Oğlu fəraridir, amma xalqı meydanlara çağırıb Qarabağ tələb edir…

20 Oktyabr 2019 01:12 (UTC+04:00)

Gün bitdi və biz də Əli Kərimlinin mitinq avantürasına bir az soyuq başla, xeyli informasiyanı gözdən keçirdikdən sonra qiymət verə bilərik. Dərhal geniş təhlil etmək istəsəydik subyektivlik daha çox olar, biz də oxucularımıza emosional, lakin yanlış bilgi vermiş olardıq.

Nəyi müşahidə etdik və etməyə davam edirik?

Birincisi və ən önəmlisi odur ki, Bakı Şəhər İcra Hakimiyyəti Əli Kərimliyə mitinq üçün yer təklif etsə də o, buna məhəl qoymadı, əksinə, qanunları kobud və nümayişkaranə şəkildə pozaraq metronun mühafizə zonasında mitinq keçirməyə cəhd göstərdi. Halbuki bu zonada istənilən halda hər hansı kütləvi aksiya keçirmək qanunla yasaqdır və bunu hər kəsin bilməsi lazımdır.

Mitinq cəhdində bulunanların sayı çox olmasa da onlar şəhərin mərkəzini bəlli bir müddətə iflic edib insanların və nəqliyyatın hərəkətini əngəlləmiş oldular ki, belə hal əsla yolverilən kimi qəbul edilə bilməz.

Sosial media üzərindən məhz mitinq tərəfdarlarının təqdim etdiyi görüntülərə əsaslanaraq əminliklə demək olar ki, aksiyaya gələnlərin bir çoxu dinc görünsə də açıq-aydın təxribatçılıq edənlər də az deyildi. Onlar özəlliklə də polislərə qarşı gərəksiz aqressiya nümayiş etdirməklə fiziki güc tətbiqinə nail olmaq istəyirdilər. Lakin polislər yetərincə təmkinli və peşəkar davranırdılar.

Aksiyaya gələnlərin bəzilərinin saxlanılması epizodlarına da baxdıq. Döymə və şiddət elementləri yox idi. Sadəcə güc tətbiq edərək tutuqlamalar vardı ki, bu da tam olaraq qanun və normalar çərçivəsində idi.

Bir epizodda onu da müşahidə etdik ki, nəqliyyatın hərəkətinin məhz bu adamların üzündən iflic edilməsinə avtomobil sahibləri uzun-uzadı siqnal verməklə etiraz edirdilər. Demək ki, mitinqə cəhd edənlər buna səbəb olmaqda haqlı deyillər.

Və Əli Kərimlinin saxlanılması. Əslində, o adam aksiyaya qədər saxlanılmalıydı. Çünki açıq şəkildə avantürist çıxışlar edib insanları qanunsuz aksiyaya dəvət etmişdi. Özü də bunu Azərbaycandan kənarda olan, şübhəli mərkəzlərə xidmət edən xarici media vasitəsilə etmişdi. Bir ölkənin müxalifət lideri öz ölkəsində aksiyaların anonsunu xarici mediadan verməməlidir. Üstəlik, adam açıq-açığına vətəndaş itaətsizliyinə çağırış edirdi, ona görə də barəsində önləyici tədbir görülməliydi. Amma gec də olsa bu yanlış düzəldildi və Əli Kərimli aksiya cəhdi zamanı saxlanıldı.

Polislə bağlı qeydimizə təkrar qayıdıb ayrıca vurğulamaq istərdik ki, onlar peşəkarcasına və təmkinlə davrandılar. Ən azından icazəsiz etiraz aksiyalarında uzun illər iştirak etmiş təcrübəli birisi kimi bunu vurğulamağı özümə borc bilirəm. Zaman vardı Azərbaycan polisi doğrudan da ən adi təxribatın qarşısında təmkinini itirirdi və bu da ölkəmiz adına ayıb olacaq görüntülərə səbəb olurdu. Bu dəfə elə olmadı.

Lakin polisin bu təmkinli davranışı da narazıların bəhanələrinin qarşısını ala bilmir. Onlar iddia edir ki, Azərbaycan polisi hədsiz şiddət göstərib. Harda, necə? Sosial mediada belə iddia ilə çıxış edənlərdən mənə konkret görüntülər göndərmələrini xahiş etmişəm. Bu yazı yazılan ana qədər o görüntülər gəlməyib. Yalnız polislərin ayrı-ayrı şəxsləri saxlaması səhnələri var ki, orda da döyülmə, şiddət yoxdur. Sadəcə yol verilə biləcək həddə güc tətbiqi var. Bu da qanun çərçivəsindədir.

Özəlliklə vurğulamaq istərdik ki, meydanın boş olduğunu görən təşkilatçılar 28 May metrosunun qarşısında 10 minlərlə insanın toplaşdığı görüntüsünü yaratmaq üçün yeni texnologiyanın gücündən istifadə etməkdən də qalmadılar. Onlar fotoşopla saxta görüntü yayaraq vətəndaşları həvəsləndirməyə çalışdılar. Lakin bir anın içində bu cəhdləri iflas etdi.

Sayla bağlı məsələyə də münasibət bildirmək olar. Lakin bunu əminliklə deməyə çətinlik çəkirik. Yalnız Bakı polisinin rəsmi rəqəmlərini qeyd edə bilərik. Məlumat verilir ki, ümumilikdə 220 nəfər aksiyaya qatılıb, onlardan da 60 nəfəri saxlanılıb.

Və ən maraqlısı da odur ki, aksiyaya qatılanların bəziləri nə istədiklərini düzgün ifadə etməkdə çətinlik çəkib, çıxış yolu kimi “Qarabağa azadlıq” və “İstefa” şüarları səsləndiriblər. Onların yanında olsaydıq sadəcə xahiş edərdik ki, fərari oğlunu əsgərlikdən yayındıran Əli Kərimlinin avantürasına uyub şəhərdə sabitliyi pozmaqla Qarabağı necə azad etməyin mümkünlüyünü də bizə izah etsinlər.

Bütün bunlar bir yana, xaricdə oturub hamını meydanlara çağıranlar da diqqətimizdən yayınmadı. Bu adamlar sadəcə çağırış etmirdilər. Onlar hamını “kişi” olmağa səsləyirdilər. Üstəlik də xalqı aşağılayırdılar ki, “niyə meydana çıxrmırsınız?” Əslində, xalqın niyə bu avantüraya uymadığını yaxşı bilirlər. Lakin onlara verilən tapşırığı yerinə yetirmək üçün özlərinə əl qatmışdılar.

Bir də nifrət çağırışları diqqətimizi çəkdi. Hədələr də baş alıb gedirdi. Öz vəzifə borcunu yerinə yetirməkdə olan polislərdən tutmuş bizim kimi sosial mediada rəyini yazan insanlara qədər hər kəsə nifrət qusurdu bu ünsürlər. Özü də daha çox xaricdə oturanlar, yaxud da saxta profil arxasında gizlənənlər. Düzdür, aralarında gerçək profili olanlar da vardı. Onlarla fikirlərimiz çəp gəlsə də etik hədləri aşmadan mübahisə edə bilirdik. Bu durumsa saxta adlar altında olanları qane etmir, ortalığı qızışdırmaq üçün cəhdlər edirdilər.

Ümumilikdə belə qənaətə gəlirik ki, Əli Kərimlinin mitinq avantürası bir daha göstərdi ki, bu adam və arxasındakı qüvvələrin əsas məqsədi dinc aksiya keçirib gerçək tərəfdar sayını göstərmək deyil. Bunların əsas məqsədi dövlətin başını qatmaq, uzun illərdir davam edən sabitliyi pozmaq, xalqın diqqətini əsas məsələlərdən yayındırmaqdır. Əlbəttə, onların əsas məsələlərilə bizim əsas məsələlərimiz fərqlidir, bunu da bilirik. Biz hər zamankı kimi Azərbaycanın beynəlxalq platformalarda mövqelərinin güclənməsi və Ermənistanın küncə sıxışdırılması üçün çalışırıq. Bunun üçün də ölkə içində sabitliyin dayanıqlı olması əsas şərtdir. İnsanları qanunsuz aksiyaya sürükləyən Əli Kərimli kimilərininsə əsas dərdi bizim başımızı başqa işlərlə qatmaqdır. Lakin yenə də unudurlar ki, Azərbaycan xalqı onlara bu dəfə də şans verməyəcək.

Azər HƏSRƏT