70-dən çox ölkənin xüsusi xidmət orqanlarının rəsmiləri Soçidə görüşəcək

16 Oktyabr 2019 06:13 (UTC+04:00)

Oktyabrın 16-17-də Soçidə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) tərəfdaşı olan xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəhbərlərinin XVIII iclası keçiriləcək.

“TASS” xəbər verir ki, bu FTX-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu il FTX direktoru Aleksandr Bortnikovun sədrliyi ilə keçiriləcək iclasda dünyanın 70-dən çox ölkəsindən nümayəndə heyətlərinin, həmçinin beş beynəlxalq təşkilatın - BMT, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), MDB, Avropa Birliyi və Aralıq Dənizi Parlament Assambleyasının nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Tədbir iştirakçıları ən aktual antiterror məsələlərini - beynəlxalq terror təşkilatlarının və xarici terrorçuların fəaliyyətinə qarşı mübarizə məsələlərini müzakirə edəcəklər.

Bundan əlavə, forumda beynəlxalq informasiya təhlükəsizliyi və milli kiberməkanın qorunmasına qarşılıqlı etimadın artırılması məsələlərinə xüsusi diqqət yetiriləcək.

Gündəliyə terrorizmə qarşı mübarizənin təşkilinə sistemli yanaşma məsələsi də daxildir. (report)