Aşqabadda Paşinyan çox pis atmosferdə İlham Əliyev ilə söhbət etməyə məcbur oldu

21 Oktyabr 2019 15:22 (UTC+04:00)

Dağlıq Qarabağın daxilində vəziyyət gərginləşir.

Dağlıq Qarabağı və Dağlıq Qarabağdakı proseslərlə Ermənistanın özündəki proseslərin spesifikliyini bilənlər razılaşırlar ki, Dağlıq Qarabağdakı vəziyyət artıq nəzarətdən çıxır və vəziyyətin nəzarətdən çıxması Ermənistan dövlətçiliyinin taleyində ən həlledici amil rolunu oynaya bilər. SSRİ dağılan ərəfələrdə Ermənistan ermənilərinin irəli sürdüyü əsas şüar “İvan çamadanını götür, get evinə”, indi isə hal-hazırda eyni yanaşma Dağlıq Qarabağ klanına şamil edilir. Səbəbsiz də deyil. Çünki erməni xalqı istədiyinə nail ola bilmədi. Çox böyük ümidlər yaradıldı. Həqiqətən dünya erməniliyinin çox böyük də potensialı var idi. Məhz Qarabağ məsələsinə görə Ermənistanın və dünya erməniliyinin potensialı hal-hazırda minimaldır. Əgər Fransa prezidenti Jak Şirakı Ermənistana səfərə gətirən A.Çuruk kimi milliyyətcə erməni şirkət rəhbəri var idisə, ABŞ da E.Cerecyan prezident müşaviri, milliyyətcə erməni 5-6 konqresmen, senator və qubernator idisə, indi belə ermənilər yoxdur.

“Avrora” mükafatının təsisçici, “Troyka-dialoq”un rəhbəri R.Vardanyanın atdığı addımları göstərirdi ki, dünya erməniliyinin 88-ci ildə olan gücünə yaxınlaşmaq Ermənistanın baş bilənləri üçün əl çatmazdır. Belə vəziyyətdə Ermənistanın rəhbərliyi N.Paşinyandır. Paşinyanın bütün atdığı addımlar qeyri-dəqiqdir və heç bir konseptual məzmuna malik deyil. Amma bu o demək deyil ki, N.Paşinyan dünya erməniliyinin qarşısında duran problemi bilmir. N.Paşinyan çox gözəl bilir ki, dünya erməniliyini iflasa uğradan Dağlıq Qarabağ məsələsidir. Ona görə N.Paşinyanın Dağlıq Qarabağ məsələsinə yanaşması ikilidir, hələ də başa düşmək olmur ki, o, Dağlıq Qarabağ məsələsini doğrudan da həll etmək istəyir, yoxsa Dağlıq Qarabağ klanının maraqları çərçivəsində bu tənzimlənməni yubatmaq istəyir.

Zaman isə Ermənistanın rəhbərliyini sıxır, bəzi məsələlərdə konkretliklər üzə çıxır. Bunlardan biri qondarma qurumun de-fakto rəhbəri B.Saakyanı Yerevanda qəbul edərkən N.Paşinyanın ona xitabən marzpet və ya qubernator deməsidir. Yəni Dağlıq Qarabağ Ermənistanın bir tərkib hissəsi, quberniyasıdır və B.Saakyanı N.Paşinyan qubernator və yaxud marzpet vəzifəsində saxlayacaq. Beləliklə, N.Paşinyan özünün Dağlıq Qarabağdakı seçkilərə hazırlıq kampaniyasını şübhə altına alır. Masis Mailyan hal-hazırda ciddi surətdə seçkilərə hazırlaşır. Həm də Dağlıq Qarabağ əgər Ermənistanın tərkib hissəsidirsə o zaman N.Paşinyanın Azərbaycan Respublikasının Prezidenti ilə və yaxud ATƏT-in Minsk Qrupu ilə danışıqlar aparmasına da ehtiyac qalmır. Eyni zamanda o da mümkündür ki, N.Paşinyanın B.Saakyana marzpet və yaxud qubernator deməsi də Paşinyanın B.Saakyanı aldatması və yaxud dilə tutması anlamında başa düşülə bilər. Çünki N.Paşinyan B.Saakyanı Dağlıq Qarabağla əlaqəli ən azı 3 görüşdən sonra qəbul etdi. Aşqabadda Paşinyan çox pis atmosferdə Azərbaycan Respublikasının Prezidenti ilə söhbət etməyə məcbur oldu. ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüş, eləcə də Gürcüstanın Baş naziri Q.Qaxariyanın Yerevanda olarkən Dağlıq Qarabağ məsələsini qabartmasını, RF prezidenti V.Putinin N.Paşinyanla ayaqüstü görüşünü də bura əlavə edə bilərik. N.Paşinyan V.Putinə Dağlıq Qarabağ mövzusunu sırımaq istədi. Hər halda RF prezidenti V.Putinin verdiyi reaksiya Paşinyanı qane edici olsaydı, dərhal bunu mətbuata çıxarardı. Belə olan halda N.Paşinyan nəyə getdiyini bilsə də sonda da nə cür hərəkət edəcəyi ona bəlli deyil. Çünki Dağlıq Qarabağ münaqişəsinin ətrafında baş verən digər proseslərdə onun tutduğu mövqe kifayət qədər ciddi səhvdir. Əgər o, bu gün 5 il bundan qabağa hərbi büdcəni artırmağı planlaşdırırsa və bunun əvəzində Ermənistanda vacibi iqtisadi layihələrə pul tapılmırsa, bu Paşinyanın konseptual düşüncəyə malik olmadığının ən yaxşı göstəricilərindən biridir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq