- Təbii ki, vardı… Türkiyənin Suriya ilə 900 kilometrlik sərhədi var. Oradan tez-tez hücumlar olurdu. 40 ildir ki, PKK ilə savaşırıq. Bütün Avropa dövlətləri və Amerika PKK-nı terrorist elan ediblər. Bu gün ordumuz Suriyaya daxil olur və orada Abdulla Öcalanın şəkillərini görür. Bu, nə deməkdir? Demək bu, bu, PKK-nın uzantısıdır. 7-8 ildir ki, 3 milyon yarım suriyalı Türkiyədə yaşayır. Bu, bir ölkə üçün 40-50 milyard dollar xərcdir. Biz istərdik ki, bu insanlar öz torpaqlarına qayıtsınlar, təhlükəsizlikləri qorunsun, rahat yaşasınlar. Avropa «insanlar gəlir» - deyə onlara qapılarını bağlayarkən biz qapılarımızı açdıq. Buna görə Avropa bizi qınayır. Bu baxımdan «Sülh bulağı» əməliyyatı lazımlıdır. Gördüyünüz kimi, buna görə böyük dövlətlər – Rusiya da, Amerika da Türkiyəni qınamadılar. Bizə görə həyata keçirilənlər doğru əməliyyatlardır. Biz barış deyirik. Atatürk ilk dəfə "Yurdda sülh, cahanda sülh” deyib. Həmçinin Atatürk «Məcburiyyət olmayınca savaşmaq cinayətdir» söyləyib. Ancaq bu, təəssüf ki, məcburiyyətdir. Biz orada barış quracağıq. Türkiyənin sərhədlərində terrorçu yetişdirməsinə icazə verməz. Türk xalqının nə qədər fədakar olduğunu bilirik.
- Yeri gəlmişkən, siz də «Qarabağ uğrunda canımı verərəm» demisiniz.
- Bunu həmişə söyləmişəm, hər zaman da söyləyirəm. Yəni dava başlarsa, bu gün gedərəm. Gərəkirsə heç nəyə baxmadan ölərəm.
- Türkiyədə başlayan əməliyyatlar gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin haqq-ədalətlə Azərbaycanın xeyrinə həll olunmasına vəsilə ola bilərmi?
- Azərbaycanın savaşaraq öz torpaqlarını geri almaq gücü, əlində silahı olan güclü ordusu var. Aprel savaşı bunu göstərdi. Ancaq prezident İlham Əliyevin arzusu bu münaqişəni diplomatik yolla, sülh yolu ilə həll etməkdir. Bu münaqişənin sülh yolu ilə həll olunması daha yaxşıdır. Bizim heç kimlə düşmənliyimiz yoxdur, barış içində yaşamaq istəyirik. Azərbaycan torpaqlarının geri qaytarılması ilə bağlı BMT-nin 4 qətnaməsi var. Bir milyondan çox insanın torpaqlarına qayıtması lazımdır.
«Böyüyürük, genişlənirik»
- Türk dünyasının birliyindən danışırıq. Ayrı-ayrı ölkələrdə türk diasporlarının fəaliyyətini necə qiymətləndirirsiniz? Ümumtürk diasporunu qurmaq nə dərəcədə mümkündür?
- 2007-ci ilin martında Bakıda dünya azərbaycanlılarının qurultayı keçirildi. Qurultaya dünyanın müxtəlif ölkələrindən 1500 nəfər qatılmışdı. O zaman mən baş nazirin protokol müdiri idim. «Böyüyürük, genişlənirik» - deyə çox təsirlənmişdim. Cənab prezidentin «Bir millətin iki diasporu ola bilməz» sözü mənim üçün bir şüardır. Ona görə də biz gücümüzü birləşdirməliyik. Azərbaycan diasporu ilə türk diasporu artıq birlikdə işləyir. Düzdür, işlər hələ istədiyimiz səviyyədə deyil, amma olacaq. Ona görə prezidentin fikirləri istiqamətində hərəkət etməliyik. Təbii ki, digər respublikalar - Özbəkistan, Qırğızıstan, Qazaxıstan diasporları Azərbaycan diasporu kimi deyil. Azərbaycan illərdən bəri savaşın içindədir. Bu savaşa baxmayaraq, bölgənin parlayan ulduzuna çevrilib. Müstəqilliyin 22-ci illiyində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Bu, böyük uğurdur. Sovetlər Birliyindən müstəqilliyini qazanan ölkələr içərisində Azərbaycan buna nail olan ilk ölkədir. Burada davamlı beynəlxalq tədbirlər keçirilir. Dolayısı ilə artıq Azərbaycanın bir diasporu formalaşıb. Türkiyədə yaşayan çox sayda azərbaycanlılar, o cümlədən Avropada, Amerikada yaşayan azərbaycanlılardan ibarət diaspor fəaliyyətdədir.
- 70 illik Sovet dövründə Orta Asiyadakı türkdilli ölkələrlə dil baxımından bir baryer yaranıb. Ortaq türk dilinin yaranması istiqamətində maneələri aşmaq mümkün olacaqmı?
- Ankarada TÜRKSOY adlı bir qurumumuz var. Bu təşkilatın da fəaliyyətimizin içərisində olması lazımdır. Türkiyənin 80 milyondan çox əhalisi var. Zatən Azərbaycanla Türkiyə arasında dil baxımından problem yoxdur. Türkmənistanla Qazaxıstanda nisbətən dil fərqi var. Nəhayət, gec də olsa Qazaxıstanda da qərar verib Latın əlifbasına keçir. Bu, çox önəmlidir. TÜRKSOY-un bu istiqamətində fəaliyyətinin gücləndirməsi lazımdır. Ancaq mən inanıram ki, gələcək nəsillər türkcə danışacaqlar. 20 il sonra tam fərqli bir dünya olacaq.
- Ölkələrimizin daha da çox yaxınlaşmasına ehtiyac var deyirik. Bu münasibətlərdə təhsilin rolu nə qədərdir?
- Təhsil çox önəmlidir. İndiyədək 120 min nəfər azərbaycanlı Türkiyədə təhsil alıb. Eyni zamanda, Türkiyədən gəlib Azərbaycanda təhsil alan çox saylı türkiyəli var. Digər respublikalar da eyni şəkildə… Təhsil alanların münasibətlərin sıxlaşmasında rolu böyükdür. Bu, bizi daha da gücləndirəcək və bir-birimizi daha yaxşı başa düşəcəyik.
Həyatımı çalışaraq qazandım
- Müsahibələrinizin birində demisiniz ki, diplomat olaraq təqaüdə çıxdıqdan sonra ömrünüzü türk dünyasına həsr edəcəksiniz. Bu müddət ərzində hansı işləri görmüsünüz?
- Türk dünyası ilə bağlı sürəkli çalışırıq. Ankarada türk səfirləri ilə, millət vəkilləri ilə tez-tez görüşürük. Mən Türk Dünyası Parlamentarilər Birliyinin xarici əlaqələr üzrə baş koordinatoruyam. Yaxınlarda bir tədbir keçirəcəyik. Gələn il tədbirlərdən birini Azərbaycan diplomatiyasının 100 illiyi münasibəti ilə Bakıda keçirməyi düşünürük. Bu, qeyri-hökumət təşkilatıdır. Bir dam altında birləşsək dövlət işlərimizə kömək edərik. Bu işləri qurmaq üçün çox çalışırıq. Ancaq işlər yavaş gedir. Mən həyatımda heç vaxt ümidsiz olmuram. Bir işi öhdəmə götürürəmsə, onu həyata keçirməyə çalışıram. İnşallah bunu da bacararıq.
- Bu yaxınlarda Bakıda türkdilli dövlətlərin 4-cü Sənədli Film Festivalı keçirildi. Bu festival 4 ildir ki, keçirilsə də kifayət qədər tanınmayıb.
- 4 il çox uzun müddət deyil. Bu işi tədricən irəli aparmaq lazımdır. Bu gün olmaya bilər, amma sabah daha gözəl olacaq. Yenə mən ümidsiz deyiləm. Ümumiyyətlə, həmişə pozitiv düşünürəm. Bu, məni rahatlaşdırır.
- Deyirlər ki, pozitivlik insanın sağlamlığına da xeyirdir...
- Sağlamlığın dərmanı sevgidir. Sevirsinizsə, insanlara kömək edirsinizsə, bu, sizi hər zaman rahatlaşdırır. Ancaq içinizdə, beyninizdə problem və ya fitnə-fəsad olarsa bu zaman demək bitmişsiniz. Yaş başqa, yaşlanmaq başqadır. Yəni elə insanlar var ki, 25-30 yaşındadır, ancaq artıq bitmişlər. "İşləyən dəmir parlayar”, deyə məşhur bir söz var. Yəni işləyəcəksiniz, oturmayacaqsınız. Məsələn, mənə zaman çatmır.
- Bayaq "işlərə zamanım çatmır” dediniz. Buna rəğmən hər bir insanın öz həyatı var. Zaman tapınca kinoya, teatra, konsertə, səyahətə gedirsinizmi?
- Hamısını edirəm… Mən çalışaraq da dincələ bilirəm. Bu da ayrı bir şeydir. Həyatımı çalışaraq qazandım. Yəni kənddən çıxdım, Türkiyədə universitet bitirdim, Fransada siyasi bilgilər təhsili aldım. Sonra diplomatiya sahəsinə keçdim. Oxuyuram, səyahət edirəm, insanları tanıyıram, futbol seyrçisiyəm.
- Oğlunuz Dubayda baş konsuldur. Bir ata kimi ona hansı məsləhətlər verirsiniz?
- Deyirəm ki, insanları sevsin, onlara hörmət eləsin, içəriyə daxil olanda hamını salamlasın, "necəsən” desin. Ən gözəl yatırım insanlarla əlaqələrdir. Vəzifə bitər, bu keyfiyyətlər bitməz. Mən hər dəfə söyləyirəm, yenə də deyirəm: gördüyüm işləri beynimlə həyata keçirirəm, amma dostlarımı ürəyimlə sevirəm. Bu iş bitər, amma ürək davam edər. Belə bir məşhur söz var: "Ən uca məqam könül məqamıdır”. Mənim Azərbaycandakı vəzifəm bitdi, ancaq yenə bura gəlirəm. Hər gəlişimdə görüşdüyüm çox sayda insanlar var. Onlar da bilirlər ki, mən bir azərbaycanlıyam və bundan qürur hissi duyuram.