Belə təbliğat şəbəkəniz varsa və ya "Dinc mübarizə" adı ilə fürsət arayışı

21 Oktyabr 2019 13:28 (UTC+04:00)

AXCP sədri Əli Kərimlinin, özünü Milli Şura adlandıran qurumun çağırışı ilə paytaxtın "28 may" metrostansiyası səmtində icazə verilməmiş mitinqə cəhd göstərildi.

Bəli, rəsmi qurumlar dəvət edib, xəbərdarlıq etmişdi, olacaqlara görə məsuliyyəti xatırlatmışdı, amma mitinq çağıranlar bunları bilə-bilə yenə cəhddə bulundular;

Bəli, mitinqin keçirilməsi üçün yer ayrılmışdı (mitinqdən öncə piketə də icazə verilmişdi) və təşkilatçılar səlahiyyətli qurumların mövqeyini bilirdi, ancaq, necə deyərlər, veclərinə almadılar və özlərinin elan etdikləri yerdə mitinq keçirməyə cəhd edib, qarşıdurma yaratdılar...

Radikallar illər öncə narıncı köynək geyər, narıncı qalstuk taxardı - çün bəzi yaxın-uzaq ölkələrdə siyasət müstəvisi narıncı boyanmışdı, o üzdən havaya girmişdilər. Sonra yenə yaxın-uzaq öl-kələrdə müəyyən siyasi təbəddülatlar yaşandı, siyasi mübarizə müstəvisində bəzi yeni şəkil-lənmələr oldu, onları Azərbaycan siyasətinə daşımaq istədilər, alınmadı, indi də, deyəsən, "Na-valni metdou" kimi alqıladıqları bir yöntəmə baş vurmaq istərlər, öz ağıllarınca. "Metod", "üsul" qurtarmaz ki, sanki balalaya-balalaya gedir, bu tərəfdən də AXCP sədrinin siyasi ehtirası, intriqa azarı, gərginlik yaratmaq ilhamı tükənmək bilmir sanki.

Ən acınacaqlısı, Qarabağ kimi ümumxalq, dövlət maraqlarında, ölkəmizin qırmızı çizgisində 1 saylı yer tutan tarixi vəzifəyə münasibət baxımından da, sanki "bunlar Qarabağı öz siyasi mü-barizələrinə alətmi sanır?!" dedirdəcək qədər bir durumdadırlar. Daha dəqiqini deyək: Qa¬rabağla bağlı, şəxsən Ali Baş Komandanın, dövlətimizin, ordumuzun, əsgərimizin əzmi, iradəsi aydın ola-ola, sən dur de ki, iqtidar Qarabağı düşünmür və s... - Əstafürullah! - Əslində, bu, o deməkdir ki, "biz öz siyasi-ideoloji imkanlarımızla, siyasi keçmişimizlə, gələcəyə baxışımızla, sosial bazamızla bir şey edə bilmirik, ona görə də, Qarabağ mövzusunun ətəklərindən tutub iməkləyə-iməkləyə ayağa durmalıyıq". Və ən başlıcası, az ya çox tərəfdarın, özəlliklə xaricdə havadarın, sözünü eşidənin, deyənin varsa, ən azı, ən azı o imkanları Qarabağ adına dərd-sərimizi dünyaya du-yurmağa niyə sərf etmirsən bəs? Niyə axı, niyə? - Sizə Qarabağı qaytarmağımız, Qarabağa qayıt¬mağımızmı lazımdır, yoxsa, duyğu sümürgəsi yapmaqmı?

Guya bilmirdizmi, yaşanan gərginlikdən ölkəmizə qarşı istifadə edənlər olacaq? Sosial şəbəkəyə daraşmış tərbiyədən kəmlər söyüşün birini bir qəpikdən də uzuca endirim edib, fürsətkarlar ölkəmiz əleyhində ağızlarını köpükləndirməyə başlayıb... Olmazmı, ölkəmizə qarşı marıqda du-ranların əlinə bəhanə verməkdənsə, əlində olan imkanı bəhanələrin sıfırlanması üçün dövriyyəyə daxil edəsən. Sizlər necə vətənpərvərsiz?

İndi nooldu, nə qazandız? Şəhərin mərkəzində hərəkəti müəyyən vaxta iflic edib, beyni qan cavanları polislə qarşıdurmaya təhrik edib nəyə nail olduz?

Guya bilmirdiz ki, sosial bazanız neçə nəfərlə sınırlanır? Guya bilmirdizmi zatən qələbəlik bir yerdə, yeni qələbəlik yaratmaq siyasi ehtirası ilə təntənə mümkün olmur..?

Əlbəttə, hər nə qədər peşəkar davranış olsa da, qaça-qov ortamı yaratdınızsa, kiminsə burnu qanaya, kiminsə köynəyi cırıla, kiminsə ayağı əzilə və s. ola bilər; hərçənd biz qətiyyətlə belə şeyləri arzu etmədik, etmirik, etməyəcəyik də; lakin sizin "dinc mübarizə", "dinc mübarizə" adı ilə fürsət arayışınızı kim görmür sanırsız? Çox təəsüflər ki, mitinq üçün ayrılmış yerlə razılaşmamanız, höcətiniz paytaxta lazımsız gərginlik yaşatdı, keçici də olsa, saxlanılanlar oldu və s. Axı nə qədər, xalqın iradəsindən, millətin adından danışacaqsız? Siz necə müxalifətsiz?

Adam, nə havaya girmisiz, nə aldanış içindəsiz, sizə noolub? - Bir özünüzə gəlin, siyasi nəfsinizə "tət!" deyin. İndi parlament seçkisidimi, prezident seçkisidimi? Ən yaxın seçki bələdiyyə seç-kisidir, o da dekabrda olacaq, buyurun namizdələrinizi verin, müvafiq qaydada seçin, seçilin. Heç bələdiyyə seçkisi üzrə də təbliğat mərhələsi başlamayıb hələ.

O zaman özünüzü gah həmkarlar təşkilatının, gah "DOST" Mərkəzinin yerinə qoymaqdansa, konsepsiya hazırlayın, proqram tərtib edin, normal siyasi mübarizə aparın. İnan mənə, tərəfdar toplamaq ehtirasınız da məhz o zaman (Anadolular demiş) yankı bular...

Baxın də, qərar sizindir; yalnız onu deyim ki, qərar yalnız beş hərfin müəyyən ardıcıllıqla yazılması, dil vərdişi səsləndirimə deyil, konkret tərifi olan bir yarğıdır, necə deyərlər, həyat fəlsəfəsinin möhkəm bir duracağıdır. - Kitablarda yazılır ki, "Qərar - alternativlərdən ən yax¬şısının seçilməsidir", "Qərar- sonuca bağlanması gərəkli olan bir problem üzrə düşünülərək, müzakirə edilərək verilən dəqiq, son yarğıdır". - Yaxşı, siz hansı alternativləri götür-qoy etdiz, kimlərlə birgə qərar aldız, kimlərlə müzakirə etdiz də, "28 may" səmtinə mitinq qərarı verdiz? - Xəyali modelləşdirmə də apardız, "fotoşop" üsuli ilə Cəfər Cabarlı heykəli ətrafını doldurduz, özünüz də, deyəsən "28 Mall" balkonundan xalqa müraciət edəsi olduz, eləmi...

Nə üçün, bəylər, nə üçün? Bu Vətənə, bu xalqa hər şeyin ən yaxşısını yaraşdırmağa öyrədin özünüzü, gec olmadan. Bəlkə də sizlərçün çox gecdir, nə bilim..?

Əkbər QOŞALI