Azərbaycanda orta aylıq əmək haqqı 590 manata çatıb

16 Oktyabr 2019 13:43 (UTC+04:00)

Bu il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 1 611,1 min nəfər olub.

Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir ki, bunlardan 899 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 712,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,4%-i təhsil, 18,0%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 12,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2019-cu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9% artaraq 589,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub. (report)

AzNews.az