, layiq olduğum yeri mənə vermələri üçün kömək ola bilərdi. İndi insanın köməyi, dəstəyi olmasa, layiq olduğu yerdə olmur. Çünki mənim atamın istedadı, bacarığı olmayan adama yardım etməsi mümkin deyildi”.

Xatırladaq ki, Nüsrət Kəsəmənli 29 dekabr 1945-cı ildə Ağstafa rayonunda anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilib. Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olub.

1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb. 150-dək şerinə musiqi bəstələnib. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI, VII Ümumittifaq müşavirələrində iştirak edib.

Fəal ictimaiyyətçi olub: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilib. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləyib. "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub.

Bahar RÜSTƏMLİ

AzNews.az