"Axar.az": Paşinyanın Putinə verdiyi “Qarabağ” kitabında nələr yazılıb?

21 Oktyabr 2019 12:39 (UTC+04:00)

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin Aşqabadda keçirilən son toplantısında Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə “Qarabağda sülh” kitabını verməklə Ermənistanın rusiyalı diplomat Vladimir Kazimirovun timsalında Rusiyanın təklif etdiyi planın tərəfdarı olduğunu demək istəyib.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində qeyd edilib. Analizdə Paşinyanın Putinə kitab hədiyyə etməsinin əsas səbəbləri açıqlanıb:

“MDB-yə üzv ölkələrin liderlərinin Aşqabadda keçirilən son toplantısında Paşinyan koridorda Putinə yaxınlaşaraq, “Qarabağda sülh” kitabını təqdim etdi. Həmin kitabı rusiyalı diplomat Vladimir Kazimirov yazıb. Kazimirov 1992-1996-cı illərdə Rusiyanın ATƏT-in Minsk Qrupundakı həmsədri olub. Azərbaycan o illərdə Kazimirovun fəaliyyətindən narazı idi. Çünki Kazimirov faktiki ermən separatçılarının mövqeyini müdafiə edrdi.

Birincisi, Paşinyan kitabı Putinə verəkən ətrafında jurnalistlərinə olmasına çalışırdı. Paşinyan bununla Putinə demək istəyirdi ki, o, rusiyalı diplomatın kitabındakı tezislərlə razıdır.

İkincisi, aydındır ki, Paşinyan həmin kitabı tam oxuyub və orada göstərilən tezislərin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tətbiqini mümkün sayır”.

Təhlildə Kazimirovun müəllifi olduğu kitabın məzmunu ilə bağlı da məlumat verilib:

“Vladimir Kazimirov hesab edir ki, Azərbaycanın BMT-nin 4 qətnaməsinə istinad etməsi doğru deyil. Çünki həmin qətnamələr Azərbaycan ordusunun məğlubiyyəti fonunda qəbul edilib. Yəni Kazimirov demək istəyir ki, Azərbaycan işğalın nəticələrini qəbul etməlidir.

İkincisi, Vladimir Kazimirov ilk baxışdan münaqişənin “mərhələli həlli”nin əleyhinə deyil. Ancaq Kazimirov Dağlıq Qarabağda yaşayan ermənilərin referendum keçirməsi haqqının olduğunu və bunun sazişdə əks olunmasını vacib sayır. Kazimirov yalnız bu şərtlər daxilində Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının mümkünlüyünü yazır. Maraqlıdır ki, Kazimirov referendumun nəticəsini də özü üçün müəyyənləşdirib. O, kitabında yazır ki, Dağlıq Qarabağın erməni əhalisi rəsmi Bakının vəd etdiyi geniş muxtariyyətə razılaşmayacaq, söhbət yalnız “müstəqillikdən” gedə bilər. Kazimirov Azərbaycanın problemi güc yolu ilə həlli istəyini tənqid edir”.

Mərkəzin təhlilində rusiyalı diplomatın kitabındakı fikirlərin erməni seprataçılarının mövqeyinə uyğun olduğu bildirilib:

“Göründüyü kimi, pensiyada olan Vladimir Kazimirovun kitabında yazdığı fikirlər erməni separatçılarının və Ermənistan hakimiyyətinin xeyrinədir. Buna görə Paşinyan bu kitabı Putinə təqdim edib. Paşinyan bununla həm də onu demək istəyib ki, Ermənistan Rusiyanın “Kazimirovun timsalında təklif etdiyi plan”ın tərəfdarıdır”. (Axar.az)

AzNews.az