"Kaspi.az": Əli Kərimlinin Müsavatı ələ keçirmək planı iflasa uğradı

15 Oktyabr 2019 14:32 (UTC+04:00)
Özlərini "demokrat” adlandıranlar zaman-zaman yol verdikləri hərəkətlərlə əsl mahiyyətlərini, demokratiyadan çox uzaq olduqlarını dəfələrlə ortaya qoyublar. İndiyə qədər ölkədə keçirilən bütün seçkiləri biabırçılıqla uduzan radikal müxalifət özündə dəyişiklik etmək əvəzinə məğlubiyyətin səbəbini yenə də iqtidarın üzərinə atıb. İddia ediblər ki, guya hakimiyyət ədalətli seçki keçirsəydi mütləq müxalifət qalib gələcəkdi. Bax, belə yerdə deyiblər ki, utanmasan oynamağa nə var ki? Çünki, istər AXCP, istərsə də Müsavat Partiyası indiyə qədər partiya daxilində normal seçki keçirməyiblər. Radikal liderlərin seçki şousu daim qalmaqal, narazılıq, ədalətsizlik, saxtakarlıq şəraitində baş tutub. Bunu, biz deyil, qurultay adlandırdıqları o seçki şoularında namizəd olanlar özləri etiraf ediblər. Əslində onların hansısa etiraflarına da ehtiyac yoxdur. Görünən kəndə bələdçi lazım deyil el məsəlində olduğu kimi. 26 ildən çoxdur partiyanın sədarət kürsüsünü zəbt edən Əli Kərimlidən hansı demokratik seçki gözləmək olar? Və ya dünənə kimi Müsavat başqanı olan, 2014-cü ildən etibarən isə öz yerinə oturtduğu Arif Hacılı vasitəsilə partiya sədrliyini monopoliyada saxlayan İsa Qənbərdən hansı demokratiya nümunəsi gözləyəsən?

Beləliklə, xalqın etimad və etibarını itirən, yalnız gündəmdə qalmaq üçün çırpınan radikal liderlər ara-sıra düzənlədikləri şoular vasitəsilə guya "demokrat”lıqlarını gözə soxmağa çalışırlar. Siyasi hakimiyyətə gəlmək ümidlərini çoxdan itirən bu "liderlər” hazırda ana-ata müxalifət olmaq, bir-birinin siyasi təşkilatını ələ keçirmək üçün planlar qurur, bununla başlarını qatırlar. Müsavatın oktyabrın 13-də keçirilən qurultay adlı növbəti şousunda da bu mənzərəni açıq-aydın sezmək hiss olunurdu. Oxucularımıza xatırladaq ki, radikal cameədə, o cümlədən Müsavat Partiyası daxilində ciddi fikir ayrılığı, parçalanma hökm sürməkdədir. Xüsusən də Tofiq Yaqublu amili başqan Arif Hacılı üçün sözün əsl mənasında baş ağrısına çevrilib. 2013-cü ilin prezident seçkilərindən sonra Müsavat Partiyası Milli Şuranı tərk etsə də T.Yaqublu bu qurumla əlaqələrini kəsməyib. Sonradan AXCP sədri Əli Kərimlinin inhisarına keçən Milli Şura bir neçə dəfə mitinq təyin etsə də Müsavat Partiyası və funksionerlər bu aksiyalarda iştirak etməyib, Ə.Kərimliyə dəstək verməyib. Lakin T.Yaqublu Milli Şuranın demək olar ki, bütün aksiyalarında AXCP sədri Ə.Kərimli ilə yanaşı dayanıb, çıxış edib. T.Yaqublunun AXCP ilə münasibətləri o qədər isti olub ki, qızını da Ə.Kərimlinin müavininə ərə verib.

Oktyabrın 13-də keçirilən qurultayda T.Yaqublunun başqanlığa namizəd olmasında belə, bu isti əlaqələrin rolu var idi. Ə.Kərimlinin başlıca niyyəti T.Yaqublunun Müsavat başqanı olmasına dəstək verməklə gələcəkdə bu siyasi təşkilata tam nəzarət etmək idi. Təbii ki, əgər qurultayda səsvermə, təbliğat-təşviqat, rəqabətlilik tam şəffaf şəkildə, bərabərhüquqlu vəziyyətdə keçsəydi, bəlkə də AXCP sədri bu istəyinə nail ola bilərdi. Lakin Müsavatın sabiq başqanı İsa Qənbərin qurultay öncəsi tərəf tutması, açıq şəkildə növbəti dəfə A.Hacılıya dəstək nümayiş etdirməsi, üstəlik qurultay üzvlərinə edilən basqılar nəticəni dəyişib. Bu dəfə də başqan A.Hacılı "seçilib”. Bu seçki şousundan dərhal sonra başqanlığa digər namizəd, cəmi 20 səs "toplaya bilən” Yadigar Sadıqlı bəyan edib ki, seçki çox ədalətsiz olub. Y.Sadıqlı gördüyü mənzərədən o qədər hiddətlənib ki, A.Hacılını təbrik də etməyib, qurultayın keçirildiyi məkanı acıqla tərk edib. Qurultay üzvlərindən 51 nəfərinin "səsini toplayan” T.Yaqublu isə A.Hacılını yenidən başqan "seçilməsi” münasibətilə təbrik edərək, ictimaiyyətə guya məğlubiyyəti qəbul etdiyini çatdırıb.

Ancaq qurultaydan sonra sosial şəbəkədə yazılan statuslar, aparılan müzakirələr tamam başqa mənzərə ortaya qoyub. AXCP sədri Ə.Kərimlinin Müsavatı ələ keçirmək planı iflasa uğradığı üçün cəbhəçilərdən ibarət söyüş ordusu A.Hacılının yenidən başqan seçilməsini lağlağı predmetinə çeviriblər. Ə.Kərimlinin dəstəkçiləri, hətta xaricə sığınaraq Azərbaycan əleyhinə qaralama kampaniyası aparanlar da A.Hacılını hədəfə alıblar. Sabiq diplomat, antimilli mövqe tutaraq Avropaya sığınan, Ə.Kərimlini özünün lideri elan edən Arif Məmmədov müsavatçı T.Yaqublunun fotosunu "Facebook” profilində paylaşaraq, qurultayın nəticəsinin nə olmasına baxmayaraq, yalnız onu başqan gözündə gördüyünü nümayiş etdirib. AXCP sədrinin mətbuat katibi funksiyasını yerinə yetirən, Amerikada yaşayan Sevinc Osmanqızı "Müsavat da belə getdi. İsa Qənbər, demək olar, sıçrayış etdi” – yazaraq, qurultayın nəticəsinə ironik yanaşma ortaya qoyub. Antimilli "MeydanTv”nin rəhbəri Həbib Müntəzir də "Müsavatın yeni başqanı 78 faiz səslə İsArif bəy oldu. Təbrik edirəm!” yazmaqla, qurultayda saxtakarlığa yol verildiyini diqqətə çatdırıb.

Bütün bu sadalananlar bir daha göstərib ki, öz partiyalarında normal qurultay, seçki keçirməyi bacarmayan, qaraguruhçuluğu həyat tərzi seçən, iqtidarın yürütdüyü siyasətə qarşı çıxan "radikalların” səsləndirdiyi ən müxtəlif fikirlər boğazdan yuxarı söylənən söz yığınıdır. Kiçik bir təşkilatda demokratlıq nümayiş etdirə bilməyənlərin hakimiyyəti antidemokratiyada ittiham etməsi sadəcə gülüş doğurur, "liderlərin” əsl mahiyyətini ortaya qoyur.

Alpər TURAN

Kaspi.az